El bir olsa...
Bu günlərdə yaz yağışının sel-suyundan dağılmaqda olan Çoğaz-Qazax su xəttinin mühafizəsi zamanı Qazax camaatının birliyinin, mütəşəkkilliyinin bir daha şahidi olduq. Qısa müddət ərzində aşıb-daşan Ağstafa çayı ram edildi. Qazaxın yeganə içməli su xətti xilas olundu. Təcili görülən tədbirlər sayəsində ətrafdakı yaşayış məntəqələrinə gedən sel-suyun qarşısı alındı.
Hər dəfə bu yerlərə yolumuz düşəndə maraqlı, məzmunlu Dədə-Qorqud kompleksinə - "Kitabi-Dədə Qorqud"un 12 boyunu əks etdirən kompozisiyaya baş çəkir, Şıxlı kəndində Azərbaycanın söz-sənət məbədi sayılan ölməz Səməd Vurğunun poeziya evini, Ağstafa çayının sahilində səfalı guşəni bəzəyən, bölgədə analoqu olmayan Heydər Əliyev Elm Mərkəzini ziyarət edirik. Sonra isə ölkəmizi Avropaya qovuşduran Qırmızı körpüdəki müasir quruluşlu, milli ornamentli sərhəd-keçid məntəqəsinə gedir, ən əsası şəhərin mərkəzindəki çox yerdə tayı-bərabəri olmayan "Mütəfəkkirlər parkı"nı gəzirik. Sonuncu qədim Qazax torpağının bir növ "emblemi" sayıla bilər. Yaraşıqlı, fəvvarəli xiyabandakı abidələrin hər biri elimizin mənəvi çıraqlarından, xalqımızın önəmli tarixindən xəbər verir.
Bu dəfə də parkda bir anlıq ayaq saxladıq. Qazax söz-sənət ustaları, ziyalılar, sərkərdələr, qəhrəmanlar diyarıdır. Bu yerlər ölkəmizin tarixinə neçə-neçə unudulmaz şəxsiyyət bəxş edib. Yaşıllıqların qoynundakı fəvvarələrin ətrafında onların barelyefləri cərgələnib. Azərbaycanın ilk topoqraf generalı İbrahim Ağa Vəkilov, artilleriya generalı Əliağa Şıxlinski, ilk hərbi təyyarəçisi Fərrux Qayıbov, İtaliyanın Milli Qəhrəmanı, partizan Tahir İsayev, ədəbiyyatımıza ölməz əsərlər bəxş etmiş yazıçı və şairlərdən Mehdi Hüseyn, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Yusif Səmədoğlu... Başda da Molla Vəli Vidadi və Molla Pənah Vaqif qoşa dayanıb. Bir qədər aralıdakı yaraşıqlı bağda böyük söz ustası, istiqlal carçısı İsmayıl Şıxlı mərmər postament üzərindən doğma diyara "boylanır".
Qədim Qazax gündən-günə dəyişir, abadlaşır, tanınmaz olur. Müstəqil ölkəmizin qərb qapısı məhz belə də olmalı idi. Buradan qonşu Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya yollar uzanır. 90-cı illərin burulğanında bu ulu diyarın başı çox bəla çəkib. Həmişə əlbir, dilbir olan Qazax camaatı heç zaman əyilməyib, sınmayıb. Həmişə hünərli, mərddir Qazax. Ən ağır günlərdə namərd ermənilərlə 168 kilometrlik sərhəddə dağ kimi dayanıb.
