Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının yeni hərbi hissəsinə baxış keçirilmişdir

 

Bakı, 11 may (AzərTAc). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi bir vaxtda - mayın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə Qoşunlarının Səngəçaldakı yeni hərbi hissəsinə baxış keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra nazir çıxış edərək bildirmişdir ki, Mülki Müdafiə Qoşunlarının hərbi hissələri, onların bölükləri digər qurumları ölkə ərazisində baş verə biləcək hər hansı hadisəyə anında reaksiya vermək üçün ən müasir texnikalarla təchiz olunmuşlar. Qurumun yüksək biliklərə malik olan canlı qüvvələri vardır.

Kəmaləddin Heydərov demişdir ki, 2005-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayarkən Mülki Müdafiə Qoşunlarının ayrıca statusunu müəyyənləşdirmişdir. Bu qoşunlar həqiqətən ölkədə hər hansı təbii, texnogen qəzalar baş verərkən xilasetmə işlərində ən aparıcı rol oynayan qurumlardan birinə çevrilmişdir.

Belə hərbi hissələrin regionlarda da inşa edildiyini deyən nazir vurğulamışdır ki, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti ölkədə baş verə biləcək bütün hadisələrin nəticələrinin aradan qaldırılmasına layiqincə kömək edəcəkdir. Bütün hərbi hissələrin şəxsi heyəti Prezident İlham Əliyevə daim sədaqət rəmzi olaraq bunu öz əməli işləri ilə sübut edəcəklər.

Sonra əsgər zabit heyətinin sıra keçidi olmuşdur.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hərbi hissədə yaradılmış şəraitlə tanış olmuşdur.

Ərazisi ümumilikdə 12 hektar olan hərbi hissədə qərargah, əsgər yataqxanası, tədris korpusu, tibb məntəqəsi, yeməkxana nəzarət buraxılış məntəqəsi vardır.

Nazir zərərçəkənlərin təxliyəsi üçün istifadə edilən xüsusi avadanlıqla təchiz olunmuş vertolyota baxmışdır.

Sonra nazir Kəmaləddin Heydərovun iştirakı ilə qəza-xilasetmə dəstlərinə məxsus maşınlara baxış keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.-12 may.- S. 5.