Azərbaycan Prezidenti İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Mərdəkanda görülən işlərlə tanış olmuşdur

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.

Mayın 12-də Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində görülən işlərlə yaxından tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında həyata keçirilən quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, Mərdəkanda da qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlanmışdır. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq yeni asfalt döşənmiş, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə asfalt salınması nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbələrində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin qurulacağının Dövlət Proqramına salındığı qeyd edilmişdir. Qəsəbənin işıqlandırma sistemi də tamamilə yenidən qurulacaqdır. Mərdəkanda 181 nömrəli orta məktəbin, 91 və 221 nömrəli körpələr evi və uşaq bağçalarının, 26 nömrəli birləşmiş şəhər xəstəxanasının, 2 nömrəli vərəm sanatoriyasının binalarının əsaslı şəkildə yenidən qurulacağı və ən müasir tələblərə cavab verən avadanlıq və inventarlarla təchiz ediləcəyi bildirilmişdir.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı qəsəbə sakinləri ilə görüşdü.

 

Prezident İlham ƏLİYEV qəsəbə ictimaiyyətinin nümayəndələrini salamlayaraq dedi:

- Bilirsiniz ki, Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Proqram hazırlanıbdır, kompleks tədbirlər nəzərdə tutulur. Bu ayın əvvəlində Proqram təsdiq olunub və yaxın zamanlarda işlər sürətlə aparılacaqdır. Artıq işlərin müəyyən hissəsi başlanmışdır. O cümlədən Mərdəkan qəsəbəsində yolların çəkilişi işləri başlanmışdır. Bu işlər geniş vüsət alacaqdır. Bütün qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Proqram mətbuatda dərc edilib, hər kəs onunla tanış ola bilər. Hər bir qəsəbə üzrə konkret tapşırıqlar verilmişdir. O ki qaldı Mərdəkan qəsəbəsinə, burada məktəbin, uşaq bağçalarının təmiri nəzərdə tutulub. Xəstəxana əsaslı təmir olunacaqdır. Yollar çəkiləcəkdir. Qazlaşdırma layihəsi nəzərdə tutulur. Əlbəttə ki, su və kanalizasiya layihələri də öz həllini gözləyir.

Beləliklə, Proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini tapmalıdır. Bilirsiniz ki, mən bu ərəfədə bir neçə qəsəbədə vəziyyətlə tanış olmuşam, sakinlərin arzularını dinləmişəm. Artıq Proqram qəbul edilib. Əlbəttə, gərək biz bu proqramın icrasını yoxlayaq, nəzarət edək, həm mən, həm də siz.

Mən istəyirəm ki, bütün qəsəbələrdə işlər qısa müddət ərzində, sürətlə aparılsın ki, insanları narahat edən məsələlər həll olunsun. Biz bu məsələləri, bu problemləri bilirik. Ona görə hesab etdim ki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi Dövlət Proqramı qəbul edilməli idi və biz bunu etdik. Bütün dövlət qurumlarına tapşırıqlar verilmişdir ki, fəal işləsinlər və yerli sakinlərin xahişləri, arzuları da mütləq nəzərə alınmalıdır.

Biz çalışmışıq ki, Proqramda bütün məsələləri əhatə edək. Ancaq təcrübə göstərir ki, bəzi hallarda bu, mümkün olmur. Çünki 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunanda orada bəzi məsələlər nəzərdə tutulmamışdı. Ona görə, biz vaxtaşırı o proqrama əlavələr də etmişik.

Bu Proqramla da bağlı oxşar vəziyyət yarana bilər. Ona görə əlavə təkliflər olan zaman onlara da baxılacaqdır. Ancaq biz çalışmışıq ki, insanları narahat edən əsas infrastruktur məsələləri orada öz həllini tapsın. Artıq işlər başlanmışdır. Əminəm ki, bütün tapşırıqlar vaxtında yerinə yetiriləcəkdir.

SAKİN: Cənab Prezident, qəsəbəmizə gəlişiniz həmişə bizim üçün bayram, unudulmaz anlardan biridir. Bu gün Sizin gəlişiniz bizə böyük ruh yüksəkliyi verir. Rayonumuz, qəsəbəmiz gündən-günə çiçəklənir, gözəlləşir. Rayonda, qəsəbədə bir çox işlər görülür. İndi biz əminik ki, Siz deyən proqram da tam həyata keçiriləndən sonra rayonumuz daha da gözəl olacaq, necə ki, respublikamız, necə ki, Bakı şəhərimiz çiçəklənir. Əminik ki, bizim rayon da heç bir rayondan geri qalmayacaqdır.

Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Sizə həmişə dəstək olmuşuq, bu gün də Sizə dəstəyik, gələcəkdə də dəstək olacağıq. Sizin siyasətiniz bizi tam əmin edir ki, respublikamızın böyük gələcəyi vardır.

