“RİA-Novosti”: 7.0 versiyası və ya “Biz AzərTAc-la paralel yaşayırıq, başa düşürük ki, bizə həmişə kömək etməyə hazır olan tərəfdaşımız haradasa lap yaxındadır...”

 

RAMİ “RİA-Novosti”nin baş redaktorunun müavini Valeri Levçenko AzərTAc-ın müxbiri Vüqar Əliyevə müsahibə vermişdir.

Valeri Levçenko “RİA-Novosti” agentliyinin Xarici Əlaqələr Mərkəzinə hamilik edir. Bu mərkəzin əsas vəzifələrindən biri beynəlxalq peşəkar təşkilatlarla əlaqələr və jurnalistlərin dünya səviyyəsində əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsindən ibarətdir.

-Valeri Yuryeviç, xahiş edirəm deyin, bu gün “RİA-Novosti”də, o cümlədən Rusiyada və xarici ölkələrdə neçə əməkdaş çalışır?

-Hazırda “RİA-Novosti”də 1500-ə yaxın adam işləyir. Əlbəttə, işçilərin əsas hissəsi Moskvadadır, Rusiyanın regionları üzrə şəbəkədə təxminən 70 nəfər, xarici şəbəkədə isə 90-100 nəfər çalışır. Beləliklə, çox şaxələnmiş bir şəbəkə alınır.

Əvvəllər, biz sadəcə “Novosti” Mətbuat Agentliyi (“Xəbərlər” Mətbuat Agentliyi (XMA) - AzərTAc) olan vaxtlarda bizi maraqlandıran hər bir regionda fiziki şəkildə olmağımız zəruri idi. İndi isə bizimlə tərəfdaşlıq edən xəbər agentlikləri ilə nizamlanmış münasibətlərimiz sayəsində və əlbəttə, İnternet dövrünün başlanmasını nəzərə alaraq, hər bir ölkədə bizim fiziki şəkildə hökmən mövcud olmağımız, nə qədər xoşagəlməz səslənsə də, əsla zəruri deyildir. Bilirəm ki, xarici ölkələrdəki həmkarlarımız da eyni siyasətə üstünlük verirlər.

Buna görə biz öz nümayəndəliklərimizi yalnız o yerlərdə açırıq ki, bu, ilk növbədə nyusmeykerlər və onların auditoriyaları ilə daha sıx qarşılıqlı fəaliyyət baxımından zəruri olsun. 2008-2009-cu illərdə Cənubi Amerika ölkələri bizim üçün bu cür regionlar idi və orada öz nümayəndəliklərimizi açdıq. Keçən il heç bir təzə nümayəndəlik açmamışıq, lakin mövcud nümayəndəliklərin də heç birini bağlamamışıq.

Bizim strategiyamız ondan ibarətdir ki, nümayəndəliklər çərçivəsində yerli auditoriyalarla qarşılıqlı əlaqələri artırmaq üçün dərhal multimedia mətbuat mərkəzi açılır, oraya nyusmeykerləri dəvət etmək, jurnalistləri toplamaq, Moskva ilə və bizim olduğumuz başqa nöqtələrlə videokörpülər təşkil etmək imkanı yaranır.

-Aydındır ki, “RİA-Novosti” kimi güclü informasiya maşınının işində də nasazlıqlar, şərti olaraq “zay məhsul istehsal edilməsi” adlandırıla biləcək hallar olur. Sizin fikrinizcə, bu gün agentliyin işində hansı çatışmazlıqlar və ya çətinliklər vardır?

-Bilirsinizmi, hər halda bizim agentlik kifayət qədər böyük qurumdur. Hər bir böyük qurumda isə bölmələrin əlaqələndirilməsi, onların qarşılıqlı fəaliyyəti ilə bağlı problemlər olur. Bizim gün ərzində fasiləsiz işləyən Birləşmiş Xəbərlər Redaksiyası çərçivəsində, yəqin ki, birinci yeri insan amili tutur.

