Yeni dövlət proqramı Azərbaycan
gəncliyinə böyük töhfələr verəcək
Ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək məqsədi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsi üzərində iş gedir. Fərəhli haldır ki, proqramın hazırlanmasında gənclər də fəallıq nümayiş etdirirlər. Ötən ay Prezident İlham Əliyevin bir qrup gənci qəbul etməsi, onları dinləməsi Azərbaycan dövlətinin gənclərə olan münasibətinin göstəricisi olmaqla yanaşı, proqramın hazırlanmasına gənc nəsli də cəlb etməsindən xəbər verir.
Budəfəki müsahibimiz Prezident İlham Əliyevlə görüşdə iştirak edən və təkliflərini bildirən Orxan Əkbərovdur. O, Moskva Dövlət Servis Universitetinin Marketinq iqtisadiyyatı fakültəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır. 2001-ci ildən diaspor və lobbiçilik fəaliyyəti ilə məşğuldur. Müxtəlif ölkələrdə keçirilən "Stop Armenian Agression" aksiyalarının təşkilatçısıdır. 2011-ci ilin yanvar ayından Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun həmtəsisçisi və sədridir.
- Orxan, Prezident İlham Əliyevlə
ilk dəfə əsgər, sonuncu dəfə isə həyatda
uğurlar qazanmış gənc kimi görüşmüsən.
Bu görüşlər sənin üçün nə deməkdir?
- İlk növbədə qeyd etmək istəyirəm ki, hər bir Azərbaycan gənci mütləq hərbi xidmət keçməli, ölkəmizin müharibə şəraitində olduğu indiki həssas dönəmdə silahın nə olduğunu bilməli, barıt qoxusunu duymalıdır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əgər sülh danışıqları nəticəsiz qalarsa, torpaqlarımızın hərb yolu ilə azad olunması qaçılmazdır. Azərbaycan gəncliyində mərd oğullar var. Lazım gələrsə, biz də əlimizdəki qələmi silahla, mülki formanı hərbi geyimlə əvəz edəcəyik.
2008-ci ildə aspirant olmağıma baxmayaraq, elmi fəaliyyətimi müvəqqəti dayandırıb könüllü şəkildə hərbi xidmətə getdim. Bu gün dönüb arxaya baxanda düşünürəm ki, hərbi xidmətə yollanmağım həyatda atdığım ən düzgün addımlardan biridir. 2009-cu ilin aprelində ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev qulluq etdiyim hərbi hissəyə gəldi və mən dövlət başçısını ilk dəfə həyatımın şərəfli dövründə gördüm.
İkinci dəfə isə mən artıq təhsilimi tam başa vurmuş, müasir biliklərə yiyələnmiş, aktiv diaspor və lobbiçilik fəaliyyəti ilə məşğul olan gənc kimi Prezident İlham Əliyevlə görüşdüm. Əlbəttə, hər iki görüş mənim üçün böyük qürurdur. Sadəcə, bir-birindən fərqi odur ki, hərbi xidmətdə olduğum zaman mənim cənab Prezident qarşısında təkliflərlə çıxış etmək imkanım yox idi. İkinci görüş isə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsinin hazırlanması üçün gənclərin fikirlərini öyrənməklə bağlı idi. Bu, cənab Prezidentin belə formatda gənclərlə ilk görüşü idi. Bizə təkliflər irəli sürmək üçün şans yaradıldı. Hər bir fikrimiz, təklifimiz dövlət başçısı tərəfindən maraqla qarşılanırdı. Təkliflərimizin hər birinə Prezident İlham Əliyev fikirlərini bildirir, qeydlərini edirdi. Dövlətimizin başçısının gəncləri bu formatda qəbul etməsi və "Cənab Prezident, bizə nə qədər vaxt ayırmısınız" sualına "Vaxt məhdudiyyəti yoxdur" cavabını verməsi Azərbaycan dövlətinin gəncliyə olan yüksək münasibətinin göstəricisidir.
- Xaricdə təhsil almış
gəncsiniz. Sizcə, gənclərimiz xaricdə təhsillə
bağlı dövlət proqramından yetərincə
yararlana bilirlərmi?