İndi bir çox təkliflər vardır. Siz özünüz də dediniz, xəstəxana təmir olunmalıdır. Rayonumuzda 26 nömrəli ən böyük xəstəxana vardır. Qədim xəstəxanadır, təxminən 1982-ci ildə yenidən bərpa olunub. Ancaq uzun illər keçəndən sonra günün tələblərinə cavab vermir. Biz arzu edərdik ki, 26 nömrəli xəstəxana plana düşsün, yaxşı təmir olunsun və sakinlərimiz, veteranlarımız orada müalicə alıb özlərinin sağlamlığını bərpa edə bilsinlər.

Minnətdarıq Sizə, çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ olun. Dediyiniz məsələ öz həllini tapacaqdır. Proqramda 26 saylı xəstəxananın əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi məsələləri nəzərdə tutulubdur. Əminəm ki, yaxın zamanlarda işlər başlanacaqdır. Doğrudan da bu xəstəxananın çox böyük tarixi vardır. Bu bölgənin, bu zonanın mərkəzi xəstəxanası olmuşdur, təmirə ehtiyacı vardır və yüksək səviyyədə bərpa olunacaqdır. Təmirdən sonra açılışda bir yerdə iştirak edəcəyik. O ki qaldı rayonda gedən işlərə, bu işlər yaxşı gedir. Xəzər rayonu böyük, qədim rayondur. Mərdəkan böyük tarixə malik olan qəsəbədir, böyük və zəngin tarixi, mədəniyyəti vardır. Mən çox istəyirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün.

İndi Mərdəkana çox möhtəşəm giriş də yaradırıq, gözəl körpü tikilir. Siz yaxşı bilirsiniz ki, vaxtilə Mərdəkan dairəsində maşınlar bir neçə dəqiqə, bəlkə də yarım saat tıxacda dayanırdı. Mərdəkana məsafə azalmasa da, indi zaman baxımından daha sürətlə gəlmək mümkündür. Çünki artıq bu yolda heç bir dairə qalmamışdır. Onların yerində gözəl körpülər, yol ötürücüləri tikilib, yol genişləndirilib. İndi şəhərə getmək çox rahatdır.

Mərdəkanın daxili yolları da təmir olunacaqdır. Siz yaxşı bilirsiniz ki, bu yollar o qədər də enli deyildir. Amma əsas küçənin yenidən qurulması layihəsi işlənilir, təqdim olunacaq və bərabər baxacağıq ki, o küçəni nəqliyyat və piyadalar üçün daha da yüksək səviyyədə quraq. Bütün bu məsələlər öz həllini tapacaqdır. Sadəcə, mən istəyirəm ki, bu işlər sürətlə həll olunsun.

Qəbul edilmiş Proqram çox böyük proqramdır. Həm texniki cəhətdən, həm maliyyə baxımından böyük iş tələb edən layihədir. Bu Proqramın icrası üçün çox böyük vəsait tələb olunacaqdır. Biz bu il dövlət büdcəsinə əlavələr də edəcəyik ki, bu işləri təxirə salmadan həll edək. Ancaq buna baxmayaraq, Proqramın icra müddəti cəmi iki il yarımdır. Nə üçün? Çünki mən istəyirəm ki, bu məsələlər tezliklə həll olunsun. Əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır. Sizdən və bütün qəsəbələrdə yaşayan sakinlərdən xahiş edirəm ki, əgər hansısa bir məsələ düzgün həll olunmursa, yaxud da ki, hansısa qüsur varsa, mütləq mənə məlumat göndərin. İndi həm məktub göndərmək olar, elektron poçt vardır, yəni müxtəlif yollarla məlumat çatdırmaq mümkündür. Elə etməliyik ki, işlər yüksək səviyyədə görülsün və sakinlərin arzuları mütləq nəzərə alınsın.

SAKİN: Hörmətli Prezident, Siz qeyd etdiyiniz kimi, Xəzər böyük bir rayondur. Xəzər rayonu Abşeronun ən əsas guşəsidir. Sizin bu gəlişinizi biz may ayında olan bütün bayramların davamı kimi qəbul edirik. Mən bütün Mərdəkan sakinləri adından Sizə bu gün qəsəbəmizə təşrif gətirdiyinizə görə səmimi qəlbdən təşəkkür edirəm.

Bizim rayonda Sizin sərəncamlarınız əsasında böyük işlər görülür. Bu işlər göz qabağındadır. Bizim - mən buna problem deməzdim,- kanalizasiya məsələsi ən vacib məsələlərdən biridir. Sizin gördüyünüz işlər, verdiyiniz sərəncamlar, gəlib tapşırıqların icrasını yerində yoxlamaq, insanlara göstərdiyiniz qayğının təzahürüdür.