Bütövlükdə agentlik barədə danışmalı olsaq, müxtəlif redaksiyaların, bir neçə şöbənin qarşılıqlı fəaliyyəti zəruri olan iri layihələrin əlaqələndirilməsi işində nasazlıqlar yarana bilər. Zənnimcə, belə hallar AzərTAc-a da tanışdır. Yeri gəlmişkən, bu cür nasazlıqlar çox vaxt ondan irəli gəlir ki, hər bir bölmənin sıx iş qrafiki vardır, hər hansı böyük layihə yarandıqda isə onu artıq planlaşdırılmış layihələrin içərisinə yerləşdirmək və ya onların hamısının üstündə qurmaq lazım gəlir. Şübhəsiz, belə hallar nasazlıqlara səbəb ola bilər. Lakin mən burada hər hansı sistematik problemlər olduğunu görmürəm.

Bizim əsas problemimiz 2008-ci ilin əvvəlində həll edildi: o vaxt biz bütün redaksiya bölmələrini vahid mexanizmdə birləşdirdik.

-Bu gün siz bütövlükdə “RİA-Novosti”nin işini və ayrı-ayrı əməkdaşların uğurlarını necə qiymətləndirirsiniz?

-Burada ən yaxşı qiymət kənardan verilə bilər. 2010-cu ildə “RİA-Novosti” və onun əməkdaşları rekord sayda təltifə, müxtəlif diplomlara və mükafatlara layiq görülmüşlər.

Özü də bütün bu mükafatları biz tamamilə müxtəlif istiqamətlər üzrə almışıq – prezident xətti ilə, hökumət xətti ilə, ayrı-ayrı nazirliklər və idarələr xətti ilə, həmkarlar birliklərindən və s. Mənim fikrimcə bu fakt “RİA-Novosti”nin uğurlarına ən yaxşı sübutdur.

-“RİA-Novosti” dövlətdən maddi dəstək alır. Bu vəsaitlər agentliyi saxlamaq üçün kifayət edirmi?

-Deyə bilərəm ki, bizdə büdcə sarıdan hər şey qaydasındadır. Biz hətta çətin illərdə də mənfəətlə işləmişik. Məsələn, 2009-cu il Rusiya üçün ağır il idi, böhrandan sonra reklam bazarı 27 faiz zəifləmişdi, lakin hətta həmin şəraitdə də “RİA-Novosti”nin kommersiya gəlirləri təqribən 8 faiz artmışdı. Keçən il həmin artım 35 faiz olmuşdur.

Əlbəttə, pul ona görə çatır ki, məqsədli şəkildə yönəldilir. Bizim maliyyələşmənin əsas hissəsi dövlət tərəfindən həyata keçirilir, lakin dövlətdən aldığımız bütün pulları dərhal müvafiq layihələrə yönəldirik. Məsələn, “Moskovskiye novosti” qəzetinin nəşrinin bərpa edilməsi xeyli xərc tələb edirdi. Kommersiya hesabına əldə edilən gəlirlər isə bizim əlavə olaraq müəyyən işlər görməyimizə, məsələn, əməkdaşlarımızın iş şəraitini yaxşılaşdırmağa, iş vaxtı pulsuz sendviç yemək və qəhvə içmək, həkimin əlavə xidmətlərindən iştifadə etmək, yaxud keçən il yayda Moskvada olduğu kimi, bayırda 40 dərəcədən çox isti olduğu şəraitdə dondurma yeyib sərinləmək imkanları yaradır. Bir sözlə, söhbət ofisdə iş şəraitini daha münasib edən bu cür xoşagələn xırdalıqlardan gedir.

-“RİA-Novosti”nin 70 illiyini qeyd edən vaxt o, yeni iş formatına keçdiyini bəyan etdi. Bu, maraqlı, lakin çətin işdir. Xahiş edirəm, bu barədə bir qədər danışın.

-Bizim 70 illiyimizdə təkcə yeni formata keçməyi elan etməmişdik, biz təqdim etməyə başladığımız yeni məhsulların tamamilə müəyyən siyahısını nəzərdə tutmuşduq – beynəlxalq multimedia mətbuat mərkəzi, 3D-video və infoqrafika, reytinqlər, virtual mətbuat mərkəzi, RİA-idman, RİA-TV və bildredaktorlar məktəbi.

