Sığorta-pensiya sistemində şəffaflıq əsas
prinsipdir
Əhalinin etibarlı sosial
müdafiəsinin təşkili istiqamətində
görülən tədbirlərin davamlı olaraq genişləndirilməsi
ölkə vətəndaşlarının maddi rifah
halının yüksələn xətt üzrə
inkişafına təsir göstərən əsas amillərdən
biri kimi çıxış edir.
Bu baxımdan Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən genişmiqyaslı islahatların tərkib
hissəsi kimi sığorta-pensiya sisteminin daha da təkmilləşdirilməsi
və dayanıqlı inkişafına nail olunması, həmçinin
əmək pensiyaçılarının sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri uğurla davam etdirilməkdədir.
Sığorta-pensiya sistemi üzrə aparılan
islahatların nəticəsində əmək
pensiyalarının məbləği dəfələrlə
artıb və bu siyasət uğurla davam etdirilməkdədir.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin
birinci rübünün yekunlarına həsr olunmuş
iclasında vətəndaşların 2006-cı il yanvarın
1-dək olan dövrdə qazanılmış
pensiyalarının yenidən hesablanması barədə
verdiyi tapşırıq bunun əyani sübutudur.
Uğurlu islahatlar sayəsində
əmək pensiyaçılarına xidmət müasirləşdirilərək,
yüksək səviyyədə təşkil olunub. Bu məqsədlə
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbələrinin
infrastrukturları yenidən qurulub, onların maddi-texniki
bazası möhkəmləndirilib, şöbələr Avropa
standartlarına uyğun yeni inzibati binalarla təmin edilib.
Bütün iş yerləri müasir kompüterlərlə,
avadanlıqlarla, eləcə də mebellə təchiz olunub
ki, bu da rayon ərazisində yaşayan pensiyaçılara, həmçinin
sahibkarlara yüksək səviyyədə, şəffaf şəkildə
xidmət göstərməyə imkan verir. Yerli şöbələrdə
əmək pensiyaçılarına, ahıl vətəndaşlara
xidmət imkanları genişləndirilmiş, bunun
üçün müasir avadanlıqlar
quraşdırılmışdır.
Dövlət Sosial Müdafiə
Fondunun digər rayon şöbələrində olduğu
kimi, Goranboy rayon şöbəsinin də əsas iş yerləri
avtomatlaşdırılıb. Burada internet xəttinə
qoşulmuş kompüterdən ibarət lokal şəbəkə
istifadədir ki, bu da rayon sakinlərinin xidmətində və
işin səmərəliyində müsbət haldır. O da
təqdirəlayiq haldır ki, DSMF-nin sığorta-pensiya sisteminin
inkişafı sahəsində həyata keçirdiyi tədbirlər
fondun yerli orqanlarının da məsuliyyətini xeyli
artırıb. Belə ki, rayon əhalisinin əmək
pensiyası və məcburi dövlət sosial sığorta
haqları hesabına ödənilən müavinətlərin
təyin olunması və ödənişinin vaxtında həyata
keçirilməsi üçün məcburi dövlət
sosial sığorta haqları üzrə proqnoz
tapşırığının yerinə yetirilməsi əsas
vəzifə kimi müəyyənləşdirilib. Bu sahədə
işin aparılması zamanı şəffaflığın
artırılması əsas amillərdən biri hesab edilir.
Fondun Goranboy rayon şöbəsində
əhaliyə xidmət sahəsində şəffaflıq təmin
olunub. Şöbənin müdiri Eyvaz Nəcəfov bildirdi ki,
hazırda şöbə üzrə müraciət edən vətəndaşların
qəbul edilməsi və onları maraqlandıran məsələlərin
aydınlaşdırılması və həlli istiqamətində
operativ tədbirlərin həyata keçirilməsi
üçün inzibati binada növbətçilik qrafiki və
"qaynar xətt" yaradılıb. Vətəndaşların
müraciətlərinin operativ qaydada
cavablandırılması və həll edilməsi
üçün onlar növbətçi tərəfindən
istiqamətləndirilir. Vətəndaşların müraciətlərinə
baxılması üçün qəbul günləri təyin
olunub. Ərizə və şikayətlərin
araşdırılması və qanunvericiliyə uyğun
olaraq həll edilməsi üçün şöbədə
komissiya yaradılıb. Bütün ərizə və
şikayətlər komissiya tərəfindən
araşdırılaraq vətəndaşların
iştirakı təmin edilməklə şöbənin
ümumi iclasına çıxarılır və qəbul
olanan qərara uyğun həll edilir. Cari ilin ötən
dövrü ərzində şöbəyə ümumilikdə
vətəndaşlar tərəfindən 21 ərizə və
müraciət daxil olub. Bu ərizələr şöbədə
diqqətlə araşdırılıb, vətəndaşlara
müraciətləri ilə bağlı geniş izahatlar
verilib. İş prosesi zamanı şöbənin məsul
şəxslərinin funksional vəzifələrinin icrası
zamanı dövlət qulluqçusunun etik davranış
qaydalarına əməl olunmasına ciddi riayət edilməsi
daim nəzarətdə saxlanılır. 2011-ci ilin yanvar-aprel
ayları ərzində yuxarı orqanlara ünvanlanmış
müvafiq iki müraciət ərizəsinə şöbənin
ümumi iclasında şikayətçilərin
iştirakı ilə baxılıb və müsbət həlli
istiqamətində müvafiq qərarlar
çıxarılıb.
