Hər bir vətəndaşın mənafeyinə xidmət edən sosialyönümlü islahatlar

 

Tarixən hər bir dövlətin gücü və qüdrəti ilk növbədə onların iqtisadi inkişaf səviyyəsi ilə müəyyənləşmişdir. Dinamik inkişaf yolunda olan dövlətlər məqsədlərinə doğru inamla irəliləmiş, dünya miqyasında söz sahibinə çevrilmişlər. İnkişaf prosesi özü isə məqsədyönlü, sistemli və səmərəli fəaliyyətin nəticəsi kimi dəyərləndirilmişdir. Elmi əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti davamlı inkişafa aparan strateji məqsədləri gerçəkləşdirməyə nail olmuşlar.

Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın da siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqeyini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş neft strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.

2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq Prezident səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev ötən dövrdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirir. İdarəetməyə yeni ruh və müasirlik çalarları gətirmiş dövlət başçısı hökumətin xalq qarşısında hesabat verməsini sosal-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etməklə yanaşı, mövcud nöqsanlar, çatışmazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez bir zamanda aradan qaldırılmasına çalışır.

 

Regional inkişaf tədbirləri uğurla davam edir

 

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi kimi prioritet məsələlər cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsasını təşkil etmişdir. İlin ilk üç ayında Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər ilk növbədə sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir.

Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq rüb ərzində ölkə iqtisadiyyatı 1,6 faiz artmış, qeyri-neft sektorunda bu rəqəm 5,6, qeyri-neft sənayesində 9,8 faiz təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində yanvar-mart aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 16,8, orta aylıq əməkhaqqı 11,7 faiz artmış, əhalinin adambaşına düşən gəlirləri inflyasiya səviyyəsini 7,7 faiz üstələmişdir. Rübün yekunlarına görə ölkədə orta əməkhaqqı 340 manat və ya 430 dollar təşkil etmişdir.

İlin əvvəllərindən ölkənin valyuta ehtiyatlarının 4 milyard dollar artaraq 30 milyarddan 34,4 milyard dollara çatması da hökumətin fəaliyyətinin səmərəliliyi ilə bağlı kifayət qədər dolğun təəssürat yaradır. Valyuta ehtiyatlarının sürətli artımının əsas səbəblərindən biri də dünya bazarlarında neftin qiymətlərinin yüksəlməsidir. Nazirlər Kabinetinin son iclasında da vurğulandığı kimi, dünya bazarlarında Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan qiyməti (60 dollar) 80 faizdən çox üstələyir. Xam neftin qiymətinin artması cari ilin birinci rübündə dövlət və icmal büdcə gəlirlərinin, o cümlədən Dövlət Neft Fondunun gəlirlərinin də artmasına şərait yaratmışdır. Bu artım icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə, habelə Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olmasını şərtləndirir.

Ümumiyyətlə, dünya iqtisadi-maliyyə böhranının hələ də tam səngimədiyi 2008-2011-ci illərdə Azərbaycanın dinamik inkişafının ən qabarıq göstəricisi ölkənin strateji valyuta ehtiyatlarının 27 milyard ABŞ dolları artmasıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bunu Azərbaycanın ciddi uğurlarından biri kimi dəyərləndirmişdir: "Ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir. Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır".

Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev qeyri-neft sektorunun inkişafının, enerji resurslarından asılılığın azaldılmasının hökumət qarşısında prioritet vəzifələrdən biri olduğunu bir daha vurğulamış, bununla bağlı müvafiq tapşırıq və göstərişlərini vermişdir. Hesabat dövrünün mühüm uğurlarından biri də qeyri-neft sektorunun 5,6 faiz artması, regional inkişaf tədbirlərinin keyfiyyətcə müasir mərhələdə yeni dinamizmlə davam etdirilməsidir. İqtisadi fəallığın artması və iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin real nəticəsi kimi bu sektor üzrə daxilolmaların həcmi 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,9, vergi daxilolmalarında xüsusi çəkisi isə 3,5 faiz artaraq 67,6 faizdən 71,1 faizə çatmışdır.

