"Bakı Ürək Günləri"
Beynəlxalq Konqresinin iştirakçılarına
Hörmətli Konqres iştirakçıları!
Sizi - Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimiqəlbdən salamlayır, Konqresinizin işinə uğurlar, hər birinizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.
Bu il öz dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini qeyd edən ölkəmizdə səhiyyə sisteminin inkişafı, o cümlədən kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində çox işlər görülmüşdür. Paytaxtda və regionlarda müasir tipli tibb müəssisələrinin qurulması və onların zəruri avadanlıqla təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaratmışdır. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır.
Ümidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik olan bu Konqres Azərbaycan kardioloqlarının xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə tibb elminə öz layiqli töhfələrini verəcəkdir.
Ən xoş arzularla,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2011-ci il
Azərbaycan.- 2011.- 14 may.-
S. 1.