"Onun həyatının əsas qayəsi müstəqil Azərbaycandır. Bu isə əbədidir!"

 

Təsisçisi və baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan "Baku" jurnalının növbəti, 23-cü nömrəsində (may-iyun, 2011-ci il) İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın "Lider formulu" adlı məqaləsi dərc edilmişdir. Müəllif həmin məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında çox səmimi xatirələrini oxucularla bölüşür. AzərTAc həmin məqalənin tam mətnini təqdim edir.

 

Lider formulu

 

Bu yaxınlarda mən otuz il bundan əvvəl Heydər Əliyevlə Moskvada, hökumətdə işləmiş insanların onun haqqında xatirələrini eşitdim. Onlar Heydər Əliyev haqqında sadəcə ürəkdən, səmimi, simsar kimi deyil, elə danışırdılar ki, sanki onunla dünən ayrılmışdılar. Onların sözləri ürəkdən gəlirdi.

Arkanzasda Bill Klintonun prezident kitabxanasında bir kabinet var, orada onun rəsmi şəxslərdən qəbul etdiyi hədiyyələr saxlanılır. Kitabxananın sahəsi böyük deyil və Klintonun hakimiyyətdə olduğu iki prezidentlik müddətində ona verilmiş minlərlə hədiyyəyə, əlbəttə, burada yer çatmır. Bu kitabxanada Klinton üçün ən dəyərli hədiyyələr sərgilənir. Heydər Əliyevin ona bağışladığı iki hədiyyənin görməli yerdə olması dərhal diqqətimi cəlb etdi. Klinton mənimlə söhbət zamanı etiraf etdi ki, Azərbaycan Prezidenti ilə görüş onun xatirində dərin iz qoymuşdur. Heydər Əliyev həm sadə insanlarda, həm də dünya liderlərində tamamilə fərqli təəssürat yaratmağa müyəssər olurdu.

 

Hakimiyyət formulu

 

Biz "Hakimiyyət formulu" adlı silsilə televiziya verilişləri hazırlamağa yenicə başlayanda mən Heydər Əliyev barəsində film çəkmək haqqında düşünürdüm. Bir tərəfdən, tamaşaçıları Əliyevlə təkcə dövlət başçısı kimi deyil, həm də bir insan kimi tanış etmək istəyirdim. Digər tərəfdən, bir qədər çəkinirdim. Mənim gənclik və yetkinlik illərim Heydər Əliyevin dövründə Bakıda keçmişdir. Buna görə də necə böyük bir şəxsiyyətlə söhbət etməli olacağımı bilirdim və müsahibimə layiq olmaq üçün səylə hazırlaşırdım.

Yadımdadır, Heydər Əliyev lap son dəqiqəyə qədər bu proqramın formatının ona münasib olub-olmaması barədə götür-qoy edirdi. Nəhayət, çəkilişin nə qədər davam edəcəyi ilə maraqlandı. Mən tez cavab verdim: "Yarım saat!" Bir qədər irəli gedərək deməliyəm ki, biz hələ verilişin yarısını çəkməmiş Əliyev saatına baxdı və dedi: "Sən 30 dəqiqə xahiş etmişdin, amma artıq ikinci saat başa çatmaqdadır". Sonra belə bir problem yarandı: Hədsiz maraqlı olan bir neçə saatlıq videomaterialı 26 dəqiqəlik "Hakimiyyət formulu" verilişinə necə sığışdırmalı? Mən telekanalın rəhbərliyini razı saldım ki, Əliyev haqqında iki dəfə artıq - 52 dəqiqəlik proqram hazırlamağa icazə versinlər. Lakin bu, işin yarısı idi. Bundan sonra mən müsahibənin videoyazısındakı bütün pauzaları və nidaları "qayçıladım", Heydər Əliyevlə söhbətimizi maksimum tam həcmdə saxlamaq üçün saniyələrə qənaət etməyə çalışırdım.

Məlum oldu ki, Heydər Əliyev heyrətamiz dərəcədə xoşagələn, həssas müsahibdir. Peşəkar jurnalist kimi mən bu cür görkəmli insanla söhbət etməkdən, onun zəka oyununu, güclü məntiqini, insanı heyran edən yaddaşını, təsirli və güclü metaforalarını müşahidə etməkdən daha böyük məmnunluq təsəvvür etmirəm. Lakin ən başlıcası, Əliyev çox səmimi idi. Mən özümü dövlət başçısından müsahibə götürən jurnalist kimi hiss etmirdim. Mənə elə gəlirdi ki, yaxın bir adam özü ilə bağlı ən məhrəm məqamlar barədə səmimi söhbət edir. Səmimi siyasətçi çox nadir, demək olar ki, müstəsna hadisədir. Əliyev səviyyəli siyasətçilər mahiyyətcə səmimi olmurlar. Amma o, səmimi idi.