O illərin dəhşətlərini görmək üçün Dövlət Rəsm Muzeyindəki "Bağanes Ayrım od içində" panoram maketə baxmaq kifayətdir. 1990-cı il martın 24-də 7 nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qalıb - diri-diri ocağa atılıb, 2 nəfər güllələnib. Faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib. Bundan əlavə, erməni quldurları tərəfindən Qazaxın 7 kəndi işğal olunub. Göydən od-alov yağsa da, bircə nəfər belə rayonun ərazisini tərk etməyib. Əksinə, vəziyyət bir qədər nizama düşən kimi ermənilərin viran qoyduqları Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində daxili imkanlar hesabına bərpa işləri aparılıb, əhali öz doğma evlərinə, yurd-yuvalarına qayıdıb. Başı min bir bəla çəkmiş qədim Qazax torpağı ulu öndər Heydər Əliyevin qayğısı və köməyi sayəsində beləcə dikəlib, Prezident İlham Əliyevin səyi ilə qəddini düzəldib ucalmağa başlayıb.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hər yerdə olduğu kimi, Qazax rayonunda da uğurla yerinə yetirilir. İqtisadiyyat yüksəlir, əhalinin gün-güzəranının yaxşılaşması üçün sistemli işlər görülür. Təkcə cari ilin birinci rübünün yekunlarına nəzər salaq: ötən 3 ay ərzində məhsul buraxılışının həcmi 18 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövründəkindən 5 faiz çoxdur. Rüb ərzində 6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Əsas kapitala yönəldilən investisiyanın həcmi 921400 manata çatıb.
Bu gün rayonda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri uğurla davam edir. Birinci Şıxlı kəndində qəza vəziyyətində olan məktəb binasının əvəzinə 640 yerlik, müasir tələblərə cavab verən üçmərtəbəli yeni bina tikilib. Qazaxın Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi hamının ürəyincədir.
Sosial obyektlərin ən böyük problemi istilik sistemi ilə bağlı idi. İndi bu məsələ də həll olunur. Rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərində qazanxanaların bərpası istiqamətində xeyli işlər görülüb. Şəhərdəki 1, 2, 3, 5 nömrəli, Qaymaqlı və Alpout kəndlərindəki orta məktəblərdə istilik sistemləri yenidən qurulub.
Rayonda sənayenin inkişafına xüsusi diqqət verilir. Ərazisi 56 hektar olan Qazax Sement Zavodunda, illik gücü 110 min ton olan "AzRosPromİnvest" birgə müəssisəsinin ikinci növbəsi üçün nəzərdə tutulan tikintinin Çaylı kəndində tutumu 3 min ton olan taxıl tədarükü, saxlama anbarı və 250 tonluq meyvə-tərəvəz saxlama kamerasının inşası başa çatmaq üzrədir. Bunlardan əlavə, qərb bölgəsində, eləcə də qonşu Gürcüstanın azərbaycanlılar yaşayan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarını emal edəcək gücə malik yeni konserv zavodunun tikintisinə başlanılıb.
İndi ilin gözəl çağıdır. Yaşıl zəmilər, göz işlədikcə uzanan tarlalar bol məhsuldan xəbər verir. Cari ilin məhsulu üçün 10 min hektar sahədə payızlıq taxıl əkilib. Bundan əlavə, 212 hektar sahədə yazlıq səpin işləri aparılır, üzüm bağlarının sahəsi getdikcə genişlənir.
Rayonun əsas su mənbələri olan Ağstafaçay, Çoğazçay su dəryaçalarında və Kəmərli su anbarında kifayət qədər su toplanıb. Mövcud suvarma sularından vaxtında və itkisiz istifadə olunması üçün Zor, Axmaz, Şıxlı, Xanlıqlar, Aslanbəyli və Nasos arxlarında lildən təmizləmə, hidrotexniki qurğularda təmir işləri aparılıb.
Cari ilin birinci rübünün yekunlarının müzakirəsi zamanı qeyd olundu ki, istər şəhərin mərkəzində, istərsə də qəsəbə və kəndlərdə görülən bütün işlər Qazax camaatının əlbir fəaliyyətinin bəhrəsidir. Qazaxlılar doğma diyarın tərəqqisinə böyük ruh yüksəkliyi ilə yanaşırlar. Məhz bu mütəşəkkilliyə arxalanaraq demək olar ki, bundan sonra da qarşıda duran vəzifələr hər sahədə uğurla yerinə yetiriləcək, Qazaxın şöhrəti daha da artacaq.
Bütün
bu işlər isə hamının birgə əməyi sayəsində
mümkündür. Əbəs
demirlər ki, el bir olsa, dağ oynadar yerindən.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-14 may.- S. 5.