Müasir Azərbaycan möhkəm
təməl üzərində sürətlə inkişaf
edir
Tarixdən məlumdur ki, hər bir xalq ictimai-iqtisadi formasiya dəyişkənliyində minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini, ümumilikdə, düşüncə sistemini yad təsirlərdən qorumaqla özünütəsdiq imkanı qazanır. Qloballaşan dünyanın milli mədəniyyətləri təhdid edən yad ideyalar fonunda xalqların özünəməxsusluğunu səciyyələndirən dəyərlərin hifz olunması xüsusilə zəruridir. Bu zərurət ilk növbədə onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə və mənəvi dəyərlər sisteminə təhlükə yaradır.
Belə bir şəraitdə xalqın milli "Mən"inin, mənəvi dəyərlərinin, cəmiyyətdə ədalət və insanpərvərlik kimi meyarların qorunub saxlanması məsələsi vacib və aktual problem kimi önə çıxmışdır. 7 il əvvəl ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu Azərbaycan xalqının düşüncə sistemində yer alan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına və yüksəlişinə, milli mədəniyyətin yad təsirlərdən qorunmasına hesablanan xoşməramlı missiya həyata keçirir. Fond fəaliyyətə başladığı ilk gündən ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək; Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq; milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək; ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; elm, təhsil, mədəiyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirir.
Ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirən Heydər Əliyev Fondu ölkə vətəndaşlarının zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə də maddi-mənəvi dəstək verir. Fondun fəaliyyəti eyni zamanda insan və vətəndaş hüquq-azadlıqlarının yüksək səviyyədə təminatına, fərqli sivilaziyaların dialoquna, insanlara xeyirxahlıq, insanpərərlik və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.
2011-ci il mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilmiş təntənəli mərasim xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş Fondun cəmiyyətdəki əlahiddə mövqeyinin və nüfuzunun əyani göstəricisidir. Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməyə hazırlaşan müstəqil Azərbaycanın qazandığı bütün uğurların ulu öndərin adı ilə bağlı olduğunu demişdir: "Yaxın keçmişimizə nəzər salsaq, qeyd etməliyik ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır".
"Buta" sarayında keçirilən tədbir bir daha göstərdi ki, Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bu qütblərin əsasında xalqın minilliklərdən keçirib bugünə çatdırdığı mədəni-estetik dəyərlər sistemi dayanır. Fondun prezidenti Mehriban xanım Əliyeva fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla, bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı hazırlamağa və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır. Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.
Təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev ulu öndər hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən onun təkidi qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur.
Həmin dövrün statistik məlumatlıarı da təsdiqləyir ki, Heydər Əliyev dühasının gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. Məhz həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Prezident İlham Əliyev ulu öndərin respublikaya birinci rəhbərliyi dövrü ilə bağlı demişdir: "1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərliyə başlayan zaman Azərbaycan müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz onun fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxa bilmişdir. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan olmuşdur. Məhz o illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verilmişdir. O illərdə sənayenin güclü və möhkəm əsasları qoyulmuşdur ki, bu gün də müstəqil Azərbaycanın sənaye potensialına bunun böyük köməyi vardır".
Ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ulu öndər mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümümi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
Dövlət başçısı İlham Əliyev "Buta" sarayındakı dərin məzmunlu nitqində müstəqil Azərbaycanın inkişafının da məhz ulu öndərin tarixi xidmətləri ilə bağlı olduğunu söyləmişdir: "Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir. Ölkəmizin müstəqil yaşaması üçün neft kontraktlarının müstəsna rolu olmuşdur".
Onu da qeyd edək ki, Heydər Əliyev mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə xalq yazıçısı Anar Rzayevin Heydər Əliyev mükafatı ilə təltif olunması da tədbirin yaddaqalan məqamlarındandır.
Dünyada məşhur insanların adını daşıyan xeyriyyə fondları çoxdur. Yeni yaradılarkən çoxunun həmin fondlar kimi yalnız xeyriyyə məqsədləri daşıyacağını zənn etdiyi Heydər Əliyev Fondu gözlənildiyindən xeyli böyük amalları reallaşdırmağa nail olmuşdur. Fond ululardan bizə miras qalan ali mənəvi dəyərləri fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Bu məsuliyyətli seçim ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.
S.ELMANOĞLU
Azərbaycan.- 2011.- 15 may.- S. 2.