Siyasətçilərin geniş yayılmış və mənim fikrimcə, o qədər də xoşa gəlməyən tipi hamıya yaxşı məlumdur. Belə siyasətçilərin daxilində canlı insan, demək olar ki, görünmür. Onların çöhrəsində həmişə saxta təbəssüm olur, istənilən suala cavabları həmişə hazırdır. Belə insanlar kamera onları çəkənə qədər sərbəst və demokratik olurlar. Heydər Əliyev tamam başqa insan idi. O, hər məsələdə, istənilən şəraitdə tamamilə təbii idi.

Əliyevin siyasətçilər üçün təəssüf ki, nadir sayılan bir keyfiyyəti də vardı - güclü yumor hissinə malik idi. O, zarafatı duyur və incə ironiyaya malik idi. Bizim SİTA-da bəzən KİV-lərin baş redaktorları hakimiyyət nümayəndələri ilə söhbət etmək üçün süfrə arxasında toplaşırlar. Bu görüşlər, necə deyərlər, yazı üçün nəzərdə tutulmayan qeyri-rəsmi görüşlərdir. Doqquz il əvvəl Heydər Əliyev belə görüşlərin birində olmuşdur, lakin redaktorlar həmin söhbəti hələ də xatırlayırlar. Əliyev onları nə ilə sehrləmişdir? Öz səmimiliyi, dərin zəkası, incə ironiyası, aforistik ifadələri ilə, ən qəliz suallara da çox asanlıqla və ağıllı cavablar verməsi ilə.

Yeri gəlmişkən, suallara cavablar barədə. Adətən mən öz verilişlərimə yenidən baxmıram, amma Heydər Əliyevlə bağlı proqrama bu illər ərzində dəfələrlə baxmışam və demək olar ki, mistik bir məqam müşahidə etmişəm: onun sözlərində hər dəfə sanki nə isə yeni bir məna eşidirəm.

"Hakimiyyət formulu" layihəsinin həyata keçirildiyi 12 ilə yaxın müddətdə 170-dən çox dövlət və hökumət başçısı həmsöhbətim olmuşdur. Mən müsahibimin şəxsiyyətinin miqyasını hiss etməyi öyrənmişəm. Belə ki, bizim silsilə verilişlərin bütün qəhrəmanları arasında mənə ən güclü təsir bağışlayan iki nəfər olmuşdur: Çin Xalq Respublikasının keçmiş sədri Tszyan Tszemin və Heydər Əliyev. Burada bir məsələni də nəzərə almaq lazımdır: Tszyan Tszeminin güclü fiqurasının arxasında əhalisinin sayı az qala milyard yarıma çatan Çin dayanır. Əliyevə gəldikdə isə (qoy həmvətən dostlarım məndən inciməsinlər), onun şəxsiyyətinin siyasi miqyası rəhbərlik etdiyi ölkədən qat-qat böyük idi. Mənim fikrimcə, bununla fəxr etmək olar.

Rəhbərin şəxsiyyətinin miqyası ölkənin ölçülərindən kiçik olması qat-qat pis haldır.

Əliyev hansı ölkəyə rəhbər olmağa müvafiq idi? Keçən əsrin səksəninci illərinin əvvəlində Yuri Andropov Heydər Əliyevi SSRİ hökumətinin sədri vəzifəsinə irəli çəkmək məsələsini qoymuşdu. Mənim fikrimcə, əgər çərxi-fələk bu ssenari üzrə hərəkət etsəydi, Əliyevin miqyası məhz Sovet İttifaqı kimi böyük bir ölkənin miqyası ilə üst-üstə düşərdi.

 

Xarizma formulası

 

Heydər Əliyevlə ünsiyyətdə olanların hamısı onun xarizmasının çox güclü təsirinə düşürdü. Ümumiyyətlə, siyasətçi üçün xarizma (intuisiya ilə bərabər) zəruri keyfiyyətdir, bu keyfiyyəti olmayan siyasətçi heç vaxt böyük fiqura çevrilə bilməz. İnsanın özündə xarizma yaratması qeyri-mümkündür, bu, Allah vergisidir. Xarizmanın dəqiq reseptini müəyyən etmək də çətindir. Lakin mənə belə gəlir ki, müəyyən mühüm inqrediyentlər dərhal görünür. Heydər Əliyevin xarizması nədən ibarət idi?