2011-ci ilin dövlət büdcəsində bölgələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin artması da regional inkişaf tədbirlərinin mühüm tərkib hissəsidir. Hesabat dövründə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzərdə tutulmuş 63 milyon manat, həmçinin yerli gəlir-xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə nəzərdə tutulmuş 181 milyon manat dotasiya ayrılmışdır. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin də təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 8 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır. Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

Dövlət başçısı regionların inkişafına xüsusi diqqət ayırır və bu məqsədlə imzaladığı fərman və sərəncamların, dövlət proqramlarının icra vəziyyətini daim nəzarətdə saxlayır. Mütəmadi olaraq bölgələrə səfər edən Prezident İlham Əliyev görülən işlərlə yerindəcə tanış olur, dəyərli tapşırıq və tövsiyələrini verir. Bu səfərlər zamanı vətəndaşlarla birbaşa görüşlərə üstünlük verən dövlət başçısı onları qayğılandıran problemlərin həlli üçün operativ qərarlar qəbul edir. 2011-ci ilin birinci rübü ərzində dövlət başçısı İlham Əliyev Qazax, Tovuz, Gəncə, Samux, Naftalan, Goranboy, Masallı, Astara, Salyan və digər rayonlarda olmuş, bir sıra mühüm obyektlərin açılışında iştirak etmişdir.

Regionlarla yanaşı, Bakı və şəhərətrafı qəsəbələrin problemlərinin həlli də diqqət mərkəzindədir. 2011-ci il martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin soial-iqtisadi inkişafına dair xüsusi müşavirənin keçirilməsi buna əyani sübutdur. Dövlət başçısı həmin müşavirədən sonra paxtaxtın Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi, Xətai və Səbail rayonlarında olaraq qəsəbələrin problemlərinin həlli istiqamətində görülən işlərlə maraqlanmışdır. Eyni zamanda, bir sıra qəsəbələrdə yeni sosial-infrastruktur obyektlərinin inşası, əhalinin problemlərinin həlli üçün zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etmişdir. Nazirlər Kabinetinin son iclasında bu məsələyə xüsusi toxunan dövlət başçısı həmin istiqamətdə işlərin davam etdirilməsi vacibliyini bir daha diqqətə çəkmişdir. "Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır" deyən cənab İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlandığını bildirmişdir.

 

Sosialyönümlü tədbirlərlə zəngin il

 

Dövlətin hər kəsi layiqli həyat səviyyəsi ilə təmin etmək vəzifəsi onun sosial xərclərinin yüksək həcmində praktik ifadəsini tapır. Sosial xərclərin payı İsveçdə üçdə bir, AFR və İtaliyada dörddə bir, ABŞ və Böyük Britaniyada beşdə bir hissə təşkil edir. Azərbaycanda 2011-ci il üçün büdcə xərclərinin strukturunda sosialyönümlü xərclərin 33 faiz təşkil etməsi də (yəni büdcənin üçdə biri) ölkəmizdə sosialyönümlü siyasəti bariz şəkildə təcəssüm etdirir.

Ümumiyyətlə, 2009-cu ilin 18 mart referendumunun nəticəsi olaraq dövlətin sosialyönümlü siyasətinə konstitusion status verilmiş, hökumət hər bir vətəndaşın mənafeyinə xidmət edən sosial layihələrə diqqəti artırmışdır. Bu da təsadüfi deyildir - bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsilə əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Azərbaycanın davamlı iqtisadi inkişafının sosial nəticələri əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və sosial ehtiyacların dolğun ödənilməsi yolları ilə müəyyən olunur. Son illərdə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində aparılan əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma kimi tələblər qoymuşdur.

Nazirlər Kabinetinin son iclasında səslənən məlumatlar əhalinin sosial müdafiəsinə xidmət edən tədbirlərin 2011-ci ilin ilk rubündə də davam etdirildiyini göstərir. Belə ki, iqtisadi təsnifata uyğun olaraq birinci rübdə dövlət büdcəsinə daxil olan vəsaitlərin 47,9 faizi və ya 1 milyard manatı məhz sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir və bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129 milyon manat və ya 14,9 faiz çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və sosial müavinətlərin ödənişinə 17,2 faiz və ya 57 milyon manat çox, əməyin ödənişi fonduna 14,2 faiz və ya 70 milyon manat çox, ərzaq və dərman xərclərinə 3,8 faiz və ya 1,6 milyon manat çox vəsait sərf edilmişdir.

