Cəmiyyətin tərkib hissəsi
Azərbaycan xalqının dəyərlər sistemində ailənin, evin, isti ocağın xüsusi yeri var. Daha doğrusu, ailə anlayışı cəmiyyətin təməl mərhələsidir. Keçilən digər mərhələlər rüşeyim kimi bu ocağın işığından nur alır, qidalanır, sonra ictimailəşir və institutlaşır. Biz özümüzü yalnız ailəmizdə xoşbəxt hiss edir (dəxli yoxdur mənsub olduğumuz ailə varlıdır, ya kasıb), dincliyimizi ailəmizdə tapırıq. Çətin vəziyyətə düşəndə belə düşünürük ki, tək deyilik, bizə dəstək olan, təsəlli verən ailəmiz var. Güclü milləti və xalqı möhkəm ailə formalaşdırır. Çünki kökünə-soyuna, milli-mənəvi dəyərlərinə sadiq ailələr hesabına cəmiyyət inkişaf edir, dövlətin təməli möhkəmlənir, xalqın rifahı yüksəlir.
Bu gün Beynəlxalq Ailə Günüdür. Bu əlamətdar gün 1993-cü il sentyabr ayının 20-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təsis olunub. Qərara alınıb ki, 1994-cü ildən başlayaraq hər il mayın 15-i tarixi dunyada ailə günü kimi qeyd olunsun. Məqsəd müxtəlif ölkə ictimaiyyətinin diqqətini çoxsaylı ailə problemlərinə yönəltmək, bir də ailənin möhkəmliyini qorumaq haqqında bəşəriyyəti maarifləndirməkdir. Çünki əgər ailələr tez-tez dağılır, tərəflər arasında münaqişələr yaranır, uşaqlar valideynsiz qalırsa, deməli, bəşəriyyətin gələcəyi ciddi təhlükə altına düşür. Dünya ictimaiyyəti bu məsələdə həmrəylik göstərib cəmiyyətin bünövrəsi sayılan ailəyə diqqəti artırmalıdır. Dünyada ailə günü qeyd olunsa da, olunmasa da, ailə möhkəmliyini qorumaq, bu qayğılarla yaşamaq millətimizin gözəl mənada alın yazısıdır. Beynəlxalq aləmdən fərqimiz ondadır ki, biz ailədə yaranmış münaqişələri yoluna qoymaq üçün dünya xalqlarını köməyə çağırmır, daha çox möhkəmlənmiş ailə ənənələrimizdən, böyüklərimizin, ağsaqqal və ağbirçəklərimizin öyüd-nəsihətlərindən yararlanırıq. Ancaq bir halda ki, dünya da bu müqəddəs dəyərləri qorumaqdan kənarda qalmaq istəmir, onlarla əl-ələ veririk. Təki bu cür beynəlxalq səsləşmələr və birləşmələrin ailələrin qorunmasında rolu olsun, həmin gün dünyanın harasındasa valideynsiz qalacaq bir körpənin şansı gətirsin, ata-anası bu günün xatirinə ayrılmamağa qərar versinlər.
Müasir dünyada gedən proseslər, qloballaşma, inteqrasiya prosesləri, internet və virtuallaşma kimi yeni kommunikativ modellər bizim cəmiyyətimizdən də yan keçmir. Odur ki, ailə günü ilə bağlı yazı hazırlayarkən düşündük ki, ailə haqqında ən səmimi və doğru söz insanların özlərinin dedikləri və düşündükləridir.
19 yaşlı Günay Bağırova hələ ailə qurmayıb, ömrünün qayğısız tələbəlik illərini yaşayır. Deyir ki, ailə anlayışı mənim üçün çox müqəddəsdir: "Hər gün atam işdən gələndə alnımdan öpməsə küsərəm, anam keçən il Məşhədə ziyarətə getmişdi, necə xiffət çəkdimsə, ağır xəstələndim. Bacımın iki balacası da nəfəsimdir. İstəyirəm gələcək həyatım bacımın ailəsi kimi olsun".
Emil Fətullayev də tələbədir. Hər gün şəhərə Pirallahı adasından gəlir: "Dərsdən sonra evə getmirəm, qəsəbəmizə gedən axırıncı marşrutun vaxtınadək qəzetlərin birində kompüterdə işləyirəm. Aldığım maaş çox olmasa da, özümü görür, anamı sevindirmək üçün hər gün evə gedəndə ucuz qiymətə də olsa, nəsə alıram. Çox vaxt aldıqlarıma ehtiyac olmur, amma o qədər qədir-qiymət verilir ki, lap utanıram. Elə bilirəm ki, hər ay evə 50-60 manat da olsa, kömək etsəm, dünyanın xoşbəxtiyəm. Çörəyi yalnız evimizdə yeyirəm, ailəmlə bir yerdə. İsrafçılığı xoşlamıram, çalışıram imkanım daxilində hərəkət edim".
