Bakı və ətraf qəsəbələrdə yeni inkişaf mərhələsi başlayır

 

Hər bir cəmiyyətin nailiyyətlər qazanması ilk növbədə siyasi hakimiyyətin qarşısında duran vəzifələrin öhdəsindən necə gəlməsindən və müəyyənləşdirdiyi proqramların icrasından asılıdır. O cümlədən ictimai-siyasi sabitlik, iqtidar komandasının monolitliyi də uğurları şərtləndirən amillərdəndir.

 

Xalqa xidmət missiyası

 

Dövlət başçısının sosial sifarişlərə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm amillərdir. Xalqa verdiyi bütün vədləri yerinə yetirən və beləliklə, Heydər Əliyev siyasi kursunun alternativsizliyini ortaya qoyan dövlət başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyini əsas götürür.

Ölkəmizin şəhər və rayonlarına intensiv səfərlər edən Prezident İlham Əliyev əsas diqqəti sakinlərlə görüşə yönəldir. Son dərəcə səmimi keçən bu görüşlər cənab Prezidentin vətəndaşların məhz qayğılarına və problemlərinə həssas münasibətini nümayiş etdirir. Odur ki, Prezident İlham Əliyevin regionlara səfəri təkcə sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanğıcı olmayıb, eyni zamanda sadə insanların həyatında dərin və silinməz izlər buraxır. Hansısa məmurun laqeydliyinə görə maneə ilə üzləşən vətəndaşların problemlərinin həlli üçün yerindəcə göstərişlər verən Prezident İlham Əliyev demişdir: "Bizim siyasətimiz şüar, boş-boş vədlər, reallığı əks etdirməyən bəyanatlar deyildir. Bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın, hər bir rayonun problemini çalışıb həll etməkdir" - deyən ölkə başçısı bütün fəaliyyəti boyu daim bu prinsiplərə sadiq olduğunu təsdiq edib. Elə buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin simasında özlərinin ən yaxın hamilərini, güvənc yerlərini görür və bununla da fəxr edirlər. Müxtəlif yerli və xarici təşkilatlar tərəfindən keçirilən sosioloji sorğularda Prezident İlham Əliyevin reytinqinin artmasının səbəblərindən biri də bununla əsaslandırılır.

 

İlk növbədə vətəndaş maraqları önə çəkilir

 

Prezident İlham Əliyevin Sabunçu və Suraxanı rayonlarına, Qaradağ rayonunun Qobustan və Ələt, Suraxanı rayonunun Bülbülə, Binəqədi rayonunun Biləcəri qəsəbələrinə və Sulutəpə yaşayış sahəsinə, Səbail rayonunun Badamdar, Xəzər rayonunun Mərdəkan qəsəbələrinə səfərləri zamanı sakinlərlə keçirdiyi görüşlər, səmimi söhbətlər göstərdi ki, ilk növbədə insanları narahat edən, düşündürən, qayğılandıran problemlərin yoluna qoyulması dövlət başçısının fəaliyyətində proritet istiqamət təşkil edir. Bu səfərlərdən sonra sakinləri narahat edən məsələlərin həlli ilə bağlı dövlət başçısının imzaladığı müvafiq sərəncamlar onu göstərir ki, hər bir məsələdə ilk növbədə vətəndaşların maraqları önə çəkilir. Məsələn, Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrində sakinlər Prezidentlə söhbət zamanı məktəb və xəstəxananın təmirə ehtiyacının olduğunu bildirmişlər. Keçən ayın 6-da Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının yenidən qurulması üçün 1 milyon manat, 110 nömrəli ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1 milyon manat, Qobustan qəsəbəsində 17 nömrəli birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2 milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat məbləğində vəsait ayrılıb.

Dövlət başçısının aprelin 13-də imzaladığı "Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Xocasən qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamla Biləcəri qəsəbəsində yerləşən mədəniyyət-istirahət parkının abadlaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat, Xocasən qəsəbəsində 103 nömrəli ümumtəhsil məktəbinin 640 şagirdlik əlavə korpusunun tikintisi üçün 1 milyon manat vəsait ayrılıb. "Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 19 aprel 2011-ci il tarixli sərəncamla isə Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2 milyon manat məbləğində vəsait ayrılıb.

