Ulu öndər Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev
Fondunun fəaliyyətə başlamasının 7 illiyi
münasibətilə təntənəli mərasim
keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir
Xəbər verdiyimiz kimi, mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdirdilər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Hər il mayın 10-da olduğu kimi, bu il də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ənənəvi mərasimdə Sizi səmimi qəlbdən salamlayıram. Mərasimdə iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara Azərbaycana "Xoş gəlmisiniz" deyirəm və bu axşam bizimlə olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan dünya xəritəsində müstəqil ölkə kimi yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun bir dövr deyildir. Lakin bu 20 il ərzində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycan müxtəlif sahələrdə rekord inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə partnyor əlaqələri quran, beynəlxalq arenada nüfuza malik olan bir dövlətdir. Bu gün Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan dövlətdir.
Yaxın keçmişimizə nəzər salsaq, qeyd etməliyik ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır.
Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu.
Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün onun ən sevimli kəlmələrindən birini - "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.
Əziz dostlar, bu gün, eyni zamanda, Heydər Əliyevin adını daşıyan fond artıq 7 ildir ki, fəaliyyət göstərir. Ötən il fond yenə də bir sıra irimiqyaslı layihələr, mühüm işlər həyata keçirib. Həmişə olduğu kimi, çalışmışıq müxtəlif sahələri - elmi, təhsili, səhiyyəni, mədəniyyəti, sosial problemləri əhatə edək.
Bu axşam fondun fəaliyyəti haqqında ətraflı məlumat səslənəcək, film nümayiş olunacaqdır. Mən yalnız onu demək istərdim ki, bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bugünü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram.
Əziz
dostlar, mən ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış bu gözəl axşam heç birinizi
biganə qoymayacaqdır. Bu axşamın təşkilində əməyi
olan hər bir insana, xüsusilə də Heydər Əliyev
Fondunun komandasına dərin minnətdarlığımı çatdırıram.
Mən Sizə uğurlar, xoşbəxtlik, məhəbbət
arzulayıram. Qoy Tanrı Azərbaycanı qorusun! Çox
sağ olun!
* * *
Sonra
ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs
edən film nümayiş olundu.
Prezident
İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan.- 2011.- 12 may.- S. 1.