Atəşkəs rejimi Azərbaycanda qüdrətli ordunun yaradılmasına imkan verdi

 

Bişkek protokolunun imzalanmasından 17 il keçir

 

Tarix sübuta yetirib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu gün müstəqil Azərbaycanın da NATO standartlarına uyğun, şəxsi heyətinin döyüş ovqatı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun inkişaf meyillərini şərtləndirən ən mühüm amillərdən biri məhz ölkənin uğurlu iqtisadi, daxili və xarici siyasəti olmaqla yanaşı, eyni zamanda, dünyada və bölgədə Azərbaycanın artan beynəlxalq nüfuzudur.

Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi ucbatından ordu quruculuğunda heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazilərini bir-birinin ardınca itirmək məcburiyyətində qalmışdı.

1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında dövlətçiliyin qorunub saxlanması ilə yanaşı, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtisadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan bir ölkədə ordu quruculuğuna başlamaq kimi ağır vəzifələr dururdu. Daxili ictimai-siyasi sabitlik üçün potensial təhlükə mənbəyi sayılan qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi Ali Baş Komandanın üzərinə düşən məsuliyyət yükünü bir qədər də artırır, onun riskli və qətiyyətli addımlar atmasını zəruri edirdi. Yaranmış acınacaqlı durumda bu taleyüklü problemlərin həllinə paralel yanaşmaya, bütün sahələrdə köklü islahatların aparılmasına ehtiyac yaranmışdı. Ölkədə vəziyyətin sabitləşməsinə nail olmadan xarici investorları cəlb etmək, iri neft şirkətləri ilə müqavilələr imzalamaq, iqtisadi böhran və tənəzzül mərhələsini adlamaq mümkün deyildi. Belə bir şəraitdə vəzifə səlahiyyətlərinin icrasına başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə bütün sahələrdə vəziyyəti sabitləşdirməklə peşəkar idarəçi və xarizmatik şəxsiyyət olduğunu bir daha təsdiqlədi.

Qısa müddətdə daxildə baş qaldırmış destabilizasiya ünsürləri aradan götürüldü, ictimai-siyasi sabitlik təmin olundu, ölkənin bütün maddi-siyasi resursları və potensialı Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı müqavimətin təşkilinə yönəldildi. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi. Eyni zamanda, keçmiş hakimiyyətin dövründə Qarabağ məsələsindən çirkin siyasi məqsədlər üçün istifadə edildiyini, ordunun hakimiyyət uğrunda qeyri-qanuni mübarizəyə qoşulduğunu təəssüflə vurğuladı: "Ordunu bir gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki-üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək olardı. Təəssüf ki, bu fürsətlər əldən verilib".

Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.

Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atmışdılar. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdu.

Ötən 17 ildə atəşkəs rejiminin erməni silahlı birləşmələri tərəfindən mütəmadi olaraq pozulduğunu, nəinki hərbçilərin, hətta mülki şəxslərin qətlə yetirildiyini, azərbaycanlılara məxsus mal-qaranın tələf edildiyini də təəssüflə vurğulamaq lazımdır. İnsanlığa yaraşmayan vandalizm özünü həm də onda göstərir ki, cəbhə bölgəsində çoxsaylı snayperçilər yerləşdirən Ermənistan təxribatçı əməllərinə son qoymaq istəmir. 2011-ci il 8 mart tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovun snayper silahından açılan atəşlə qətlə yetirilməsi ermənilərin hətta uşaqlara qarşı da zorakı münasibətini nümayiş etdirdi.

Azərbaycan nümayəndə heyətinin AŞ PA-da yaydığı rəsmi sənəddə də qeyd olunduğu kimi, azyaşlı uşağın faciəli şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, insanlıq faciəsidir: "AŞ PA 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir və rəsmi İrəvanı bu hadisəni törədənlərin ədalət qarşısında cavab verməsini, günahkarların cəzalandırılmasını təmin etməyə çağırır. Assambleya Ermənistanı atəşkəs rejimini pozaraq sivil insanları snayperlərlə hədəfə almasını dayandırmağa, münaqişənin tənzimlənməsinə dair AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan yaratmağa çağırır və tələb edir".

Ümumilikdə, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Bu mərhələdən sonra ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin ən mühüm qollarından birinə çevrildi.

Ümummilli lider Heydər Əliyevin vaxtilə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə ordunun əzmkarlığının artmasında özünü büruzə verir. Ulu öndərin hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsinin səmərəsi ordunun bugünkü səviyyəyə yüksəlməsində təzahür edir. Eyni kursu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də inamla davam etdirir, müntəzəm olaraq hərbi hissələrə baş çəkir, zabit və əsgərlərlə görüşür.

Milli Ordunun gücləndirilməsi işi Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindəndir. Ali Baş Komandan İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edib: "Orduya ayrılan xərclər hər il artır. Büdcədə nəzərdə tutulan xərclər artır. Bundan sonra da orduya ayrılacaq vəsaitlər artacaqdır... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".

Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri tədbirlər görülür. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də son dərəcə razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırlar.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2011.-12 may.- S. 6.