Azərbaycanda
elmşünaslıq elmi
Yüksək iqtisadi inkişaf tempi ilə seçilən bir ölkədə bu tərəqinin davamlı olmasını təmin etmək üçün ən mühüm şərtlərdən biri elmin də müvafiq səviyyəyə yüksəlməsidir. Bunun üçün isə ilk növbədə elmin öz mahiyyətinin və funksiyalarının düzgün müəyyənləşdirilməsi və dövrün tələblərinə uyğun dəyərləndirilməsi lazımdır. Elmin özünüdərk səviyyəsinə qalxması, bütün başqa sahələri öyrəndiyi kimi, nəhayət, özünü də tədqiqat obyektinə çevirməsi onun yetkinlik dərəcəsindən xəbər verir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda bu sahədə böyük bir dirçəliş duyulmaqdadır. Bu günlərdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun "Elm haqqında elm" kitabı (Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, 2011, 752 s.) çapdan çıxmışdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik Ramiz Mehdiyevdir. Ön sözdə haqlı olaraq qeyd edildiyi kimi, "Sovetlər birliyindən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra Azərbaycanda elmin yenidən təşkilatlanması qarşıda duran ən mühüm vəzifələrdən biridir".
"Yenidən təşkilatlanmaq" və ya yeni təşkilati modellərdən istifadə etmək nə üçün vacibdir? Çünki iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər istər-istəməz elmin təyinatına və funksiyalarına da təsir göstərir. Azərbaycan özünün sürətli iqtisadi inkişaf dövrünü yaşayır. Belə bir şəraitdə elm də inkişafın ön xəttində ola bilmək üçün qabaqcıl dünya praktikası ilə yanaşı, Azərbaycanda gedən irimiqyaslı islahatları, yerli iqtisadiyyatın tələbatını və sosial sifarişləri də nəzərə almalıdır.
Bu kitab müəllifin son ildə elmlə bağlı yazdığı sayca dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan öncə çap olunmuş "Azərbaycanda elm və onun təşkilati formaları", "Elm adamları elm haqqında" və "Elmşünaslığa giriş" kitabları isə bu yekun əsər üçün bir növ hazırlıq mərhələləri hesab oluna bilər. Belə ki, adını çəkdiyimiz ilk kitabda müəllif məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, "Elm adamları elm haqqında" adlandırdığı kitabda türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, "Elmşünaslığa giriş" kitabında bütün dünya miqyasında elmin bir sistem kimi formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir fənn kimi səciyyəsini vermişdir. Burada həmçinin müasir dünya elmşünaslığına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl məlumat verilmişdir. Haqqında bəhs etdiyimiz "Elm haqqında elm" kitabı isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı şəxsi tədqiqatlarını da əhatə edir və ensiklopedik yönlü bir kitab olmaqla yanaşı, bu sahədə sanballı monoqrafiya kimi də dəyərləndirilə bilər.
Müasir fəlsəfədə, o cümlədən Qərbin "elm fəlsəfəsi"ndə ilk növbədə elmiliyin meyarları, elmi biliyin həqiqiliyi məsələsi öz əksini tapmışdır. Bəzi tədqiqatlarda elm yalnız məntiqi-qnoseoloji aspektdə, digərlərində isə - yalnız sosial aspektdə nəzərdən keçirilir. Müəllifin fikrincə, bu, elm sisteminin çoxölçülü olmasından irəli gəlir. Elmi çoxölçülü bir sistem kimi təqdim etmək üçün müəllif onun müxtəlif aspekt və rakurslarının bir araya gətirilməsinə, ümumi metodoloji araşdırma prinsiplərindən çıxış etməyə çalışmışdır.
Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən müəllif bu məsələləri sadəcə kənar müşahidəçinin dili ilə qələmə almır, başqa əsərlərində olduğu kimi, bu əsərində də ümumi ilə xüsusinin vəhdətindən çıxış edir; dünyada gedən elmi axtarışlara qatılmaqla yanaşı, Azərbaycan elmi mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkəmizdə aparılan tədqiqatlara öz münasibətini bildirir.
