Küveytdə Azərbaycan Mədəniyyəti
Günləri böyük müvəffəqiyyətlə
keçmişdir
Mayın 10-dan 12-dək Küveyt Dövlətində müvəffəqiyyətlə keçən Azərbaycan Mədəniyyəti Günləri bu ölkədə geniş əks-səda doğurmuşdur.
Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Küveyt Dövlətinin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və buradakı səfirliyimiz tərəfindən təşkil olunmuş bu mədəniyyət bayramı böyük uğur qazanmışdır. Mədəniyyət günləri çərçivəsində Küveyt ictimaiyyətinə zəngin konsert proqramı, Azərbaycan milli geyimlərinin ekspozisiyası, ölkəmizin füsunkar təbiətini, tarixi və memarlıq abidələrini, günbəgün dəyişən respublikamızın müasir simasını əks etdirən fotosərgi təqdim olunmuşdur.
Azərbaycan Mədəniyyəti Günləri dost ölkənin ictimaiyyətinin böyük rəğbətini qazanmış, kütləvi informasiya vasitələrinin xüsusi diqqət mərkəzində olmuşdur.
Nümayəndə heyətinin üzvləri Küveyt Dövlət Televiziyasının KTV1 kanalının rəhbərliyi ilə görüşmüş, bu kanalda yayımlanan və ölkədə ən yüksək reytinqə malik "Sabahın xeyir, Küveyt" verilişində çıxış etmişlər. Eyni zamanda, Küveytin KTV2 televiziya kanalı mədəniyyət xadimlərimizin konsert proqramını tam şəkildə yayımlamış, sərginin ekspozisiyalarından dolğun reportajlar hazırlamışdır.
Azərbaycanın
Küveyt Dövlətindəki səfiri Tural Rzayevin "Ər-Ray"
televiziya və Küveyt radio kanallarında müsahibələri
efirə getmişdir. Küveytin yüksək tirajlı və
nüfuzlu "Əl-Qabas", "Vatan", "Əs-Siyasə",
"Əl-Cəridə", "Əl-Vasat", "Ən-Nahar",
"Əl-Ənbə" və "Əs-Sabah" qəzetlərində
mədəniyyət günləri haqqında müfəssəl
məlumat və məqalələr, fotoşəkillər dərc
olunmuş, Azərbaycanın zəngin mədəniyyəti və
cəlbedici turizm potensialından ətraflı bəhs
edilmiş, iki ölkə arasında mədəniyyət və
turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsinin
əhəmiyyəti xüsusi vurğulanmışdır
Azərbaycan.- 2011.-14 may.- S. 7.