- Xaricdə təhsillə bağlı Dövlət Proqramı 2007-2015-ci illəri və 5 min gənci əhatə edəcək. Lakin proqramın təsdiqindən əvvəl də dövlət xətti ilə xaricdə təhsil almaq imkanı var idi. Mən özüm də, dostlarım da dövlət xətti ilə xaricdə təhsil almışıq. Lakin bizimlə dövlət proqramı xətti ilə xaricdə təhsil alan gənclər arasında böyük imkan fərqləri var. Yəni proqramdan əvvəl dövlət xətti ilə xaricdə təhsil almaq istəyən gənclərin çox məhdud sayda ali məktəb seçmək imkanları var idi. Ölkə sayı 3-4-ü, universitet sayı 10-u keçmirdi. Təqaüdümüz isə ayda 100 dollar idi.
Dövlət proqramı isə gənclərə böyük imkanlar yaradıb. İndi gənclərimiz təhsil almaq üçün 24 ölkənin 200-dən artıq universitetinə göndərilirlər. Dövlət proqramı ilə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbənin təqaüdü təxminən aylıq 1700-1900 funt-sterlinqdir. Bu pula qalmaq və təhsil xərcləri daxil deyil. Hətta dövlət rəsmiləri ilə İngiltərədə keçirilən görüşdə tələbələrdən biri təqaüdün məbləğinin həddən artıq çox olduğunu bildirmişdi. O vaxt Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov dedi ki, dövlət bu təqaüdü məhz tələbələrin tam rahat şəkildə təhsil almaları, korluq çəkməmələri, bütün fikirlərini təhsilə yönəltmələri üçün verir. Çünki dövlət proqramının məqsədi xaricdə təhsil alan gənclərimizin peşəkar şəkildə ixtisaslara yiyələnərək vətənə qayıtmalarıdır. Vətənə qayıtdıqdan sonra hər bir məzun beş il dövlət qulluğunda işləməlidir. Zənnimcə, gənclərimiz üçün bundan böyük imkan ola bilməz. Çünki hər bir gənc istəyər ki, dövlət qulluğunda işləsin.
Bu mənada dövlət proqramı gənclər üçün böyük imkanlar yaradıb. Gənclər də bundan yetərincə yararlanırlar. 2007-ci ildən indiyədək 1000-ə qədər Azərbaycan gənci dünyanın ən yaxşı universitetlərində təhsil alıb və bu, davam edir. Növbəti dörd il ərzində proqram cərçivəsində qarşıya qoyulan bütün məqsədlər reallaşacaq.
- Prezident İlham Əliyevlə
görüşdə təkliflərinizdən biri xaricdə təhsil
alan gənclərin ölkəmizdə tədris prosesinə cəlb
olunması ilə bağlı idi. Həqiqətənmi bu, təhsilimizin
keyfiyyətinin artırılmasına töhfələr verə
bilər?
- Sirr deyil ki, Azərbaycanda təhsilin
formaları bəzən dünya standartlarına tam cavab vermir.
Prezident İlham Əliyev də görüşdə belə
bir fikir söylədi ki, biz təhsilimizi elə səviyyəyə
çatdırmalıyıq ki, gənclərimiz xaricdə təhsil
almaq ehtiyacını hiss etməsinlər. Bununla bağlı
görüşdə müasir texnologiyaların tədrisdə
tətbiq edilməsi, gənclərin aktiv tələbə həyatının
inkişafı, regionlardan gələn gənclərin rahat təhsil
almaları üçün tələbə
yataqxanalarının yenidən qurulması kimi məsələlər
müzakirə olundu.
Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində səslənən təkliflərdən biri universitetlərdə dərs deyən və təqaüd yaşına çatan müəllimlərin tədrisdən azad olunmasıdır. Mən şəxsən bu təkliflə razı deyiləm. Çünki Azərbaycan elmi üçün böyük işlər görən elə yaşlı müəllimlərimiz var ki, onların təcrübəsindən indi də yararlanmaq lazımdır. Bəli, elə müəllimlər də ola bilər ki, artıq effektiv dərs deyə bilmirlər və ya bilikləri yeniləşdirmirlər, inkişaf etdirmirlər, yeni texnologiyalarla maraqlanmırlar, müasirləşmək istəmirlər. Bu məsələdə mənim təklifim ondan ibarətdir ki, 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində xaricdə əla qiymətlərlə təhsil alan və akademik biliyi olan gənclərimiz vətənə qayıtdıqdan sonra dövlət qulluğunda beş il işləməklə yanaşı, universitetlərdə tədrisə cəlb olunsunlar. Amma bu o demək deyil ki, yaşlı müəllimlər təqaüdə göndərilməlidir. Ən azından ona görə ki, pedaqoji fəaliyyət deyilən anlayış var ki, bu da qısa müddətdə formalaşmır. Bu mənada hesab edirəm ki, təklifim həyata keçərsə, universitetlərdə tədrisə cəlb olunan gənclər fəaliyyətə professorların yanında assistent olaraq başlamalıdırlar. Yalnız pedaqoji sirlərə yiyələndikdən sonra müstəqil şəkildə xaricdə aldıqları bilikləri və təcrübəni tələbələrlə bölüşməlidirlər. Düşünürəm ki, bunun effekti çox böyük ola bilər.