Bəziləri müstəqil Azərbaycan dövlətində bir çox başqa sahələr kimi, elmin də tamamilə yenidən qurulmalı olduğunu düşünürlər. Amma elm varislik tələb edir. Hər şeyi yenidən başlamaq sovet dövründə qazanılmış nailiyyətlərin üstündən xətt çəkmək və ideologiyadan imtina edərkən bunun elmə də aid olduğunu düşünmək çox böyük sadəlövhlükdür.
Elm bir-iki və
ya hətta beş-on ilə qurula bilməz. Onun əsasında
neçə yüzillər ərzində həyata
keçirilən maarifçilik işi və neçə
onilliklər ərzində formalaşmış tədqiqatçılıq
vərdişləri dayanır. Azərbaycanda
maarifçilik işi Abbasqulu Ağa Bakıxanov və Mirzə
Fətəli Axundov tərəfindən başlanmış,
XIX əsrin axırları, XX əsrin əvvəllərində
geniş vüsət almışdır. Elmi
tədqiqat işlərinin təşkilatlanması isə əsasən
sovet dövründən sonra başlanmışdır. Xüsusilə, Elmlər Akademiyasının
yaradılması Azərbaycanda elmi tədqiqat ənənələri
ilə yanaşı, elmin sosial institut kimi formalaşması
sahəsində də böyük bir dönüş
yaratmışdır. Azərbaycanda elm bir
sıra mühüm istiqamətlər üzrə
dünyanın ən qabaqcıl ölkələri
sırasına yüksəlmişdir. Bax,
bu mənada biz müstəqil Azərbaycana əliboş gəlməmiş,
müəyyən ilkin elmi potensial və təşkilati
strukturla birlikdə qədəm qoymuşuq. Məqsədimiz nəyi isə uçurub tamamilə
yenidən qurmaq deyil, bu böyük ənənələri
yeni dövrün tələblərinə uyğun surətdə
inkişaf etdirməkdir.
Bu günlərdə
biz ulu öndər Heydər Əliyevin ad gününü qeyd
edərkən onun elmlə bağlı dediyi fikirləri bir
daha yada saldıq. Heydər Əliyev deyirdi: "Yaranmış elmi
potensialı qorumalı, saxlamalı, ondan indi və gələcəkdə
müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli
istifadə etməliyik".
Prezident
İlham Əliyev də dünyanın inkişaf etmiş
ölkələri sırasına çıxmağın ən
mühüm şərtlərindən biri kimi yüksək elmi
potensialın vacibliyini dönə-dönə qeyd etmişdir. Onun Milli Elmlər
Akademiyasının illik yığıncağında
iştirakı və dərin məzmunlu
çıxışı bir daha göstərdi ki, ölkəmizin
inkişaf strategiyasında elmə xüsusi yer verilir. Dövlətin bu diqqət və qayğısına
cavab olaraq biz elm adamları da ölkəmizdə aparılan
geniş miqyaslı quruculuq işlərinə öz töhfəmizi
vermək, Azərbaycan elmini müasir tələblər səviyyəsində
yenidən qurmaq əzmində olduğumuzu nümayiş etdirməliyik.
Lakin elm elə bir mürəkkəb sahədir
ki, burada hər hansı bir islahat xüsusi diqqətlə
ölçülüb-biçilməli, daha doğrusu, elmi əsaslar
üzərində həyata keçirilməlidir. İndi bütün dünyada elmin idarə
olunmasından, maliyyələşməsindən tutmuş, təşkilati
struktura və elmi yaradıcılığın prioritet istiqamətlərinə
qədər bütün aspektlər elmi tədqiqat obyektinə
çevrilmiş və bu tədqiqatlar yeni elmi sahənin -
elmşünaslığın formalaşmasına gətirib
çıxarmışdır. Heç
şübhəsiz, biz də elm sahəsində islahatlar apararkən
elmşünaslığın nailiyyətlərindən bəhrələnməliyik.