Bundan əlavə, məcburi köçkünlərə, müavinət və yardım alan vətəndaşlara nəzərdə tutulan ödənişlər üzrə öhdəliklərin icrası tam təmin edilmişdir. Hesabat dövründə sosial müdafiə və sosial təminat xərclərinə 408,0 milyon manat və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çox vəsait ayrılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 21,9, səhiyyə xərclərinə 21,8, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 18,3, təhsil xərclərinə 12,4, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 11,9 faiz çox vəsait yönəldilmişdir.

Hesabat dövründə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri də dövlət başçısının 2011-ci il 8 aprel tarixli fərmanı ilə əhalinin su təchizatı və kanalizasiya xidmətlərinə görə borclarının silinməsidir. Fərmana əsasən, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir. Bu fərman əhali qrupuna aid olunan abunəçilərin 85 faizini əhatə edir.

Dövlətin sosialyönümlü siyasəti həm də milli sığorta-pensiya modelinin insanpərvər və humanist səciyyə daşıması ilə şərtlənir. Hələ 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sisteminə əsasən, pensiyaların baza hissəsinin artırılması zamanı istehlak qiymətləri indeksinin illik səviyyəsinın nəzərə alınması, habelə sığorta hissəsinin istehlak qiymətləri indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə resurslarının əmək pensiyaçıları arasında ədalətli bölgüsü məqsədinə xidmət edir. Son 5 ildə Azərbaycan Respublikası Prezidenti yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam imzalamışdır. Prezident İlham Əliyevin 2011-ci il 15 fevral tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamı əsasında Azərbaycanda ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmənin aparılması təmin edilmişdir. Artımlar pensiyaların sığorta hissəsinin məğləbi əsasında hesablanmaqla, 617 min 347 nəfər pensiyaçıya şamil olunmuşdur. Rüb ərzində bu pensiyaçıların pensiyasının sığorta hissəsinin 2010-cu ilin istehlak qiymətləri indeksinə əsasən artırılmasına 4,2 milyon manat vəsait xərclənmişdir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında 2006-cı ilədək pensiyaya çıxmış 900 mindən çox vətəndaşın pensiyalarının yenidən hesablanması ilə bağlı tapşırığı da dövlətin sosialyönümlü siyasətinin miqyası barədə dolğun təsəvvür formalaşdırır. İclasda bu məsələyə geniş toxunan dövlət başçısı demişdir: "Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır. Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxmışdır. Ona görə ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq".

Hazırda əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiyası 102 manat təşkil etdiyi halda, 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 150 manatdır. Məhz buna görə də "2009-2015-ci illər üzrə sığorta pensiya sisteminin inkişafı haqqında" Dövlət Proqramında da əvvəlki sistemlə pensiyaya çıxan şəxslərlə yeni sistemlə pensiyaya çıxan şəxslərin pensiya məbləği arasındakı fərqin aradan götürülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar mövcud pensiya qanunvericiliyinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Ümumilikdə, pensiyaların yenidən hesablanması üçün dövlət büdcəsindən hər il əlavə 400 milyon manat vəsait ayrılacaqdır.

Hökumətin son iclasında həmçinin bildirilmişdir ki, yaxın perspektivdə dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, əməkhaqlarının artımının həyata keçirilməsi nəzərdə tutulur. Bu artım dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının artımına imkan verəcəkdir. Eyni zamanda, sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına, müharibə veteranlığına, məcburi köçkünlüyə görə sosial ödənişlərin və müavinətlərin artırılması təmin ediləcəkdir. Bütün bunlarla yanaşı, il ərzində ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması da nəzərdə tutulur. Bütövlükdə qeyd edilən sosial müdafiə tədbirləri təxminən 3,0 milyon nəfərdən çox vətəndaşa şamil ediləcəkdir.