Biz agentliyin 70 illiyini özümüzə və auditoriyamıza 7.0 kimi, necə deyərlər, “RİA-Novosti”nin yeddinci versiyası kimi təqdim etdik. Biz bunu əsas götürürük ki, hazırda yeddi multimedia formatı ilə işləyirik: foto, video, audio, mətn, infoqrafika, infoekran, 3D-təsvir. Biz informasiyamızı müxtəlif platformalarda təqdim edirik: saytlar, qəzetlər, infoekranlar, internet televiziyası, mobil telefonlar üçün əlavələr, planşet qurğuları üçün əlavələr, sosial şəbəkələrə çıxış.

Bir ildə 7 məhsul buraxmaq kifayət qədər məsuliyyətli vəzifədir.

Bundan əlavə, bizim yubiley şənlikləri proqramımız da adi bayram proqramına oxşamır. Mötəbər bir idarənin və ya təşkilatın 70 yaşı tamam olanda (bizdə bu hadisə iyunun 24-də olacaqdır) bayram tədbirləri, təltiflər, təbriklər təşkil edilir. Bir sözlə, hər şey standart ssenari üzrə olur. Bunlar, əlbəttə, yaxşıdır. Amma hesab etdik ki, azdır. Biz silsilə tədbirlər nəzərdə tutmuşuq, məsələn müsabiqələr, beynəlxalq seminarlar, əməkdaşlarımız qarşısında silsilə çıxışlar, necə deyərlər “mediaquru”. May bayramları ərəfəsində bizdə bir həftə “yaşıl” həftə elan edildi. Bu tədbirlər ekologiya mövzusuna həsr edilmişdi. Həftə çərçivəsində ekologiya sahəsində vətəndaş jurnalistikası forumu, Sankt-Peterburqda və Moskvada video-körpülər təşkil edilmiş, həftənin sonunda isə biz Neskuçnıy bağında mediaiməcilik keçirdik. Bir sözlə, çalışmışıq ki, yubiley proqramı çox rəngarəng olsun.

-“RİA-Novosti” yeni texnologiyalar, o cümlədən 3D barədə çox danışır. Sizə elə gəlmirmi ki, texnoloji novasiyalar sahəsinə bu qədər qlobal meyil etməyiniz sizi əsas vəzifədən – auditoriyanı operativ məlumatlandırmaq vəzifəsindən, yəni xəbərin özündən uzaqlaşdıra bilər? Ola bilərmi ki, forma mahiyyəti əvəz etsin?

-Bu, çox yaxşı sualdır. Burada biz onu əsas götürürük ki, heç şübhəsiz, jurnalistika həmişə jurnalistika olaraq qalmalıdır. Hətta sosial şəbəkələrin xəbərləri qabaqladığı hallar, məsələn, Domodedovoda baş vermiş partlayış onu göstərdi ki, şəbəkəni nə isə mühüm, dəhşətli bir hadisə barədə ilk mənbə, informator hesab etmək olar. Lakin orada dəqiq detallar olmayacaqdır. Üstəlik, dezinformasiya olacaqdır.

Digər tərəfdən, biz başa düşürük ki, müasir jurnalistika müasir texnologiyalara sadəcə bələd olmağı və onları başa düşməyi nəzərdə tutmur. Müasir jurnalistika həmin texnologiyalardan əməli işdə iştifadə etməyi nəzərdə tutur. Məhz bu səbəbdən biz öz jurnalistlərimizi, xüsusən yerlərdə, regionlarda, xaricdə işləyənləri bütün zəruri vasitələrlə təchiz etmişik ki, onlar təkcə mətn yazmaqla kifayətlənməyib video çəkmək, keyfiyyətli fotoşəkillər çəkmək, operativ şəkildə internetə çıxmaq, əlyetərli olan bütün imkanlardan istifadə etmək bacarığına malik olsunlar.

Buna görə ikitərəfli mövzu yaranır: bir tərəfdən, məzmuna üstünlük verilir, lakin onu da başa düşürük ki, forma məzmuna təsir göstərir.

