Debat turnirinin qalibləri mükafatlandırılmışdır

 

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Respublika Gənclər Forumu - Yaz 2011" universitetlərarası debat turniri qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev tədbiri açaraq iştirakçıları salamlamış turnirin gedişi barədə ətraflı məlumat vermişdir. Ə.Abdullayev akademiyada təhsil alan gənclərdə milli şüurla yanaşı, dövlətçilik şüurunun inkişaf etdirilməsinin əhəmiyyətindən bu məsələyə ulu öndərin ciddi münasibətindən ətraflı danışmış, debatların gedişində qoyulan məsələlərin, irəli sürülən təkliflərin vacib əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

DİA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə həmçinin "Vətəndaş cəmiyyətində debat" İctimai Birliyinin sədri Şahin Seyidzadə, Gənclər İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev, layihənin koordinatoru Nailə Ağazadə turnir barədə fikirlərini bölüşmüş, debatların uğurla yekunlaşdığını bildirmişlər.

Sonda turnirin qalibləri - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Zaur Mahmudov, Fərid Cəfərov Nərmin Miriyə mükafatlar təqdim olunmuşdur.

Qeyd edək ki, turnirdə ikinci yeri Azərbaycan Dövlət İqtisad Universitetinin komandası tutmuşdur.

 

 

Azərbaycan.- 2011.-12 may.- S. 5.