Xarici görkəmdən başlayaq. O, uca boylu, qəşəng, çox fotogenik kişi idi. Bəziləri bunu xırdaçılıq hesab edə bilər, lakin siyasətçini kameranın "sevməsi" onun üçün çox vacibdir. Bundan əlavə, Heydər Əliyev obyektiv qarşısında çox arxayın, sərbəst dayanırdı, hərçənd bunu heç vaxt öyrənməmişdir. Təbii artistizm ona xas idi. Yadımdadır, "Azərinform" agentliyinin fotomüxbirləri Əliyev haqqında çox razılıqla danışırdılar. O, istənilən rakursda çox gözəl görünür, fotokameraya səmimi təbəssümlə baxırdı. Bununla belə o, həmişə çox diqqətli, hətta özünün fototəsvirlərinə münasibətdə çox diqqətcil idi.

Bu insan güc, qüvvə mənbəyi idi, özü də bu, dərhal hiss olunurdu. Ömrünün son günlərinə qədər bu daxili gücünü və polad iradəsini qoruyub saxlamışdı. 2003-cü ilin aprel ayında Heydər Əliyevin səhhətindəki ciddi problemlərə baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin 30 illiyinə həsr edilmiş təntənəli iclasda nitq söyləməyi qərara almışdı. Bu hərbi məktəb Heydər Əliyevin əməyinin bəhrəsidir. Onun yaradılması təşəbbüsünü Heydər Əliyev irəli sürmüş və bütün bu illər ərzində ona hamilik etmişdi. Çıxış vaxtı Heydər Əliyevin halı pisləşdi, büdrədi, lakin başqasının köməyi olmadan yenidən tribunaya qalxdı. Halbuki onun yaşı 80-i haqlamışdı. Onun əhvalı ikinci dəfə pisləşdi, lakin o, iradəsini cəmləşdirərək nitqini başa çatdırdı. Rəmzi haldır ki, bu, onun kütlə qarşısında son çıxışı idi.

Əliyev insanlarla maraqlanır, onlarla söhbət etməyi bacarırdı. İnsanlar üçün isə Əliyevlə görüş onların həyatında ən əlamətdar hadisələrdən birinə çevrilirdi. O, kabinetinə daxil olan hər kəsi özünə məftun edə bilirdi. Yaxşı yadımdadır, Dmitri Şostakoviç Heydər Əliyevlə Bakıda görüşü haqqında çox ehtiramla, emosiyasını gizlətmədən, demək olar ki, vəcdlə danışırdı. Halbuki Şostakoviç öz həyatında saysız-hesabsız insanlarla görüşmüşdü.

Eşitdiyimə görə, Heydər Əliyev ali rəhbər vəzifəyə seçilməzdən əvvəl dost məclislərinin yaraşığı olmuşdur. O, çox yaxşı rəqs edirdi. Həqiqətən, istedadlı insan hər sahədə istedadlıdır.

Nəhayət, Heydər Əliyevin fenomenal yaddaşı vardı. Bu barədə rəvayətlər qoşmaq olar. Məsələn, müxtəlif partiya plenumlarında və qurultaylarında onun işini xatırlayaq. Çıxış edənlər bir neçə gün məruzələr oxuyur, sonda isə Əliyevin yekun sözü olur. Bu yekun söz bir neçə saat davam edə bilərdi. O, məruzəçilərdən kimin nə deməsini yada salır, onların çıxışlarını şərh edir, suallara konkret misallarla, faktlarla əsaslandırılmış şəkildə cavab verirdi.

Daha bir detal. Mən film üzərində işləyərkən Əliyevlərin evində "Nuh əyyamından qalmış" sovet kinokamerası ilə çəkilmiş arxiv kadrları tapdım. Həmin kadrlarda Heydər Əliyevin həyat yoldaşı - fantastik dərəcədə xeyirxah, çox ağıllı və çox nəcib qadın, böyük alim, akademik, təbabət professoru Zərifə Əziz qızı piano arxasında əyləşmişdi. Heydər Əliyev özü isə oxuyurdu. Bu, insanın qəlbini riqqətə gətirən, çox səmimi səhnə idi. Heydər Əliyevin necə cazibəli insan olması hətta bu köhnə kinokadrlarda da aşkar görünür.

 

Sadəlik formulu

 

Bu hadisə SSRİ-nin son dövrlərində baş vermişdir. Köhnə quruluş can üstündə idi. Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən getməyə məcbur etdilər. Mətbuatda onun barəsində sifarişli, qərəzli məqalələr dərc edilməyə başlandı. O vaxt heç kəs güman etmirdi ki, Əliyev lap tezliklə böyük zəfərlə Vətənə qayıdacaq və Azərbaycan Respublikasına başçılıq edəcəkdir. Bu qarışıqlıq dövründə Moskvadakı Kino Evində hələ lap gənc rejissor Murad İbrahimbəyovun "Qızıl buzovların valsı" adlı filminin premyerası oldu. Premyeraya Muradın atası, istedadlı yazıçı Maqsud İbrahimbəyov gəlmişdi. O, baxışa Heydər Əliyevi də dəvət etmişdi. Əliyev lap köhnə bir "Jiquli"də gəldi. Sükan arxasında onun keçmiş mühafizə rəhbəri Saşa İvanov əyləşmişdi. Bu səhnə hamıya çox güclü təsir bağışladı.