Mən bir daha qəsəbəmizin, bütün Xəzər rayonunun əhalisi adından Sizə böyük təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Qaldırdığınız məsələlər çox vacibdir. Kanalizasiya məsələsi, əfsuslar ki, nəinki Mərdəkan qəsəbəsinə, bütün qəsəbələrə aid məsələdir. Təəsüflər olsun ki, əvvəlki dövrlərdə kanalizasiya xətləri çəkilməmişdir. Bu böyük zəhmət və maliyyə mənbələri tələb edən məsələdir. Ancaq bu Proqram artıq icra olunmağa başlamışdır. Bütün müvafiq göstərişlər verilmişdir. "Azərsu" Səhmdar Cəmiyyəti bu işlərlə məşğuldur. Çalışacağıq ki, 2-3 il ərzində ölkəmizin bütün məntəqələrində kanalizasiya və su xətlərinin çəkilişinə nail olaq. Amma deyə bilərəm ki, bu çox böyük və mürəkkəb bir işdir. Çünki bu xətlər olmamışdır, yenidən çəkilməlidir, borular quraşdırılmalıdır, müasir təmizləyici qurğular tikilməlidir. Bütün bu işlər nəzərdə tutulur və əlbəttə, Bakıətrafı qəsəbələrdə də bu məsələyə biz ilk növbədə, diqqətimizi yönəldirik. Çünki bilirəm ki, insanları ən çox narahat edən məsələ məhz budur - içməli su, kanalizasiya. Vaxtilə biz elektrik enerjisindən korluq çəkirdik. Bu məsələ həll olundu. İndi bu problem yoxdur.

Qazlaşdırma prosesi sürətlə gedir, müəyyən işlər görülüb və ölkəmizdə nəzərdə tutulan bütün qazlaşdırma layihələri gələn ilin sonuna qədər icra ediləcəkdir. Bütün qəsəbələr qazla təmin ediləcəkdir.

İndi Azərbaycan reallıqları başqa ölkələrdə də qiymətləndirilir və öyrənilir. Bizim təcrübəmiz və bizdə gedən quruculuq, abadlıq işləri diqqətçəkən məsələdir.

İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu, həqiqətdir. Bunu həm biz bilirik, həm Bakıya gələn qonaqlar da bunu qeyd edirlər. Bakıda gözəl parklar salınır, binalar tikilir, bərpa olunur, yollar çəkilir, infrastruktur yaradılır. Bakı doğrudan da dünya səviyyəli gözəl şəhərə çevrilib. Elə etməliyik ki, Bakıətrafı qəsəbələr də öz müasirliyi, gözəlliyi, təmizliyi ilə seçilsin. Bunu etmək üçün bütün imkanlar vardır. Artıq konkret proqram da vardır. Bu proqram həm qaldırdığınız məsələlərin həllinə kömək göstərəcək, eyni zamanda, orada bütün qəsəbələrin abadlığı məsələləri öz həllini tapmalıdır. Yol həm rahatlıq, həm də abadlıqdır. Bütün binaların rənglənməsi, bərpası, hasarların çəkilməsi, ağacların əkilməsi abadlıqdır. Ancaq keçən il bir neçə milyon ağac əkilmişdir. Bu, sağlamlıq deməkdir.

SAKİN: Möhtərəm cənab Prezident! İcazə verin, Sizi salamlayım, Mərdəkana "Xoş gəlmisiniz!" deyim və ümumiyyətlə, qəsəbəmizin əhalisinin buraya gəlişinizdən məmnunluğunu Sizə çatdırım.

Cənab Prezident, Siz səkkizinci ildir ki, Azərbaycana rəhbərlik edirsiniz. Bu dövrdə Siz respublika üçün, Azərbaycan xalqı üçün çox böyük işlər görmüsünüz. Hamısı göz qabağındadır. Bu gün Azərbaycan xalqının rahat, asudə, firavan yaşayışı, öz işi ilə məşğul olması Sizin siyasətinizin nəticəsindədir. Ətrafımızda, dünyada baş verən qırğınlar, şükürlər olsun ki, Sizin siyasətiniz nəticəsində bizim ölkəyə sirayət etmir və inanırıq ki, etməyəcəkdir. Bu siyasəti Siz yürüdürsünüz. Əlbəttə, bu siyasəti ulu öndərimizdən dərs almış bir insan apara bilərdi. Dünyanın böyük ölkələri, tanınmış siyasətçiləri arasında Siz düzgün, dəqiq, tarazlı siyasət apara bilirsiniz. Biz bunu ürəkdən alqışlayırıq. Çox sağ olun ki, Azərbaycan xalqının bu cür rahat yaşaması üçün çalışırsınız, tək özünüz yox, ailəliklə çalışırsınız.

