Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarında uğurla yerinə yetirilir. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılmış, kəndarası yolların çəkilişi davam etdirilmiş, yeni təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmişdir.

Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2011-ci il

 

Azərbaycan.- 2011.-12 may.- S. 3.