Gənc nəslin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlər də dövlətin sosialyönümlü siyasətinin mahiyyətindən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənclə görüşü zamanı bu fəal zümrənin problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını demişdir. Cənab İlham Əliyevin gənclərin mənzil probleminin həlli üçün ipoteka kreditləşməsinin genişlənəcəyini bildirməsi həmin görüşün ən yaddaqalan məqamlarındandır. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Gənclərin yaşayış problemlərinin həlli üçün, şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir".

Prezident İlham Əliyevin 20 aprel 2011-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə" sərəncamı da ölkənin təhsil və səhiyyə işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bu konsepsiya hazırlanaraq qəbul edildikdən sonra təhsil və səhiyyə işçilərinin məvaciblərində müəyyən artımların olacağı gözlənilir.

 

Davamlı inkişafa xidmət edən investisiya layihələri

 

Sosialyönümlü bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial infrastruktur sahələrinin səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Yəni hər bir konkret regionda əhalinin sosial müdafiəsi düzgün real vəziyyətdən asılı olaraq müəyyənləşdirilməlidir. Azərbaycanda da son illərdə iqtisadiyyatın sürətli artımı regionlarda sosial infrastrukturun təminatında dövlətin rolunu və iştirakını genişləndirmişdir. Müasir bazar iqtisadiyyatı münasibətləri şəraitində cəmiyyətdə sosial infrastruktur sahələrinin inkişafı və onun ərazi üzrə təşkili Azərbaycanın milli iqtisadi inkişaf modelinin ən xarakterik cəhətlərindəndir.

Respublikanın konkret ərazi və regionlarında sosial infrastrukturun formalaşdırılması və inkişafı dövlətin sosial siyasətinə uyğun olaraq tənzimlənir. Əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, ərazi istiqamətində tənzimlənməsinin özünəməxsus xüsusiyyətləri nəzərə alınır. Bu siyasət ilk növbədə regionların təbii-iqlim, sosial-iqtisadi inkişaf vəziyyətinə tam uyğun olaraq keçirilir. Region və ərazilər üzrə əhalinin həyat səviyyəsinin getdikcə bir-birinə yaxınlaşdırılması istiqamətində dövlətin tənzimləyici rolu ildən-ilə güclənir. Sosial infrastrukturun formalaşdırılması istiqamətində ən uğurlu addım kimi hər bir regionda istehsal infrastrukturunun bazar iqtisadiyyatının tələbləri əsasında təkmilləşdirilməsinə ciddi fikir verilir. Regionlarda və konkret ərazilərdə əhalinin məşğulluq səviyyəsi, sıxlığı, cins tərkibi, həyat səviyyəsi, milli-etnik xarakterli amilləri sosial infrastrukturun formalaşdırılmasında nəzərə alınır.

2011-ci ilin büdcə xərclərinin başlıca istiqamətləri sırasında əsas yerlərdən birini yenə də dövlət tərəfindən əsaslı kapital qoyuluşları (investisiya xərcləri) tutur. Bu təsnifat üzrə büdcədə 3 milyard 338 milyard manat vəsait nəzərdə tutulmuşdur. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların yüksək templə artması ilk növbədə Prezident İlham Əliyevin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən qalmış infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadiyyatda davamlı və sabit inkişafa nail olmağın qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual tərəqqidən danışmaq mümkün deyil. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Ümumbəşəri sivilizasiyanın ən yüksək səviyyəyə çatdığı şəraitdə Azərbaycanın hər bir vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin başlıca vəzifəsi sayılır.

2011-ci ilin ilk rübündə dövlət investisiya xərclərinə 546 milyon manat vəsait yönəldilmiş, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilmişdir. Həmin vəsaitin 78 milyon manatı təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənmişdir. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına 5,5 milyon manat vəsait yönəldilmişdir. Ölkənin əsas enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 363 milyon, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 144 milyon manat vəsait sərf edilmişdir.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən 206 milyon manat məbləğində vəsait cəlb olunmuşdur. Ümumiyyətlə, ilin ilk rübündə Beynəlxalq Aeroportun yeni binası, Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin icrası inamla həyata keçirilmişdir.