Martın 31-də Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində görülən işlərlə tanış olarkən sakinlər Heydər Əliyev prospektinə çıxmaq üçün yeni yolun salınmasını dövlət başçısından xahiş etmişdilər. Sakinlərin xahişini nəzərə alan dövlət başçısı həmin yolun salınması ilə bağlı tapşırıqlar verdi. Qısa müddətdə - cəmi 11 gün ərzində Bülbülə qəsəbəsini Heydər Əliyev prospekti ilə birləşdirən, müasir standartlara cavab verən yol çəkildi və Prezidentin iştirakı ilə istifadəyə verildi. Belə misallar çoxdur. Ümumiyyətlə desək, dövlət başçısının yerlərə səfərləri, əhali ilə görüşləri konkret əməli nəticələrlə müşayiət olunur. Sakinlərin qaldırdığı hər bir məsələyə çevik və operativ adekvat münasibət nümayiş etdirilir. Bu, Azərbaycan hakimiyyətinin öz vətəndaşına yüksək diqqət və qayğısının bariz təcəssümüdür. Odur ki, Prezident İlham Əliyevin insanlara həssas diqqətcilliyi ictimaiyyət tərəfindən geniş təqdir olunur. İnsanlar dövlət başçısının ilk növbədə vətəndaşların maraq və mənafeyini ön plana çəkməsini yüksək qiymətləndirirlər. Elə buna görə ölkəmizin vətəndaşları əmindirlər ki, Azərbaycan Prezidenti hər zaman istənilən məsələdə onların yanındadır.

 

Bakı qəsəbələrinin inkişafına dair Tədbirlər Proqramı uğurla həyata keçirilib

 

Ölkənin bütün regionları kimi, Bakıətrafı qəsəbələrin də problemlərinin həlli, bu bölgənin kompleks şəkildə inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2006-cı il 27 fevral tarixli sərəncamı ilə "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Proqramın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafını təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir.

Eyni zamanda ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə Bakı şəhərinin 97 faizi qazlaşdırılmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəməri isə şəhər əhalisinin 70 faizini keyfiyyətli içməli su ilə davamlı olaraq təmin edəcəkdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilmişdir. Həmçinin Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnişindaşımada və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və nəqliyyatın hərəkətinin tənzimlənməsinə, sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına və vahid mərkəzdən idarə edilməsinə nail olunacaqdır.

Bu sahədə həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da Bakı şəhərinin rayon və qəsəbələri üçün kompleks tədbirlər nəzərdə tutulmuş, eyni zamanda, paytaxtda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri, əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, ekologiyanın sağlamlaşdırılması, yeni səhiyyə və təhsil obyektlərinin tikintisi üçün Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamlar imzalamışdır.

 

Yeni proqram paytaxt və qəsəbələrin inkişafına böyük töhfələr verəcək

 

Son illərdə qəbul olunmuş müxtəlif proqramlar Bakı şəhərinin və onun qəsəbələrinin sürətlə inkişaf etməsinə, infrastrukturunun yeniləşməsinə, əhalinin qaz, su, elektrik enerjisi, istilik təminatının yaxşılaşmasına, tikinti-quruculuq işlərinin geniş vüsət almasına, işsizlik probleminin tədricən aradan qaldırılmasına gətirib çıxarıb. Buna baxmayaraq, müəyyən problemlər qalmaqdadır və Prezident İlham Əliyevin qəsəbə sakinləri ilə görüşlərində narahatçılıq doğuran bütün məsələlərdən söz açılıb.

Mayın 4-də Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nı təsdiq edib. Proqramda martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə, o cümlədən Prezident İlham Əliyevin Bakıətrafı qəsəbələrin sakinləri ilə keçirdiyi görüşlərdə qaldırılan məsələlər öz əksini tapıb. Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezidenti İlham Əliyev proqram barədə deyib: "Biz bu proqramı iki, maksimum üç il ərzində icra etməliyik. Mən yaxşı başa düşürəm ki, çox böyük işdir. Mənim tərəfimdən ilkin tapşırıq veriləndə alınan məlumatlar göstərir ki, əslində biz bu qəsəbələri yenidən quracağıq. Çünki orada bəzi hallarda infrastruktur bərbad vəziyyətdədir, iş yerləri məsələsi vardır. Yəni biz bu məsələyə də diqqətlə yanaşmalıyıq. Orada orta və kiçik sahibkarlığın inkişafına dəstək verilməlidir. Yəni 800 min əhalini əhatə edən qəsəbələrin inkişafı proqramının icrası çox böyük işdir. Ancaq biz bu böyük işləri icra etməliyik. Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir. Biz son bir neçə il ərzində dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. Bunu biz yaratmışıq. Ona görə qəsəbələrin problemlərini də özümüz həll edəcəyik".

Proqramda 2013-cü ilədək Bakı şəhərinin və onun qəsəbələrinin elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması qarşıya qoyulub. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" əvvəlki Tədbirlər Proqramının bir növ məntiqi davamıdır. Fərq ondan ibarətdir ki, əvvəlki Tədbirlər Proqramı əsasən Bakı şəhərinin qəsəbələrini nəzərdə tuturdusa, sonuncu təsdiq olunan proqram həm də paytaxtın özünü əhatə edəcək.

Bu isə o deməkdir ki, Bakı və onun qəsəbələrinin həyatında yeni mərhələ başlayır.

 

 

Azərbaycan.- 2011.-15 may.- S. 1.