Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində təşəbbüsləri yüksək qiymətləndirilmişdir

 

Mayın 11-də ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda konfrans keçirilmişdir.

Konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel müzakirə olunan mövzunun əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, ifadə və mətbuat azadlığı anlayışları ATƏT-in təməl prinsiplərinin özəyini təşkil edir. B.Cankorel demişdir: "Diffamasiyanın dekriminallaşdırılması məsələsi daim ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən biri olmuşdur və biz bu istiqamətdə qarşıya qoyulan məqsədə çatmaq üçün Azərbaycan Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünü dəstəkləməkdən məmnunuq".

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurasının peşəkar jurnalistikada etik davranışa dair daha aydın istiqamətləri təmin etmək üçün "Jurnalistlərin etik davranış kodeksi"ni yenidən nəzərdən keçirməsini alqışladığını bildirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək son illərdə ölkəmizdə mətbuat sahəsində əldə olunan uğurlardan danışmışdır. Ölkəmizdə media mühitinin daha da plüralistləşdirilməsi istiqamətində görülən işlərdən danışan Ə.Həsənov bildirmişdir ki, mətbuat azadlığının daha yüksək səviyyədə təmin olunması, Mətbuat Şurası institutunun ictimai münasibətlərdə rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

Ə.Həsənov son bir neçə ildə diffamasiya haqqında qanunun qəbulu və tətbiqinin, bu qanunun icrası çərçivəsində jurnalistlərin təhqir və böhtana görə cinayət məsuliyyətindən azad olunması kimi bir problemin Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri olduğunu vurğulamışdır. Bildirilmişdir ki, belə bir qanunun qəbul olunması jurnalistlərin daha sərbəst fəaliyyətini təmin etməklə yanaşı, bu sahədə çalışan şəxslərin məsuliyyətini ikiqat artıracaqdır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri diffamasiya haqqında qanunun ölkəmizdə reallaşa bilmə imkanlarına toxunmuşdur. Qeyd etmişdir ki, qanunun ən mühüm cəhətlərindən biri odur ki, jurnalist hər hansı bir vətəndaşı təhqir etdiyi və ya böhtana məruz qoyduğu zaman həmin jurnalistin çalışdığı redaksiya məsuliyyət daşıyacaqdır. Azərbaycan cəmiyyətində təhqir və böhtan olduqca ciddi reaksiyalar doğuran problemlərdir və məhz buna görə ictimai rəyin belə bir qanunun birbaşa tətbiqinə hazır olub-olmaması məsələsinin də nəzərə alınması çox vacibdir.

Tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ölkəmizə səfərindən məmnun olduğunu və Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulamışdır. Bildirmişdir ki, azad fikir uğrunda mübarizə dünyanın bütün dövlətlərində çox çətin şəraitdə aparılır və belə bir şəraitdə bu problemin həlli istiqamətində atılan istənilən addım təqdirəlayiqdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsindən bu günə qədər media sahəsində görülən işlərlə bağlı məruzə ilə çıxış etmişdir.

Tədbirdə digər çıxış edənlər diffamasiya ilə bağlı beynəlxalq standartlar, ölkə qanunvericiliyi və jurnalistləri qorumaq üçün səmərəli tədbirlər, müvafiq qanunun tətbiqində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 may.- S. 3.