Gənc alimlərin fəaliyyətinin
stimullaşdırılması üçün əlavə
sistemin yaradılmasına ehtiyac vardır
Gənc alimlərin fəaliyyətinin stimullaşdırılması üçün əlavə sistemin yaradılmasına ehtiyac vardır.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev demişdir.
Nazir müavini "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı işlərin başa çatmaq üzrə olduğunu və layihənin razılaşdırılmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirmişdir.
İ.Babayev qeyd etmişdir ki, layihənin hazırlanması ilə bağlı nazirliyə iki minədək təklif daxil olmuşdur. Eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı tələbələrin də internet vasitəsilə öz təkliflərini irəli sürdüyünü bildirən nazir müavini proqramın ilkin mərhələsinin başa çatdığını demişdir.
Dövlət Proqramında gənc alimlərlə bağlı əhəmiyyətli məqamların da olduğunu vurğulayan İ.Babayev bildirmişdir ki, onların fəaliyyətinin stimullaşdırılması üçün əlavə sistemin formalaşmasına ehtiyac vardır. Əlavə təqaüdlərin, mükafatlar sisteminin müəyyənləşməsi, laboratoriya fəaliyyətlərinin gücləndirilməsi, elmi monoqrafiyalarının dərc edilməsi, onların daha çevik olaraq dünya elminə inteqrasiya məsələləri məhz bu proqramda öz əksini tapacaqdır. İndiyədək bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası və bir çox aidiyyəti qurumlarla məsləhətləşmələr aparılmışdır.
Azərbaycan.- 2011.-15 may.- S. 1.