Latviyanın birinci xanımı Lilita Zatlere Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur
Azərbaycanda səfərdə olan Latviyanın birinci xanımı Lilita Zatlere mayın 11-də Beynəlxalq Muğam Mərkəzində olmuşdur.
Latviya Prezidentinin xanımına dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verildi.
Bildirildi ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından tanış olan xanım Lilita Zatlere burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxdı və ona musiqi alətləri barədə ətraflı məlumatlar verildi.
Latviya Prezidentinin xanımı gənc muğam ifaçılarının çıxışlarını dinlədi, onlarla xatirə şəkli çəkdirdi.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
Latviyanın birinci xanımı Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2011.-12 may.- S. 4.