 

Neftdən sonrakı inkişafın uğurlu təməli

 

Hesabat dövründə informasiya-kommunikasiya sektorunda da mühüm layihələrin icrası davam etdirilmiş, bu sahədə ciddi artım müşahidə olunmuşdur. Ümumiyyətlə, son illər Azərbaycanın adı İKT-nin inkişafı və informasiyalı cəmiyyətin formalaşması üzrə reytinq göstəricilərində MDB məkanında öncüllər sırasında çəkilir. Respublikamızın bu sahədə MDB-də lider dövlət olmasını Ümumdünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyası Hesabatı 2009-2010" adlı sənədi də göstərir. Azərbaycan da şəbəkə hazırlığı indeksinə görə 64-cü yerə layiq görülmüşdür ki, bu da MDB məkanında ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, sözügedən indeks baxımından qonşu dövlətlərdən Gürcüstan 93-cü, Rusiya 80-ci yerdə dayanır. Şəbəkə hazırlığı baxımından ən pis vəziyyət Cənubi Qafqaz dövlətləri arasında Ermənistandadır. Reytinq cədvəlində Ermənistan 101-ci yeri tutur.

Bu göstərici deməyə əsas verir ki, həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti respublikamızda informasiya-kommunikasiya texnologiyalarının yeni prioritet sahə kimi inkişafına əlverişli şərait yaratmışdır. İKT müasir cəmiyyətin vacib infrastrukturu, iqtisadiyyatın real sektoru, məhsuldarlığın artım amili və müasir humanitar inkişafın katalizatoru olaraq Azərbaycanda energetika sektorundan sonra ən dinamik inkişaf edən ikinci sahədir.

Hazırda dövlət səviyyəsində həyata keçirilən innovasiya siyasətinin başlıca hədəfi İKT infrastrukturunun iqtisadi bazasını durmadan yüksəltmək, bu sahənin ümimi daxili məhsulun formalaşmasındakı xüsusi çəkisini artırmaqdır. İKT sahəsində lider olmaq və iqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiya və kommunikasiya, habelə innovasiya texnologiyalarının ilk mərhələdə istifadəçisi, daha sonra istehsalçısına çevrilmək son dərəcə zərurətdir.

Ölkədə İKT fəaliyyətinin əsas prinsipləri Azərbaycan Respublikasının İnkişafı Naminə İKT üzrə Milli Strategiyada (2003-2012-ci illər) öz əksini tapmışdır. Bu sənəd əsasında son illərdə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı", "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilmişdir. Bütün bu sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılmasını, tənzimləmə prosedurunun təkmilləşdirilməsini, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin aparılmasını, internetin sürətli inkişafını təmin etmişdir.

Dövlətin bu istiqamətdə məqsədyönlü siyasətinin məqsədi respublikamızı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Azərbaycan fibrooptik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir və bu baxımdan ölkəmizin Şərqlə Qərb arasında əlverişli informasiya tranziti məkanına çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir. Məhz buna görə də son zamanlar dünyanın ən iri kommunikasiya şirkətləri Azərbaycana böyük maraq göstərirlər.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında İKT-nin inkişafı sahəsindəki tədbirləri də razılıqla qeyd etmişdir: "Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir. Süni peykin yaradılması proqramı icra edilir. Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm də ölkənin imici və nüfuzu üçün çox vacib olan məsələdir".

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə kosmik sənayenin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamı, habelə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanın dünya peyk ailəsinin üzvünə çevrilməsi, peyk texnologiyalarının istehsalı və tətbiqi üçün də geniş imkanlar açmışdır. Ölkəmizin ilk telekommunikasiya peykinin 2012-ci ilin sonuncu rübündə orbitə çıxarılması nəzərdə tutulur. Telekommunikasiya peykinin orbitə çıxarılması ilə Azərbaycan MDB məkanında Rusiyadan sonra süni peykə malik ikinci ölkə olacaqdır və regionda bu sahədə də öz liderliyini gücləndirəcəkdir.

 

Ümumiyyətlə, Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün uğurlu yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin xalq qarşısında verdiyi bütün vədləri əməli fəaliyyətə, real siyasətə əsaslanmaqla milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva edir. Vətəndaş mənafeyinə xidmət edən bu siyasətin qarşıdakı aylarda davam etdirilməsi isə Azərbaycanın daha böyük iqtisadi uğurlarına etibarlı zəmin yaradır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-14 may.- S. 4.