Lakin təəssüf ki, bu sahə indiyədək Azərbaycanda
çox az inkişaf etmişdi. Son illərə qədər elmşünaslıq
xüsusi tədqiqat istiqaməti kimi formalaşmamış və
bu sahə hətta akademiyanın elmi tədqiqat problemləri və
mövzuları sırasına daxil edilməmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin qarşıya
qoyduğu neft kapitalını intellektual kapitala çevirmək
vəzifəsinin həyata keçirilməsi ilk növbədə
maarifçiliyin dirçəlişi və elmin
inkişafı sayəsində mümkündür. Bunun
üçün isə heç olmasa, bundan sonra aparılacaq
bütün islahatların elmi-nəzəri əsaslara söykənməsi
mühüm şərtdir. İndiyə qədər
bizim elm sahəsində çalışan və elmə rəhbərlik
edən adamların əlində rəsmi təlimatlardan, qanun
və sərəncamlardan, əsasnamələrdən başqa
bir vəsait olmamışdır. Bu isə
işə yaradıcı surətdə yanaşmaq
imkanlarını məhdudlaşdırır və formalizmi
gücləndirirdi. Bu kitabın ortaya
çıxması vəziyyəti xeyli dəyişir. Mənə elə gəlir ki, biz qabaqcıl ölkələrdə
elm quruculuğu praktikasını, optimal təşkilati
formaları və elmin daxili inkişaf qanunauyğunluqları
ilə onun infrastrukturu arasında əks-əlaqə sistemini mənimsədikdən
sonra ölkəmizdə elmin inkişafı üçün
bir növ nəzəri-fəlsəfi təməl
yaranacaqdır.
Kitabı
oxuduqda yaranan mühüm qənaətlərdən biri də
bundan ibarətdir ki, fəlsəfi
dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən,
fundamental elmi tədqiqatlar sahəsində böyük
uğurlar qazanmaq qeyri-mümkündür. Kitab belə
bir cəhəti ilə də əlamətdardır ki, burada
yalnız Qərb fəlsəfəsinə istinad olunmur və
bizim üçün daha doğma olan fəlsəfi
düşüncə ənənələri nəzərə
alınır. Müəllifin fikrincə,
elmi tədqiqat sahəsində də yeni nəticələr əldə
edilməsi məlum problemlərə bir qədər fərqli
nəzər sala bilməkdən asılıdır. Bizi Qərb alimlərindən fərqləndirən cəhətlər
bizim yalnız çatışmazlığımız
olmayıb, üstünlüyümüzə çevrilməlidir.
Qərb
elmşünaslığında belə bir fikir hakimdir ki,
müasir elmin, bütövlükdə müasir
sivilizasiyanın yaranması məhz Avropa ilə, Qərb
düşüncə tərzinin hansı isə xüsusiyyətləri
ilə və hətta xristianlıqla bağlıdır. Professor Səlahəddin
Xəlilov bu məsələnin
aydınlaşdırılması üzərində xüsusi
dayanaraq göstərir ki, burada yanaşmanın
metodologiyası ideoloji təsir altında
saxtalaşdırılmış və elm tarixindən məlum
olan bir sıra önəmli faktlar məqsədyönlü surətdə
nəzərə alınmamışdır. Müəllif
elm tarixinin daha obyektiv mənzərəsini yaratmağa
çalışmış və bu məqsədlə orta əsrlərdə
islam dünyası alimlərinin xidmətini
yenidən araşdırmışdır. Nəticədə
elmdə müşahidə prinsipinin, yəni, empirik elmin
metodoloji əsaslarının heç də Qaliley və
Frensis Bekon dövründə deyil, onlardan altı əsr əvvəl
Əbu Reyhan Biruni dövründə formalaşdığı
üzə çıxarılmışdır.
