Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin və Mədəni irs üzrə Rəhbər Komitənin növbəti iclaslarında Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunları yüksək qiymətləndirilmişdir

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti mayın 3-4-də Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət üzrə Rəhbər Komitəsinin, ayın 5-6-da isə Mədəni irs üzrə Rəhbər Komitənin növbəti iclaslarında iştirak etmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, iclasda Avropa Şurasında aparılan ümumi islahatlar və təşkilatın strukturunda mədəniyyət sahəsində aparılacaq islahatlara dair AŞ baş katibinin təklifləri, müvafiq konvensiyaların icrası və yeni monitorinq mexanizmləri, mədəni hüquqların qorunması və Avropa İnsan Hüquqları Məhkəməsi ilə əməkdaşlıq, mədəniyyətlərarası şəhərlər, mədəni marşrutlar, Kiyev təşəbbüsü regional proqramı, tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi, "Sənətçilər dialoq naminə" layihəsi, 2012-ci ildə Rusiyada Avropa mədəniyyət nazirlərinin konfransının təşkili və mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin təsis edilməsi müzakirə edilmişdir. Həmçinin bir sıra yeni layihələrin təqdimatları keçirilmişdir.

İclaslarda, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş müzakirə olunmuşdur. Avropa Şurası rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən Forum və onun nəticələri gələcəkdə təşkilatın fəaliyyətinə müsbət təsir edəcəyi, yeni yaradılacaq mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə Rəhbər Komitənin işi ilə tam uyğun olduğu iştirakçılar tərəfindən qeyd edilmişdir. Avropa Şurası rəhbərliyi və iclasın iştirakçıları Azərbaycan hökumətinə belə bir mötəbər tədbiri təşkil etdiyinə görə təşəkkür etmiş, Forumun davamlı olaraq təşkil ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Səfər çərçivəsində Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerlə Bakı Forumunun nəticələrini müzakirə etmək məqsədi ilə görüş keçirilmişdir. R.Palmer Forumun yüksək səviyyədə keçdiyini qeyd edərək onun daimi əsasda Davos formatında təsis edilməsini alqışladığını, bunun həm Azərbaycanın mədəniyyətinin təbliğinə, siyasi gücünün artırılmasına, həmçinin Avropa Şurası dəyərlərinin təşviqinə töhfə verdiyini, növbəti Forumun təşkilində nazirlik ilə əməkdaşlıq etməkdən məmnun olacağını bildirmişdir.

İclasda S.Məmmədəliyeva tərəfindən Bakı Forumu və onun nəticələri barədə məlumat verilmiş, hər iki ildə bir dəfə keçiriləcəyi, 2013-cü ildə növbəti Forumun təşkilinə hazırlığın başlanıldığı iştirakçıların diqqətinə çatdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 may.- S. 2.