Bizim vəzifəmiz texnologiyaları jurnalistlər üçün işləməyə məcbur etməkdir. Biz informasiyanı daha sürətlə və istehlakçı üçün ən münasib şəkildə təqdim etməliyik. Əgər istehlakçının əlində mobil telefon vardırsa, deməli, informasiya mobil telefon üçün uyğunlaşdırılmalıdır, əgər istehlakçının əlində planşet qurğusu vardırsa, biz başa düşməliyik: elə şeylər var ki, adi kompyuterdən fərqli olaraq planşet qurğusu onları “qəbul etmir”, öz işimizi bu vəziyyətə uyğunlaşdırmalıyıq.

-Şəxsən siz nəyə üstünlük verirsiniz – ebook oxumaq, yoxsa deyək ki, vaxtilə babanız və ya atanız oxuyan kitabı rəfdən götürüb oxumaq?

-Mən mətbu nəşrlərə üstünlük verirəm. Əslində bu, mənim monitordan uzaqlaşmağım üçün yaxşı bir bəhanədir, ona görə ki, onsuz da bütün günü ekrana baxırsan.

Bilirsinizmi, əvvəllər bizi televiziya ilə qorxudurdular, əsl bəla isə başqa sahədən gəldi. Mənim planşet qurğum var, ondan fəal istifadə edirəm. Məsələn, qeydlərimi bloknotda qələmlə deyil, planşetdə yazıram. Həmin qurğuda kitablar və xüsusi tədqiqatların nəticələri də yüklənmişdir, amma buna baxmayaraq mən kitabı əlimə götürüb oxumağı daha çox xoşlayıram.

-Mənə məlumdur ki, sizin agentlikdə çoxlu cavanlar işləyir, lakin həmkarlarınızın arasında hələ Xəbərlər Mətbuat Agentliyinin (XMA) brendi ilə işləmiş əməkdaşlar da vardır. Bunu necə izah edirsiniz? Agentliyin rəhbərliyi bu yolla özünün sosial məsuliyyətini nümayiş etdirir? Yoxsa yaşlı nəslə mənsub insanlar əsl peşəkarlardır, gənclərin arasında onları əvəz edə biləcək adamlar tapmaq çətindir?

-Fikrimcə, sizin dediyinizin hər ikisi düzdür, ona görə ki, bütün yeni texnologiyalardan yaxşı baş çıxaran nümunəvi veteranlarımız vardır. Məsələn, bizim siyasi icmalçı Pyotr Romanov belələrindəndir. Eyni zamanda o, tarixçidir, kitablar yazır, onun özünün populyar bloqu da var, videoproqramı da, əsas saytda məxsusi sütunları da. Demək istəyirəm ki, o, bütün yeni formatlarda tamamilə sərbəst işləyir. Bu, məhz insanın peşəkarlığına dəlalət edir və buna müvafiq olaraq həmin işin öhdəsindən heç kəs ondan yaxşı gələ bilməz.

Digər tərəfdən, sosial siyasət məsələsinə gəldikdə, “RİA-Novosti” öz menecmentini elə qurmağa çalışır ki, bizdə mövcud iş şəraiti hər bir əməkdaşa maksimum münasib olsun. Biz möhtərəm veteranları, uzun müddət agentlikdə işləmiş həmkarlarımızı ya jurnalistika sahəsində saxlayırıq və burada onlar yeni texnologiyalardan istifadə etməklə özləri üçün yeni məsələlər tapırlar, ya da yeni məsələlər agentliyin işi baxımından əhəmiyyəti heç də az olmayan qonşu bölmələrdə tapılır. Məsələn mən Kommunikasiya və Xarici Əlaqələr Mərkəzinə hamilik edirəm. Mənim müşavirim çox təcrübəli beynəlxalq jurnalist qadındır. Vaxtilə uzun müddət xaricdə işləmişdir. İndi o öz təcrübəsindən, öz peşəkar bazasından tamamilə başqa istiqamətdə faydalı şəkildə istifadə edir, harada ki, biz “RİA-Novosti” barəsində söhbət açırıq. Təbii ki, bunun üçün “dinləyən tərəf” – YUNESKO qəbilindən olan beynəlxalq təşkilatlar və xaricdəki həmkarlarımız cəlb edilməlidir. Burada həmin xanımın jurnalist təcrübəsi onun qarşısında qoyulan vəzifələrə ideal şəkildə uyğun gəlir.