- Təbii ki, gənclərin
hamısı ali təhsil almır. Bu mənada gəncliyin daha
hansı problemləri öz həllini tapmalıdır?
- Gəncliyin problemləri əsasən
maddi və fiziki olmayan problemlərdir. Maddi problemlərdən ən
əsası gənc ailələrin mənzil məsələsidir.
Bu, cənab Prezidentlə görüşdə də
müzakirə edildi. Artıq bir neçə ildir ölkəmizdə
vətəndaşlara ipoteka kreditləri verilir. Lakin hazırda
ipoteka kreditlərinin şərtləri günün
reallıqlarına tam cavab vermir. Bu kreditlərin şərtlərinin
sadələşdirilməsinə və həcminin
artırılmasına ehtiyac var. Bu barədə təkliflər
görüşdə səsləndirildi və dövlət
başçısı bunlara çox həssas yanaşdı.
Digər problemlərə gəldikdə
isə, bunlardan biri işsizlikdir. Əlbəttə, ali təhsil
alan, zəruri biliklərə yiyələnən gənc
özünə iş tapa bilər. Mənim bu gün təhsil
alan, lakin özünə iş tapmayan bir nəfər də
olsun dostum yoxdur. Lakin digər tərəfdən hər bir gənc
ali təhsil almır. Odur ki, texniki peşə məktəblərinin
inkişafına diqqət yetirilməlidir. Günün zərurəti
olan peşə sahiblərinə həqiqətən
böyük ehtiyac var. Məsələn, hansısa rayona kənd
təsərrüfatı texnikası gətirilir. Amma həmin
rayonda o texnikanı işlədəcək adam tapılmır.
Odur ki, texniki peşə məktəblərinin fəaliyyətinin
yenidən qurulmasına və genişləndirilməsinə
çox ciddi ehtiyac var.
- Sizcə, gənclər yeni hazırlanan dövlət
proqramında özlərini tapa biləcəklərmi və
ümumiyyətlə, bu proqram gəncliyin aktual məsələlərinin
həllinə nə kimi töhfələr verəcək?
- "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının zəngin
olması biz gənclərdən də çox
asılıdır. Biz fikir və təkliflərimizi bu
proqramın hazırlanması üzrə effektiv şəkildə
çatdırmalıyıq. Problemi deyiriksə, onun həlli
yolunu da göstərməliyik. Proqram ideyası gündəmə
gələndə məni düşündürən ilk məsələ
o oldu ki, görəsən, bu proqrama nə kimi töhfələr
verə bilərəm, zənginləşdirilməsində, gəncliyin
aktual məsələlərinin əks olunmasında nə
cür iştirak edə bilərəm?
Dövlət
başçısı ilə görüşdə
üç təklif irəli sürdüm. Təkliflərdən
biri Gənclər Mərkəzinin yaradılması idi. Digər
təkliflərim gənclərimizin xaricdə təhsil
aldıqdan sonra pedaqoji fəaliyyətə cəlb
olunmaları və Gənclər Fondunun yaradılması idi. Cənab
Prezident bu təklifləri dəstəklədi və müsbət
münasibət bildirdi.
Ümumiyyətlə,
dövlət proqramının hazırlanması ilə
bağlı gənclərdə çox böyük aktivlik
var. Çünki yeni nəsil bu proqramın gəncliyin
inkişafında, onlara yeni imkanların yaradılmasında və
mövcud imkanların genişlənməsində böyük
rol oynayacağına inanır.
Bu gün Azərbaycan
dövlətinin gəncliyin inkişafı, aktual məsələlərinin
həlli üçün geniş maddi və mənəvi
imkanları var. Əgər Prezident İlham Əliyev bizi qəbul
edirsə, təkliflərimizə qulaq asırsa, deməli,
dövlət gəncliyin inkişafına həssaslıqla
yanaşır. Cənab Prezidentin sıx iş qrafikinin
olmasına baxmayaraq, gəncləri qəbul etməsi, dinləməsi
bizdə əminlik yaratdı ki, "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı effektiv sənəd
olacaq.
Müsahibəni apardı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2011.- 15 may.- S. 3.