Məlum
olduğu kimi, Aristotel fizikası orta əsrlərdə həm
Şərqdə, həm də Qərbdə əsas kimi
götürülürdü. Hətta kilsə də
öz postulatlarını onun üzərində qurmuşdu və
ona görə də bu təlimdən kənara çıxan
hər nə varsa, inkvizisiyanın təzyiqlərinə və
təqiblərinə məruz qalırdı. Yeni dövrün ən böyük nailiyyəti elmi
düşüncəni ehkamlardan xilas etmək, azad, sərbəst
yaradıcılıq axtarışlarına qədəm qoymaq
oldu. Və bu azad düşüncənin
simvolu Qaliley hesab olunur. Əlbəttə, bu proses bir
adamın işi deyildi və çoxlarının
adını çəkmək olar: Kopernik, Cordano Bruno, Kepler və
s. Amma bu yanaşmanı yeni fəlsəfi
dünyagörüşü kimi Qaliley formulə etmişdi. Bu yeni elmi dünyagörüşünün,
hansı ki, sonralar klassik elm adı ilə məşhurlaşdı,
ən böyük nümayəndəsi İsaak Nyuton oldu.
Ona görə də ona bəzən Nyuton
mexanikası da deyilir. Necə ki, Aristotel
doktrinası mütləqləşdirilmişdi, eləcə də
Nyuton mexanikası mütləq həqiqət kimi qəbul
olunur və elmin bütün sonrakı inkişafı onun
üzərində qurulurdu. Təsadüfi
deyil ki, mexaniki determinizm XX əsrə qədər hakim
düşüncə tərzinə çevrilmişdi. Bütün bu məsələləri Səlahəddin
Xəlilov da şərh edir, amma avropasentrizm mövqeyindən
deyil, ümumbəşəri dəyərlər, vahid
sivilizasiya mövqeyindən.
XX əsrin əvvəllərində,
bir tərəfdən Eynşteynin nisbilik nəzəriyyəsi,
digər tərəfdən də Kvant mexanikasının kəşfi
klassik mexanikaya ciddi düzəlişlər verilməsini, hətta
tamamilə yeni elmi sistem qurulmasını tələb etdi. Qeyri-klassik
elmdə əsas prinsiplər materiyanın, zaman və məkanın
təbiətinə yenidən baxılmasını nəzərdə
tuturdu. Yəni, elm fəlsəfə
qarşısında da vəzifələr qoymağa
başladı. Bu dövrdə yeni elmi
ideyaların izahı daha fəlsəfəsiz mümkün
deyildi. Albert Eynşteyn bu barədə belə demişdir:
"Fəlsəfi ümumiləşdirmələr elmi nəticələrə
əsaslanmalıdır. Amma fəlsəfə də
öz növbəsində elmi fikrin sonrakı inkişafına
təsir edir və müxtəlif tədqiqat istiqamətləri
içərisindən hansını seçmək məsələsində
yardımçı olur".
Ümumiyyətlə,
elmi tədqiqatın metod və formalarını öyrənmədən,
müasir fəlsəfi dünyagörüşünə yiyələnmədən,
əsl alim olmaq mümkün deyil. Ona görə də,
qeyd etmək istərdik ki, fəlsəfədən namizədlik
minimumunun ləğv edilməsi heç də düzgün
addım olmamışdır. S.Xəlilovun
bu kitabında da elm ilə fəlsəfə arasında
ittifaqı möhkəmləndirmək zərurətindən bəhs
edilir. Məncə, bunun bir forması da
magistraturada "elmi yaradıcılığın
metodları" haqqında kursun keçilməsi və
doktoranturada hər bir ixtisasın fəlsəfi əsaslarının
öyrənilməsi və müvafiq imtahan verilməsi
olmalıdır.
Kitabdan hasil
olan tövsiyə və qənaətlər bununla bitmir. Müəllif
elmlə bağlı problemləri həm fərdi
yaradıcılıq miqyasında, həm tədqiqat
qrupları, alimlərin ixtisaslar üzrə ictimai birlikləri,
həm də tədqiqat institutları və mərkəzləri
miqyasında araşdırır, bu kontekstdə akademiya və
universitetlərin funksiyalarından və əməkdaşlıq
yollarından da bəhs edir. Akademik Ramiz Mehdiyevin dediyi
kimi: "Müəllifin irəli sürdüyü ən
mühüm ideyalardan biri də elm və təhsil arasında
inteqrasiya proseslərini sürətləndirmək, ali təhsil
müəssisələrində elmi yaradıcılıq
atmosferi yaratmaq, təhsil-elm-istehsalat zəncirinin bütün
halqalarını möhkəmləndirmək zərurətini
vurğulamaqdan ibarətdir. Bu baxımdan, məqsədi əsasən
maarifçilik olan ibtidai və orta təhsil şəbəkəsindən
fərqli olaraq, ali təhsil pilləsində,
xüsusilə də, magistraturada elmi mühitin
formalaşdırılması, haqlı olaraq akademiya ilə
universitetlər arasında iş birliyinin yeni
formalarının tapılması tövsiyə olunur".