-Bu gün tez-tez deyirlər ki, müasir Rusiya jurnalistikası heç də arzu edilən səviyyədə deyildir. Sizin fikrinizcə, sovet dövrünün jurnalistikası indikindən keyfiyyətli idimi? Və siz necə düşünürsünüz, bugünkü jurnalistikanın problemləri nədədir?

-Mənim fikrimcə, bugünkü jurnalistikanın problemi ondan ibarətdir ki, informasiyanın yoxlanmasına kifayət qədər diqqət verilmir. Təəssüf ki, çox vaxt informasiya formal dəqiqləşdirmə ilə çıxır: qarşı tərəfin şərhini almaq mümkün olmadı.

Əslində isə həmişə başa düşmək lazımdır ki, bir mənbədən informasiya veriləndə həmin informasiya potensial mənada qərəzli ola bilər, bəzən ilk baxışda bunu heç aşkar etmək mümkün olmur. Məncə, bu problem onunla izah edirlir ki, informasiya axını həqiqətən çox böyükdür. Eyni zamanda KİV-lər arasında rəqabət gedir və bu rəqabətdə KİV-lər çox vaxt operativliyin təmin edilməsi xatirinə keyfiyyəti qurban verirlər.

Orijinal məqalələr və materiallar yazmaq dəbdən düşür, press-relizlər və ya mətbuat xidmətlərinin şərhləri ilə kifayətlənirlər. Məncə, jurnalistikada müasir vəziyyəti səciyyələndirən ən böyük bəla budur. Təsəvvür edə bilmirsən ki, sovet dövründə, məsələn, nazirliklər press-relizlər düzüb-qoşub redaksiyalara göndərsinlər – o vaxt onlar başqa üsulla işləyirdilər.

-AzərTAc-ın əməkdaşı kimi sizə bir sual verməyə bilmərəm: “RİA-Novosti”nin bizim agentliklər arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar planları varmı?

-Əslində biz AzərTAc ilə qarşılıqlı əlaqə saxlayırıq. Həm birbaşa əlaqələr sayəsində, həm də agentliklərimizin eyni peşə assosiasiyalarının üzvü olduğunu görə. Zənnimcə, hətta indi sizinlə bərabər Moskvada oturub danışmağımız faktı da ona dəlalət edir ki, bizim qarşılıqlı münasibətlərimiz məsələsində hər şey qaydasındadır.

Zənnimcə, AzərTAc da ağlabatan zərurət prinsipindən çıxış edir, yəni lazım gəldikdə əməkdaşlıq edirik, qalan vaxtlarda isə biz sadəcə paralel yaşayırıq. Başa düşürük ki, bizə həmişə kömək etməyə hazır olan tərəfdaşımız lap yaxınlıqdadır. Bu, qiymətli amildir.

-Bu cür böyük və nüfuzlu agentliyin baş redaktorunun müavini olmaq asandırmı? Xüsusən ona görə ki, baş redaktor qadındır. Siz necə hesab edirsiniz: dünyanı kişilər idarə edir, yoxsa sizin rəhbəriniz kimi gözəl qadınlar?

-Əvvələn, bizim agentlik həqiqətən böyük agentlikdə baş redaktorun bir neçə müavini, onların da hərəsinin öz iş sahəsi vardır. Baş redaktor vəzifəsində agentliyin rəhbəri Svetlana Mironyukdur.

Hesab edirəm ki, əgər dünyanı mənim rəhbərim kimi gözəl qadınlar idarə etsəydi, dünya daha yaxşı olardı. Bəli, dünyada çox şey öz həqiqi qiymətini alardı. Çünki bizim baş redaktorun malik olduğu intuisiya, həssaslıq və emosionallıq kimi keyfiyyətlərə yalnız qibtə etmək olar.

 

 

Azərbaycan.- 2011.- 12 may.- S. 7.