Azərbaycan paytaxtında "2-ci
Bakı Ürək Günləri" Beynəlxalq konqresi
öz işinə başlamışdır
Mayın 13-də "Gülüstan" sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresi öz işinə başlamışdır. Bu beynəlxalq tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmişdir.
Konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-ə yaxın kardioloq və kardiocərrah iştirak edir. Tədbirdən məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Azərbaycan paytaxtında "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresinin keçirilməsində Milli Onkologiya Mərkəzinin baş direktoru, Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, görkəmli alim, akademik Cəmil Əliyevin xüsusi xidməti olmuşdur.
Konqresin əhəmiyyətini AzərTAc-a şərh edən akademik C.Əliyev demişdir:
- Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi çox əhəmiyyətli hadisədir. Dünyanın müxtəlif ölkələrindən tanınmış kardioloqların konqresdə iştirakı Azərbaycanda səhiyyə sahəsinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu konqres bizim mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına da şərait yaradacaq, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacaqdır.
Tədbirin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxumuşdur.
Nazir müavini ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açmışdır. Bildirilmişdir ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müasir avadanlıqla təmin olunmuş müalicə-diaqnostika mərkəzləri istifadəyə verilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ilk dəfə açıq ürək əməliyyatı 1971-ci ildə həyata keçirilmişdir. Azərbaycan o dövrdə Rusiyadan sonra bu əməliyyatı reallaşdıran ikinci ölkə olmuşdur.
E.Ağayev məlumat vermişdir ki, ürək-damar xəstəlikləri dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. Bu xəstəlik hər il dünyada 17 milyondan çox insanın həyatına son qoyur.
AÜDCC-nin sədri Kamran Musayev çıxış edərək bildirmişdir ki, belə tədbirlərin ölkəmizdə reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin məntiqi nəticəsidir. Respublikamızda kardiologiya və ürək-damar cərrahiyyəsi məhz ümummilli liderimizin diqqət və qayğısı sayəsində sürətli inkişaf yoluna qədəm qoymuşdur. Dahi liderin bu sahədəki uzaqgörən siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Faiq Quliyev ölkəmizdə səhiyyənin digər sahələrində olduğu kimi, kardiologiya sahəsində də çox sürətli inkişafın müşahidə edildiyini bildirmişdir. Son illərdə Azərbaycan kardiocərrahlarının uğurlu əməliyyatları yüksək qiymətləndirilir.
Tədbirin ilk günündə "Ürək patalogiyalarında ürək komandasının yanaşması: kardioloqun baxışı", "Çox damar koronar arteriya xəstəliyi", "Aortal qapaq", "Ürək çatışmazlığı" və digər mövzularda məruzələr dinlənilmiş, səmərəli müzakirələr aparılmışdır.
Mayın 15-dək
davam edəcək konqresdə kardiologiya və ürək cərrahiyyəsinin
ən mübahisəli problemlərinə toxunulacaqdır.
Dünyanın tanınmış mütəxəssisləri
ilə birgə xəstələr üzərində
aparılacaq əməliyyatların gedişi tədbirdə
canlı yayımlanacaqdır.
Azərbaycan.- 2011.- 14 may.- S. 3.