Şəffaflığın
artırılması istiqamətində görülən tədbirlər,
verilən tapşırıqların vaxtında yerinə
yetirilməsi fondun Goranboy rayon şöbəsinin
rüblük proqnozu tam yerinə yetirməsinə imkan
yaradıb. Şöbə tərəfindən 2011-ci ilin
yanvar-aprel ayları üçün məcburi dövlət
sosial sığorta haqları üzrə 1 milyon 392,3 min manat proqnoz
tapşırığa qarşı 1 milyon 424,3 min manat icra
edilərək 102,3 faiz yerinə yetirilib. Hesabat dövründə
məcburi dövlət sosial sığorta haqları və ona
tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi
üçün şöbə tərəfindən
qanunvericilikdə müəyyən edilmiş tədbirlər
davam etdirilib.
Hazırda şöbə
13984 nəfər əmək pensiyaçısına xidmət
edir və onların hamısı öz pensiyalarını
vaxtında plastik kartlarla alırlar. Dövlət sosial
sığorta sistemində fərdi uçotun tətbiqi ilə
əlaqədar idarə, müəssisə və təşkilatlarda
çalışan işçilərə, əmək və
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslərə, torpaq pay mülkiyyətçilərinə
və onların əmək qabiliyyətli ailə üzvülərinə
fərdi hesablar açılıb. Sığortaedənlər
tərəfindən 2006-2009-cu illər üçün təqdim
olunmuş "Sığortaolunanlar haqqında məlumatlar"
qəbul edilərək 6 milyon 14,1 min manat ödənilmiş
sosial sığorta haqları sığortaolunanların fərdi
şəxsi hesablarında əks etdirilib.
Goranboy rayon şöbəsı tərəfindən əhalinin maarifləndirilməsi üçün də müvafiq tədbirlər həyata keçirilməkdədir. Şöbənin məsləhətçiləri tərəfindən sığortaedənlər və sığortaolunanlarla mütəmadi olaraq sosial sığortanın və fərdi uçot sisteminin əhəmiyyəti barədə təşviqat işləri aparılır və hər bir işçinin işə başlayarkən mütləq rəsmi əmək müqaviləsinin bağlanması və məcburi dövlət sosial sığortasına cəlb edilməsinin vacibliyi izah edilir. Rayon üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və ümumiyyətlə, sosial sığorta anlayışı, onun sosial təminat forması olması və sosial sığorta hadisələri mövzusunda şöbə tərəfindən məlumat və maarifləndirmə qaydasında müxtəlif tədbirlər təşkil edilib. E.Nəcəfov vurğuladı ki, bu səpkidə təbliğat işləri davam etdirilməkdədir.
DSMF son illər ərzində sığorta-pensiya sistemi sahəsində çox vacib və mütərəqqi islahatlar həyata keçirir və bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə edilir. Həyata keçirilən sığorta-pensiya islahatları şöbə tərəfindən müxtəlif telekanallar və mətbuat vasitəsilə əhaliyə çatdırılır. Əmək pensiyaları sahəsində aparılan islahatlar istənilən pensiyaçıya fərdi qaydada izah edilməklə yanaşı, müxtəlif ictimai təşkilatlara və digər müraciətçilərə ətraflı məlumatlar verilir.
E.Nəcəfov bildirdi ki, DSMF-nin Goranboy rayon şöbəsi 2011-ci ildə fondun aparatının müəyyənləşdirdiyi tədbirlər planına müvafiq olaraq şöbənin sığorta-pensiya sahəsində fəaliyyətinin qanunvericiliyin tələblərinə müvafiq olaraq qurulması və bu sahədə şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcəkdir.
R.BAYRAMOV
Azərbaycan.- 2011.-15 may.- S.5.