Zurab Dvali: Mədəniyyətlərarası dialoq üzrə Bakı forumu yaxınlaşma yolunda pillələrdən biri olmuşdur

 

“Mədəniyyətlərarası dialoqun mövzusu mənə çox yaxındır. Həm Gürcüstan, həm də sözügedən forumun təşkil olunduğu dövlət kimi Azərbaycan çoxmədəniyyətli qarşılıqlı münasibətlərin bütöv bir polifoniyasıdır”.

Bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində Mədəniyyətlərarası dialoq üzrə Bakı forumunun iştirakçısı olmuş, Gürcüstan İctimai Yayımının milli azlıqlar üçün yayım xidmətinin rəhbəri Zurab Dvali söyləmişdir.

Z.Dvali demişdir: “Bizim ölkələrdə Şərq və Qərb, xristian və müsəlman mədəniyyətləri kəsişir. Bu, məhz o potensialdır ki, Yaxın Şərq ölkələri ilə hələ də çox böyük çətinliklə dil tapan Qərb dövlətləri üçün böyük maraq kəsb edə bilər. İki böyük sivilizasiyanın – Şərq və Qərb sivilizasiyalarının bir-birindən uzaqlaşması baş verir. Belə vəziyyət də indi müşahidə etdiyimiz müharibələrə gətirib çıxarır. Silah gücü ilə hər şeyi həll etmək olarmı? Yəqin ki, yox. Zənnimcə, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yaxınlaşma yolundakı pillələrdən biri oldu. Burada müxtəlif qitələrin nümayəndələri ümumi dil tapa, işgüzar və tərəfdaşlıq münasibətləri qura, növbəti görüşlər barədə razılığa gələ bildilər. Bu baxımdan forum, heç şübhəsiz, möhtəşəm tədbir idi. Mən təşkilatçılara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim üçün çox böyük və maraqlı təcrübədir.

Xatırladaq ki, aprelin 7-9-da Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın bir çox ölkələrindən 400-dən çox nümayəndəni bir araya gətirmişdi.

 

 

Azərbaycan.- 2011.-15 may.- S. 2.