Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Gənc nəslin sağlam böyüməsi üçün idmanın kütləviliyinin təmin olunması, gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədi ilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü iş aparılır. İndiyədək 31 Olimpiya İdman Kompleksi tikilmişdir, 8 belə kompleksin inşası isə davam etdirilir. Eyni zamanda bir çox idman qurğuları, stadionlar, gənclər mərkəzləri, mədəniyyət və istirahət ocaqları da yaradılmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Saatlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 1(bir) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2011-ci il

 

Azərbaycan.- 2011.- 13 may.- S. 2.