Mətanət Eminova orta məktəb müəlliməsidir. Ailədən söz düşən kimi gün boyu gördüyü işlərdən danışdı: "Hər səhər balacanı məktəbə qoyur, işə gəlirəm. Günorta işdən çıxıb onu məktəbdən götürür, böyük uşağı aparıram. Axşamüstü böyük uşağı da məktəbdən götürüb evə qaçıram, yoldaşım işdən gələnədək xörək hazır olmalı, səliqə-sahman, uşaqların da dərs tapşırıqları yerli-yerində. Beləcə hər gün kilometrlərlə yol qət edirəm. Ancaq bunu çox sevdiyim ailəm və uşaqlarım üçün edirəm deyə, yorulmuram. Bizim həyatımız ailəmizdən başlayır".
Mürsəl dayı tez-tez redaksiyamıza gəlib-gedir... pensiyaların artıb-artmadığını öyrənmək üçün. Ömrünün 40 ildən çoxunu Füzuli rayonunda fizika-riyaziyyat müəllimi işləmiş Mürsəl müəllim bəzi cavanlardan gileylidir. Bunu nəsillərin savaşı kimi qəbul etsək də, onu dinləmək çox maraqlıdır: "83-ün içindəyəm. Nəvələrim-nəticələrim var. Bu gün də pensiyamı onlara xərcləyirəm. Söz yox, onlar üçün yaşayıram. Evdən çıxanda ayaqqabılarımın bağını da nəvələrim bağlayır. Amma bir az tənbəldirlər, işləyib qazanmaqdan çox, əylənməyi sevirlər. Biz ayrı cür həyat tərzi keçirmişdik". Göründüyü kimi, fikirlər müxtəlifdir, lakin hamısının təməlində ailəyə, ata-anaya böyük sevgi, müqəddəs münasibət var, möhkəm bağlılıq var. Biri anasını bir neçə gün görməyincə darıxır, biri ailəsinə azca da olsa, kömək etdiyi üçün özünü xoşbəxt sayır, o biri gün ərzində bu qədər qaç-qova baxmayaraq həyatından razıdır, çünki bunları ailəsi üçün edir.
Mürsəl müəllim bu yaşında da pensiyasını nəvə-nəticələrinə xərcləyir. Bir daha aydın olur ki, insan yaradılışı etibarilə başqasına mənəvi dayaq olmaq üçün xəlq edilmişdir.
Ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən elementdir. Hər bir ölkənin inkişaf səviyyəsini öyrənmək üçün onun ailəsinin vəziyyətini, yaşam tərzini, ailədə böyüyən uşaqların təhsil səviyyəsini, tərbiyəsini bilmək yetərlidir. İnsan vətəndaş kimi ilk növbədə ailədə yetişir. Qəribədir, balaca dövlət dediyimiz ailədəki əmin-amanlıq eynilə cəmiyyətdə, dövlətdəki əmin-amanlıq deməkdir. Bundan güclü ideologiya yoxdur.
Ailə və təhsil vacib məfhumlardır. Ailə inkişaf edən şəxsiyyətin təhsil və tərbiyəsinin əsasını yaradır. Yəni, uşaqların birinci müəllimi valideynləri olmalıdır. Bu mövzuda söhbət etdiyimiz sosioloq Gülşad Əlizadə deyir ki, təhsilli, ağıllı, xüsusən də, valideynləri ilə məsafəsi yaxın olan uşaqlar ailə dağılmalarının qarşısını alır: "Biz öz təcrübəmizdə bir neçə dəfə belə faktla qarşılaşmışıq. Elə olub ki, uşaqlar evdə yaranan münaqişəyə son qoyub, valideynlərini utandırıblar. Onları məcbur ediblər ki, bir-birlərilə mehriban olsunlar, heç olmasa, bizim üçün".
Boşanmalarla bağlı
statistikaya da nəzər yetirdik. Fəlakətdir, minlərlə
boşanan var. Düşünəndə ki, bu boşanmalar
minlərlə körpəni də qayğısız, xoşbəxt
yaşamasından məhrum edir, insan dəhşətə gəlir.
Son zamanlar internet və televeziya vasitəsilə
Sevindirici hal odur ki, Azərbaycan dövləti milli dəyərimiz olan ailə məsələsinə böyük önəm verir, onu dövlət siyasətinin tərkib hissəsi hesab edir. Xalqımızın gözəl ənənələrə malik ailə modeli var. Yaxşı olardı ki, biz bu modeldən kənara çıxmayaq, başqa sahələrdə inteqrasiya etsək də, ailə möhkəmliyində öz modelimizdə qalaq, dünyanı da bu modelə qovuşmağa çağıraq. Dünya bundan yalnız sevgi, mərhəmət, bir-birinə bağlılıq, ailə xoşbəxtliyi qazanar. Bunun nəyi pisdir ki?!
Rəsmiyyə RZALI
Azərbaycan.- 2011.- 15 may.- S. 5.