Film başa çatanda Maqsud qonaqların bir hissəsini, o cümlədən, əlbəttə, Heydər Əliyevi də Kino Evinin restoranına dəvət etdi. Heydər Əliyev də hamının təəccübünə rəğmən razılaşdı. Mənə bu ali qonağın yanında əyləşmək və onu darıxmağa qoymamaq tapşırılmışdı.

Fikirləşdim ki, ən yaxşısı - Heydər Əliyevə onun barəsində Bakıda yayılmış müxtəlif rəvayətləri və zarafatları söyləməkdir. Məsələn, 1958-ci ildə "Azərbaycanfilm" kinostudiyasında qəhrəman kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında "Uzaq sahillərdə" filmi çəkilmişdi. İtalyan partizanlarının sıralarında döyüşmüş Mehdi, alman zabiti forması geyərək düşmənlərin arxasına keçir və hər dəfə orada nəyisə partladırdı. Partizanlar arasında onun ləqəbi Mixaylo idi. Onu hamı, o cümlədən düşmənləri də tanıyırdı. Filmin süjetinə görə, Hüseynzadə faşistlərin arxa cəbhəsində tapşırıq yerinə yetirməyə gedəndə bütün almanlar təşvişə düşərək bir-birinə deyirdilər: "Mixaylo şəhərdədir". Heydər Əliyev isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə qəflətən, onu qarşılamağa əsla hazır olmadıqları yerlərdə: şəhər avtobusunda, mağazada, küçədə görünməyi çox xoşlayır, adi insanların necə yaşamasını müşahidə edir və yoxlayırdı. Belə günlərdə bakılılar bir-birinə deyirdilər: "Mixaylo şəhərdədir".

"Həyati lətifələr" seriyasından daha bir nümunə. Çox vaxt Heydər Əliyev hər hansı bir abidənin açılışında və ya bayram tədbirində çıxış etməli, bir sözlə, açıq havada nitq söyləməli olduğu günlərdə belə olurdu: səhərdən yağış yağır, yaxud hava çiskin olur, bayram əhvali-ruhiyyəsinə uyğun olmurdu. Lakin Heydər Əliyev tribunaya çıxan kimi yağış dayanır, buludlar dağılır, səma açılır, hava istiləşirdi. Bu, nə isə mistika idi. Belə müəmmalı hallar barədə söhbətlər çox olurdu.

Növbəti tədbirin qızğın vaxtıdır. Hava tutqun, çiskinlidir. Lakin çıxış üçün Əliyevə söz verilən kimi, elə bil komanda üzrə günəş çıxır... Tədbirin rəsmi hissəsi başa çatanda mən "Azərinform"un ovaxtkı rəhbəri, vaxtilə Heydər Əliyevin köməkçilərindən biri olmuş Yefim Qurviçə yaxınlaşaraq dedim: "Görürsünüzmü, Yefim Qriqoryeviç, deyəsən səma dəftərxanasında Heydər Əliyevə xüsusi münasibət vardır!" Qurviç tam soyuqqanlı şəkildə cavab verdi: "Əlbəttə, axı orada, yuxarıda ağıllı adamlar əyləşir. Onlar onu niyə əsəbiləşdirməlidirlər!" Mən bunları bir qədər də "bəzəyərək" Əliyevə söylədim və sonra başa düşdüm ki, o özü bütün bu əhvalatları məndən daha yaxşı bilir. Hətta mənim söylədiklərimə bir neçə ləzzətli xırdalıqlar da əlavə etdi. Bu zaman bizimlə yanaşı əyləşən moskvalı rejissorlar və artistlər Əliyevin bu cür sirayətedici gülüşünün səbəbini heç cür başa düşə bilmirdilər.

 

Əbədi həyat formulu

 

Deyirlər, insan haqqında xatirələr yaşadıqca insan özü də yaşayır. Təəssüf ki, böyük insanları xatırlayan insanlar özləri də həyatdan köçür. Lakin Heydər Əliyev haqqında xatirələr təkcə yaddaşlarda deyil, həm də onun əməllərində yaşayacaqdır, hərçənd xatirələri də qorumaq lazımdır.

Onun həyatının əsas qayəsi müstəqil Azərbaycandır. Bu müstəqillik isə əbədidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-14 may.- S. 1, 3.