Türkiyədə "IDEF-2011" X Beynəlxalq
müdafiə sənayesi sərgisi
açılmışdır
İstanbuldakı TÜYAP sərgi mərkəzində Türkiyə Prezidenti Abdullah Gülün himayəsi ilə "IDEF-2011" X Beynəlxalq müdafiə sənayesi sərgisi açılmışdır. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti sərgidə iştirak edir.
Sərgidə 48 ölkədən 621 şirkət iştirakçı, 70 ölkədən 90 şirkət isə ziyarətçi qismində iştirak edir. Nümayəndə heyətlərində 29 nazir, silahlı qüvvələrin 4 qərargah rəisi təmsil olunur.
Açılışda çıxış edən Abdullah Gül Atatürkün "Yurdda sülh, cahanda sülh" kəlamını xatırladaraq, dünyada və bölgədə sülhün insanların rifahı, tərəqqi baxımından mühüm olduğunu söyləmişdir. Müdafiə sənayesi müharibəyə hazırlıq üçün deyil, onun qarşısını almaq üçün fəaliyyət göstərir. Hər bir ölkə milli ordusunu ən yüksək səviyyədə təmin etmək istəyir və bu, təbiidir. Dost ölkələrlə bu sahədə əməkdaşlığa böyük əhəmiyyət verən Türkiyə sərgidə də yeni müqavilələr imzalayacaqdır.
Türkiyə Prezidenti Abdullah Gül sərgidəki stendlərlə, o cümlədən Azərbaycanın stendi ilə tanış olmuşdur. Burada 89 adda müdafiə təyinatlı hərbi-texniki məmulat nümayiş etdirilir. Onların arasında müxtəlif silahlar üçün döyüş sursatları, minaatanlar və onların mərmiləri, təlim sursatları, optik qurğular, həmçinin "İstiqlal" snayper tüfəngi, ən yüksək beynəlxalq standartlara cavab verən "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri yer almışdır.
Sərgidə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri də ziyarətçi qismində iştirak edirlər. Nümayəndə heyətimiz digər ölkələrin stendləri ilə tanış olacaq, həmkarları ilə görüşlər keçirəcəkdir.
Mayın 13-dək davam edəcək sərgi çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin nümayişi və yeni gəmilərin keçidi də olacaqdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
İstanbul
Azərbaycan.- 2011.-11 may.- S. 11.