Kitabda biliklərin tarixən
keçdiyi təkamül yolu, digər bilik formaları
içərisində elmi biliyin xüsusi növ kimi
ayrılması və təşəkkülü və nəhayət,
elm sisteminin formalaşması prosesi həm epistemoloji, həm də
sosial-tarixi aspektlərdə araşdırılmış,
müasir elmə ancaq bilik sistemi kimi baxan təlimlərin məhdudluğu
açılıb göstərilmişdir. Elmin
inkişaf qanunauyğunluğunu əks etdirən sosial göstəricilər
təhlil edilmiş, Qərb və rus
elmşünaslığında yayılmış olan
naukometrik metodlara münasibət bildirilmişdir. Elmin həm vahid ümumbəşəri hadisə
kimi, həm də ayrı-ayrı ölkələrdə
öz nisbi müstəqil strukturu olan lokal hadisə kimi nəzərdən
keçirilməsi müəllifə elmin əyani mənzərəsini
yaratmaq, bir növ xəritəsini çəkmək imkanı
vermişdir.
Kitabda elmiliyin
meyarı məsələsinə xüsusi diqqət
verilmişdir.
Belə ki, bizdə ekspertiza sistemi hələ də
ictimai əsaslarla işləyir, halbuki bu məsələ
elmin ən mühüm məqamlarından birini əhatə
edir. Düzdür, dissertasiya işləri ilə
bağlı ekspertiza ayrıca bir dövlət qurumunda - Ali
Attestasiya Komissiyasında həyata keçirilir, amma elmi iş
təkcə dissertasiya ilə məhdudlaşmır. Elmi tədqiqat müəssisələrinin
aldığı nəticələri dəyərləndirməyin
xüsusi metodları və formaları işlənib
hazırlanmalıdır və "Elm haqqında elm"
kitabında bu sahədə də qiymətli tövsiyələr
verilmişdir.
Mən kitabda
qoyulan bütün məsələlərə toxunmaq istəmirəm. Bircə onu
qeyd etmək istərdim ki, həm həcminə, əhatə
dairəsinə, həm də qoyulan məsələlərin
müxtəlifliyi ilə bərabər tədqiqatçılıq
xarakterinə görə bu kitab indiyədək Rusiyada
çıxmış elmşünaslıq kitablarından
xeyli zəngindir. Əlamətdar haldır ki,
bütün islam Şərqində
elmşünaslıq üzrə belə fundamental bir əsər
ilk dəfə məhz Azərbaycanda işıq üzü
görür.
Məlum
olduğu kimi, elmşünaslıq müstəqil bir elm sahəsi
olaraq XX əsrin ikinci yarısında Avropada formalaşmışdır,
biz isə bu işə XXI əsrin əvvəllərində
başlayırıq. Hər halda, bizim üçün
xoşdur ki, gec başlasaq da, qısa bir müddətdə belə
böyük addımlar atılmışdır. Düşünürəm ki, bundan sonrakı vəzifəmiz
elmşünaslıq üzrə məktəb
hazırlanması və gənc kadrların tədqiqat
mövzularının da bu istiqamətdə yönəldilməsi
olmalıdır. Bizcə, professor S.Xəlilovun
"Elm haqqında elm" kitabı bu sahədəki
bütün fəaliyyət istiqamətləri
üçün möhkəm təməl hesab oluna bilər.
Mahmud KƏRİMOV,
akademik
Azərbaycan.- 2011.-15 may.- S.
3.