Ədliyyə orqanlarında silsilə
tədbirlər keçirilmişdir
Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ədliyyə işçiləri ümummilli liderimizin əziz xatirəsinə əbədi ehtiram əlaməti olaraq Fəxri xiyabanda ulu öndərin məzarı önünə əklil qoymuşlar.
Mayın 10-da nazirliyin Heydər Əliyev Muzeyində keçirilən tədbiri ədliyyə nazirinin müavini Toğrul Musayev açaraq xalqımıza və dövlətimizə daim sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir. Natiq Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin müasir tarixini yaradan ümummilli liderin siyasi uzaqgörənliyi, müdrikliyi, milli dövlətçiliyimizin qorunub saxlanılmasında və dövlət quruculuğundakı əvəzedilməz rolundan, onun rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlardan danışmış, dahi öndərin müəyyənləşdirdiyi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğulamışdır.
Tədbirdə çıxış edən ədliyyə işçiləri məhkəmə-hüquq sistemimizin formalaşması və inkişafında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalaraq dahi öndərin yüksək dövlətçilik amallarını inamla yaşadan Prezident İlham Əliyevə yardımçı olmaq üçün səylə çalışacaqlarını bildirmişlər.
Ulu öndərin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında nazirliyin rəhbərliyinin bir qrup gənc ədliyyə işçiləri, həmçinin ədliyyədə və məhkəmələrdə təcrübə keçən ali təhsil müəssisələrinin tələbələri ilə görüşü keçirilmişdir.
Nazir müavini Toğrul Musayev ümummilli lider Heydər Əliyevin gənclərin hərtərəfli tərəqqisinə qayğılı münasibətindən söz açmış, gənclər siyasətinin dahi rəhbərin çoxşaxəli fəaliyyətində mühüm yer tutduğunu vurğulamış, gənclərin, xüsusilə hüquq-mühafizə orqanlarında çalışan şəxslərin dövlətçilik prinsiplərinə sadiqliyi, vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam mənəviyyata malik olmaları barədə ulu öndərin tövsiyələrini diqqətə çatdırmış, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərin ölkə həyatına dəyərli töhfələr verdiyini konkret faktlarla qeyd etmişdir. Nazir müavini həmçinin ədliyyə orqanlarında şəffaf prosedurlarla gənc hüquqşünasların qulluğa qəbulunun aparıldığını, onların layiqli ədliyyə işçisi kimi formalaşmalarına, potensiallarından səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirildiyini vurğulamışdır.
Tədbirdə iştirak edən respublika gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlət gənclər siyasətinin ayrı-ayrı məqamlarına toxunmuş, gənclərə göstərilən dövlət qayğısı, ölkənin dinamik tərəqqisində gənc nəslin rolu üzərində xüsusi dayanmış, ölkə başçısının "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının hazırlanması ilə bağlı imzaladığı sərəncamın gəncliyə verilən qiymətin bariz nümunəsi olduğunu demişdir. Nazir müavini dövlət başçısının tapşırığı ilə gənclərin dövlət quruculuğu prosesində, ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanların yaradılması, onların məşğulluğu, fiziki sağlamlığı və hərbi hazırlığı, sosial problemlərinin həlli ilə bağlı Dövlət Proqramına daxil edilməsi nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat vermişdir.
Ədliyyə
işçiləri nazirlikdə dahi şəxsiyyətin mənalı
həyatı və zəngin dövlətçilik fəaliyyətindən
bəhs edən foto və sənədlərlə tanış
olmuş, əbədiyaşar lider Heydər Əliyev
haqqında filmlərə tamaşa etmişlər. Ədliyyə
orqanlarında bu münasibətlə digər tədbirlər
keçirilmişdir.
Azərbaycan.- 2011.-11 may.- S. 5.