Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumların yerləşdiyi inzibati binanın rəsmi açılışı olmuşdur

 

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan 7 qurumun yerləşdiyi inzibati binanın və nazirliyin akademiyasının yeməkxanasının açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.

Nazir Kəmaləddin Heydərov açılışı bildirən lenti kəsdikdən sonra binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşdur.

Sonra nazir binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, binada nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Tibb Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi, eləcə də Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yerləşir. Bina ən müasir standartlara uyğun tikilmiş, bütün zəruri avadanlıq, kompyuter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, mebel və inventarla təmin olunmuşdur.

K.Heydərov FHN-in Akademiyasının yeni yeməkxanasında yaranmış şəraitlə də tanış olmuşdur.

Sonra nazirliyin mərkəzi aparatında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirilmişdir.

Mərasimdə çıxış edən K.Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, həyatını ölkəsinin tərəqqisinə, xalqının xoşbəxtliyinə həsr etmiş dahi insanın dövlətçiliyimizin təşəkkül tapması və inkişafında misilsiz rolu olduğunu xüsusi vurğulamışdır. Nazir, görkəmli dövlət xadiminin 1969-cu ildən başlayan müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycanda stabilliyi təmin etmiş, dövlətin siyasi, iqtisadi dayaqlarını möhkəmlətmiş, inkişaf strategiyasının əsasını qoymuşdur. Hazırda ulu öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir. Qlobal maliyyə böhranı dövründə belə Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunmuşdur.

Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində zamanın sərt sınaqlarından uğurla çıxan Azərbaycan inkişaf strategiyasına uyğun olaraq, həyata keçirilən müdrik siyasət nəticəsində dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirməsini vurğulayan nazir, bu gün dövlət başçımızın Azərbaycanın inkişafına, ölkənin təhlükəsizliyinin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələri xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin tez bir zamanda bu səviyyəyə çatması da Prezident İlham Əliyevin böyük zəhmətləri hesabına olmuşdur.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı dahi rəhbərimizin ömür yolunun və siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini təhlil etmiş, onun zəngin siyasi irsinin nəsillərə layiqli örnək olduğunu diqqətə çatdırmış, Heydər Əliyevin titanik fəaliyyətinin yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün əhəmiyyətindən söhbət açmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə danışan Mübariz Qurbanlı Azərbaycanın müstəqil dövlətə çevrilməsinin dünya şöhrətli siyasətçinin xidmətləri sayəsində mümkün olduğunu demişdir.

 

 

Azərbaycan.- 2011.-11 may.- S. 11.