Mehriban xanımın da gördüyü işlər göz qabağındadır. Bizi - Azərbaycan qadınını xaricdə Mehriban xanımın simasında tanıyırlar.

Cənab Prezident, dediyim kimi, görülmüş işlərdən danışmaqla qurtarmaq olmaz. Sizin tapşırıqlarınız əsasında qəsəbələrin inkişafı üçün tərtib olunmuş proqram da biz sakinlərin iştirakı ilə müzakirə edildi, tərtib olundu və Prezident Administrasiyasına təqdim edildi.

Bunlar hamısı, əlbəttə, Sizin uğurlu siyasətinizin, Azərbaycan xalqı, Vətən üçün gördüyünüz gözəl işlərin nəticələridir.

Bütün bunlarla bərabər, görüləsi işlər də çoxdur. Bizim bu gün qarşısında durduğumuz bu məktəb vaxtilə rəhmətlik Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilib. Biz burada - bu məktəbin köhnə binasında təhsil almışıq. Bu bina sonradan tikilib. O köhnə binanın yenidən bərpasına böyük ehtiyac vardır. Qoy onu biz itirməyək. Mərdəkan əhalisi bu məktəbi Hacı Zeynalabdin Tağıyevin məktəbi kimi tanıyır. O, bugünkü tələblərə cavab vermir. Düzdür, istifadə olunur, amma bu gün üçün deyil, əsrin əvvəlində tikilmiş binadır.

Cənab Prezident, Siz Vətən üçün hələ çox işlər görəcəksiniz. Bu yolda Sizə möhkəm cansağlığı, yenilməz iradə, tükənməyən qüvvə arzulayırıq. Tanrı Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Dediyiniz sözlərə görə sizə çox minnətdaram. Mən bundan sonra da çalışacağam ki, doğma xalqıma xidmət edim. Biz ölkə qarşısında duran bütün vəzifələri həll etməliyik. O ki qaldı bu məktəb məsələsinə, əlbəttə, bu məktəb təmir olunacaqdır.

Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük işlər görmüşdür. Onun xatirəsi bizim üçün çox əzizdir. Mən şəxsən onun gördüyü işlərə çox yüksək qiymət verirəm. Onun kimi şəxsiyyətlər Azərbaycan xalqını o dövrdə lazımi səviyyədə təmsil etmişlər. Əlbəttə, o, zəngin adam idi, öz zəhməti hesabına böyük maliyyə imkanlarına da nail olmuşdu. Ancaq o imkanlardan xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə etdi. O istəyirdi ki, Azərbaycan gəncləri oxusunlar, ağıllı, bilikli olsunlar. İstəyirdi ki, Azərbaycanda sosial məsələlər öz həllini tapsın. Öz vəsaiti hesabına böyük su kəməri çəkdirdi, məktəblər tikdirdi, kimsəsiz, kasıb uşaqları ali məktəblərə oxumağa göndərirdi. Belə görkəmli şəxsiyyətin bütün mədəni, mənəvi və maddi irsinə biz gərək hörmətlə yanaşaq. Məhz bu məqsədlə biz onun Bakıdakı evini əsaslı təmir və bərpa etdik. Orada indi Azərbaycan Tarix Muzeyi yerləşir. Amma eyni zamanda, biz onu Hacı Zeynalabdinin evi kimi bərpa etdik. Onun burada - Mərdəkan qəsəbəsində qəbrini də o vaxt biz abadlaşdırdıq. "Pir Həsən" ziyarətgahı hələ neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə abadlaşdırıldı. Mən bir daha demək istəyirəm ki, o, Azərbaycan tarixində ən görkəmli simalardan biridir. Onun xeyriyyəçilik missiyası Azərbaycan xalqının inkişafına xidmət edib. Mən müasir dövrün sahibkarları ilə dəfələrlə görüşürəm və onlara da dövlət tərəfindən dəstək verilir. Mən istəyirəm ki, sahibkarlıq inkişaf etsin, insanlar daha da zəngin olsunlar. Hər dəfə onlara tövsiyə edirəm ki, sosial məsuliyyət məsələlərinə də diqqət göstərsinlər. İmkanlı, varlı adam elə etməlidir ki, kimin imkanı yoxdursa ona əl uzatsın, ona kömək göstərsin. Bu, onun Allah qarşısında da, vicdan qarşısında da xidməti olacaqdır.

Bu məktəb mütləq təmir olunacaq, müvafiq sərəncam imzalanacaq və biz onun xatirəsinə gözəl abidə yaradacağıq. Bu məktəbin tikintisi ilə əlaqədar yaranmış problemləri indi mənə dedilər. Əgər burada qüsurlar varsa, onlar da aradan qaldırılacaqdır.

 

* * *

 

Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

 

* * *

 

Sonra Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli orta məktəbin binası ilə tanış oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-13 may.- S. 2.