İsmayıllı ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilir

 

2011-ci il "Turizm ili"dir

 

 Bu gün Azərbaycanda özünün sürətli inkişaf dövrünü yaşayan sahələrdən biri də turizm sektorudur. Prezident İlham Əliyevin son illərdə Azərbaycanda muzeylərin və kitabxanaların fəaliyyətlərinin yaxşılaşdırılması, monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin qorunub saxlanılması, həmçinin "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamlar mədəniyyət və turizm sahələrinə göstərilən diqqət və qayğının əməli təzahürüdür.

Hazırda respublikamızda turizm istirahət mərkəzlərinin yaradılması, mədəniyyət evləri, klub və kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi sahəsində mühüm işlər görülür. Həmçinin tarixi abidələrin bərpası, qorunub saxlanılması, tariximizi yaşadan muzeylərdə yenidənqurma işlərinin aparılması və turizm şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bəllidir ki, turizmin inkişafı ölkə iqtisadiyyatının yüksəlməsində və əhalinin maddi rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən ölkəmizdə turizmin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən "Turizm ili" elan edilməsi bunun sübutudur. Son illərdə Azərbaycanda turizmin planlı şəkildə inkişafı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərməkdədir.

Azərbaycanın füsunkar təbiətə malik rayonlarından olan İsmayıllı turizmin inkişaf etdirilməsi baxımından çox əlverişli bir ərazidə yerləşir. Eramızın əvvəllərinin və orta əsrlərin yadigarları olan, Girdiman dövlətini idarə edən Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adı ilə bağlı Cavanşir, həmçinin Qız, Qasımxan, Niyal, XVIII əsrin abidəsi Mustafa xan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Lahıc və Basqal qəsəbələrində çox qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Yüksək estetik dəyərlərə malik, milli-mənəvi irsimizə və tarixi keçmişimizə dərin hörmət hissi oyadan bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir.

2010-cu və 2011-ci illərin aprel ayında Bakı şəhərində keçirilən I və II Ümumrespublika Daxili Turizm Sərgisində rayonumuzun nümayəndələri fəal iştirak etmiş, sərgidə İsmayıllının turizm potensialı, infrastrukturu, tarixi və mədəniyyəti geniş şəkildə nümayiş etdirilmişdir. Bunun nəticəsidir ki, rayona, xüsusilə də Lahıca gələn turistlərin sayı ildən-ilə nəzərəçarpacaq dərəcədə artmaqdadır. 2010-cu ildə İsmayıllıya gələn turistlərin sayı 2009-cu illə müqayisədə 10 min nəfər artaraq 25 min nəfərə çatmışdır.

Bütün bunlar nəzərə alınmaqla 2011-ci ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsmayıllı rayonu "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunmuşdur. İsmayıllıda turistlərin rayon haqqında, onun tarixi keçmişi haqqında geniş təsəvvür yaradılmasına xidmət göstərən Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, Lahıc və Basqal tarix- mədəniyyət qoruqları fəaliyyət göstərir. Lahıc qəsəbəsində 108, Basqal qəsəbəsində isə 23 tarixi abidə mühafizə olunur. Bütövlükdə rayon üzrə 233 tarixi və mədəniyyət abidəsi qorunub saxlanılır.

Rayonun təbiəti, heyvanat aləmi çox zəngindir. Ərazisinin xeyli hissəsi dağlıq zonada yerləşir. Ərazidən Girdiman, Ax-ox və Göyçay çayları axır. Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərinin yaxınlığında füsunkar şəlalələr, dağlıq ərazidə təbii göllər, Kürdmaşı və Aşıqbayram kəndləri yaxınlığında irihəcmli sututarları mövcuddur. Turcan kəndində "Bədo" adlanan sahədə, Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında çoxsaylı müalicəvi əhəmiyyətli sular vardır.

Bütün bunlar rayonda ovçuluq, balıqçılıq, alpinizm və digər sahələr üzrə turizmin inkişaf etdirilməsinə, sanatoriya və turist bazalarının yaradılmasına, daxili və xarici turistlərin rayona axınının sürətlənməsinə şərait yaradır. Bu isə gənclərin milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, xüsusilə də torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində və nəhayət, Azərbaycan həqiqətlərinin, yaxın və uzaq tariximizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Təbii amillər nəzərə alınmaqla İsmayıllıda turizmin daha da inkişaf etdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilmiş, yeni turizm marşrutları müəyyənləşdirilmişdir. Şəhərin və kəndlərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmiş, yeni parklar salınmış, küçələrə asfalt döşənmiş, Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidən qurulmuş, Zərifə Əliyeva adına parkın qarşı hissəsində qala divarları ucaldılmış, şəhərin işıqlandırma sistemi müasir tələblər səviyyəsində yeniləşdirilmişdir.

Bundan başqa, kənd yollarının abadlaşdırılması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması və digər sahələrdə genişmiqyaslı layihələr həyata keçirilir. Turistləri daha çox özünə cəlb edən Lahıc qəsəbəsinə su xətti çəkilmiş və paylayıcı su anbarı tikilərək istifadəyə verilmişdir. Hazırda Talıstan kəndinin cənub hissəsində geniş bir ərazidə dünya standartlarına cavab verə biləcək çoxmərtəbəli mehmanxana-turizm istirahət kompleksi tikilməkdədir.

Turistlərə xidmət mədəniyyətinin səviyyəsinin yüksəlməsində turizm üzrə ixtisaslı kadrların hazırlanması da mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"na (2007-2012-ci illər) uyğun olaraq rayonda yeni peşə tədris mərkəzi tikilib istifadəyə verilmişdir. Mərkəzdə müxtəlif peşələrlə yanaşı, qarson, aşpaz, barmen ixtisasları üzrə kadrların hazırlanmasına başlanılmış, növbəti illərdə hotel resepsionisti və səyahət agenti kimi qrupların fəaliyyətə başlaması, həmçinin Lahıcda kiçikhəcmli xalçaların və suvenirlərin istehsalının çoxaldılması nəzərdə tutulmuşdur.

Həyata keçirilən tədbirlər yaxın illərdə rayonun turizm üzrə ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə öz töhfəsini verəcək, gündən-günə abadlaşan, müasirləşən, özünün əsrarəngiz təbiəti ilə gözoxşayan, könülaçan İsmayıllının müasir tipli kurort və turizm zonasına çevrilməsinə təkan verəcəkdir.

 

 

Feyruz HACIYEV,

İsmayıllı Rayon İcra Hakimiyyətində

böyük məsləhətçi

 

Azərbaycan.- 2011.-14 may.- S. 5.