Tanınmış jurnalist Tofiq
Rüstəmovun xatirəsi doğma yurdu Qubada
anılmışdır
Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Rüstəmovun 75 illiyi münasibətilə mərhumun xatirəsini anma mərasimi keçirilmişdir.
Tədbirdə Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimləri, yerli icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə görkəmli jurnalistin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzmüşlər.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov tədbiri açaraq T.Rüstəmovun həyat və fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 1936-cı ildə Quba şəhərində anadan olmuş T.Rüstəmov 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, iki il "Uçitelskaya qazeta"nın respublikamızda xüsusi müxbiri işləmişdir.
Bundan sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, redaktor, böyük redaktor, şərhçi, baş redaktor müavini, informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifələrində çalışan T.Rüstəmov səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür. Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olmuşdur. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Dövlət Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1990-1995-ci illərdə isə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifələrində işləmişdir.
Bildirilmişdir ki, T.Rüstəmov milli jurnalistikamızda yeri və mövqeyi olan peşəkarlardan idi. O, eyni zamanda, mətbuat tariximizin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik biliyə malik tərcüməçi, televiziya və radio jurnalistikası sahəsində əvəzsiz mütəxəssis, həmçinin tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor kimi tanınmışdır.
T.Rüstəmov haqqında fikirlərini iştirakçılarla paylaşan MŞ-nin sədri Əflatun Amaşov, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə, BDU-nun jurnalistika fakültəsinin professoru, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli və digərləri istedadlı qələm sahibinin 75 illik yubileyinin doğma yurdu Qubada qeyd edilməsinin böyük alimin, gözəl müəllimin ruhuna ehtiram nümunəsi olduğunu bildirmişlər. İştirakçılar T.Rüstəmovla bağlı xatirələrini bölüşmüş, müdrikliyi, tələbələrinə doğma münasibəti ilə xatırlanan T.Rüstəmovun milli jurnalistikamızın inkişafındakı rolundan danışmışlar.
Sonda T.Rüstəmovun oğlu Abas Rüstəmov çıxış edərək mərasim iştirakçılarına, qonaqlara ailələri adından minnətdarlığını bildirmişdir.
Azərbaycan.- 2011.-11 may.- S. 10.