Naxçıvanda kardioloji konfrans keçirilib
Naxçıvan Dövlət
Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci ildönümünə həsr olunmuş
"Ürək-damar xəstəliklərinin müalicəsinin
bugünü və gələcəyi" mövzusunda
elmi-praktiki konfrans keçirildi.
Naxçıvan MR Səhiyyə
Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Sosial
İnkişaf İdarəsi və Azərbaycan Kardiovaskulyar Cərrahlar
Assosiasiyasının təşkilatçılığı
ilə gerçəkləşdirilən konfransa
Naxçıvanın kardioloqları və digər həkimləri,
universitetin tibb fakültəsinin müəllim və tələbələri
qatılmışdı. Əvvəlcə dahi öndərin
Naxçıvan şəhərindəki abidəsi ziyarət
edildi, ümummilli liderin xatirəsi ehtiramla yad olundu. Konfrans Azərbaycanın
dövlət himninin səsləndirilməsi ilə öz
işinə başladı.
Universitetin rektoru akademik
İsa Həbibbəyli, Naxçıvan MR səhiyyə naziri
Niyazi Novruzov, Mərkəzi Neftçilər Xəstəxanasının
Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri,
Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri,
tibb elmləri namizədi Rəşad Mahmudov, ARDNŞ-in Sosial
İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi
tibb elmləri namizədi Fuad Əlizadə ümummilli liderin
Azərbaycanda səhiyyənin inkişafında, yüksək
ixtisaslı tibb kadrlarının hazırlanmasında misilsiz
xidmətlərindən, bu sahədə əldə olunan
mühüm nailiyyətlərdən danışdılar.
Qeyd olundu ki, muxtar respublikada
səhiyyənin, eləcə də kardiologiyanın
inkişafında böyük uğurlar əldə
edilmişdir. Mərkəzi Neftçilər Xəstəxanasının
kardiocərrahiyyə briqadası 2007-ci ildən bugünə
kimi 4 il ərzində Naxçıvanda 500-dən çox xəstə
üzərində angeoqrafiya, angeoplastika, eləcə də
200-ə qədər insan üzərində cərrahiyə əməliyyatları
həyata keçiriblər. MNX ÜDXM-in rəhbəri,
tanınmış kardiocərrah Rəşad Mahmudov, həmin
mərkəzin Ürək-damar cərrahiyyəsi bölməsinin
müdiri tibb elmləri namizədi Seymur Musayev, G.Abdullayev
adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun aspirantı
Vüsal Məmmədov, Naxçıvan Müalicə
Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi
şöbəsinin müdiri İntiqam Fətullayev müxtəlif
mövzularda məruzələrlə çıxış
etdilər. Məruzələrdə ürəyin işemik xəstəliyinin
cərrahi yolla müalicəsi, uğurlu cərrahiyyə əməliyyatları,
anadangəlmə ürək qüsurları, ürək-damar
xəstəliklərinin düzgün diaqnozu, profilaktikası,
muxtar respublikada 4 il ərzində kardiocərrahiyyənin
inkişafı kimi məsələlərə toxunuldu, slayd və
videogörüntülər nümayiş etdirildi.
Müzakirələrdən sonra NDU-nun rektoru akademik İsa Həbibbəyli tədbirə yekun vuraraq konfransın əhəmiyyətini, bu sahənin gələcək inkişafında böyük rol oynayacağını vurğuladı, birgə əməkdaşlığın gələcək perspektivlərindən bəhs etdi. Sonda konfrans iştirakçılarına sertifaktlar təqdim olundu.
Qeyd edək
ki, Heydər Əliyev Fondunun təşəbbüsü,
ARDNŞ-in dəstəyi ilə Mərkəzi Neftçilər
Xəstəxanasının Ürək və Damar Xəstəlikləri
Mərkəzinin 35 nəfərlik heyətdən ibarət
yüksək ixtisaslı kardiocərrahiyyə briqadası
ümummilli liderin anadan olmasının 88-ci ildönümü
münasibətilə may ayının 3-dən başlayaraq
Naxçıvanda növbəti humanitar aksiya keçiriblər.
Mərkəzin rəhbəri Rəşad Mahmudovun
başçılığı ilə 8 gün ərzində
Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 20
xəstə üzərində açıq ürək əməliyyatı
aparılması nəzərdə tutulub. Universitetin tibb
fakültəsinin tələbələri, internatura keçən
gənc həkimlər anadangəlmə ürək qüsuru
olan körpə uşaqlar, o cümlədən 1-2
yaşlı körpələr üzərində aparılan
açıq ürək əməliyyatlarında iştirak
edib, kardiocərrahiyyənin son yenilikləri ilə praktiki
tanış olmaq fürsəti qazanıblar.
Mehriban SULTAN
Azərbaycan.- 2011.-11 may.- S. 11.