Dünyamızın təmiz suya, havaya ehtiyacı var

 

15 may Beynəlxalq İqlim Günüdür

 

Bu gün tarixə dünya meteoroloqları tərəfindən indiki və gələcək nəsillərin normal yaşamı üçün mühüm resurs olan iqlimin qorunmasının 40 mühüm şərtinin elan edildiyi gün kimi daxil olub. Məlumdur ki, insan öz inkişafının bütün mərhələlərində xarici mühitlə - havayla, su ilə, torpaqla, təbiətlə əlaqədardır, daha dəqiq desək, ondan asılıdır.

Dünyada baş verən iqlim dəyişmələri - aramsız yağıntılar, qasırğalar, uçqunlar, torpağın aralanması, yayın ortasında qəflətən dolu tökməsi, qitənin şimal qütbünə yandırıcı istilərin düşməsi bəşəriyyəti təbiətə qarşı ehtiyatlı davranmağa, ahəngdarlığı qorumaq üçün cəhdlər göstərməyə məcbur etdi. Çünki iqlim dəyişkənliyi, kəskin təbiət çevrilişləri, bunların nəticəsində yaranan ərzaq qıtlığı, təmiz su ehtiyatlarının azalması bütün ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərir, bu fəlakətlər dünyada sosial və iqtisadi itkilərlə, insan tələfatları ilə müşahidə olunur. Təbiət sisteminin bütün halqalarına daxil olan yad məhsullar ekosistemin mövcudluğu üçün təhlükə yaradır, iqlimi dəyişdirir, atmosferi məhv edir, Yeri öz oxundan çıxarır. İqlimin dəyişməsi isə alimlərin gəldiyi qorxulu qənaətə səbəb verir. Onlar Yer kürəsini narahat edən təhlükəni təbiətə olan mənəvi münasibətin aşınması ilə izah edirlər.

Bu kataklizmlər ölkəmizdə də müşahidə olunub və indi də təsirləri var. Müstəqilliyə nail olduqdan sonra gənc dövlətlərin çoxunda ətraf mühitin və iqlimin mühafizəsinin Milli Konsepsiyası yaradıldı. Bu konsepsiya Azərbaycanda da ekoloji vəziyyətin sağlamlaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəldildi, necə deyərlər, iqlimin və mühitin sağlamlaşdırılmasına başlandı. Nəticə də özünü gözlətmədi. Azərbaycan Xəzəryanı dövlətlər içərisində yeganə ölkə oldu ki, dənizin və ekvatoriyasının çirklənmədən təmizlənməsi üçün dövlət səviyyəsində kompleks tədbirlər planı həyata keçirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il respublikamızda "Ekologiya ili" elan olundu. Hər yerdə genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata keçirildi və bu, indi də davam edir. Bunlar hamısı iqlimin yaxşılaşmasına, ekoloji problemlərin həllinə yönəldilmiş irimiqyaslı tədbirlərdir. Yeri gəlmişkən xatırladaq ki, müstəqil Azərbaycan dövləti kimyəvi məhsullar üzərində nəzarətin tərəfdarı olduğunu qanuni formaya salıb. Çünki ekoloji çirkləndiricilər içərisində ən təhlükəlisi kimyəvi çirkləndiricilərdir. Vaxtilə Sumqayıt şəhərində 70-dən çox sənaye müəssisəsi yerləşirdi ki, bunlar da hər il havaya 73000 ton zəhərli kimyəvi maddə buraxırdı. Nəticədə hər şəhər sakininə 275 kq zəhərli maddə düşürdü. "Kimya sənayesi", "Kauçuk birləşmələri" və alüminium zavodunun fəsadları Sumqayıtda doğulan hər uşağın səhhətində üzə çıxırdı. Doğulan uşaqların 65 faizi asifiksiya və digər sağalmaz xəstəliklərə tutulurdu. Araşdırmalar apararkən maraqlı bir faktla da qarşılaşdıq. 1968-ci ildə Yaponiya fabriklərinin birində polixlorlaşdırılmış bifenil itkisi baş verir. Sən demə, bu ximikat düyü yağı rezervuarına düşərək ticarət şəbəkələrinə və toyuq fabriklərinə göndərilir. Nəticədə yüz minlərlə toyuq məhv olur, min nəfərdən çox insan zəhərlənir, bir neçə nəfər isə dünyasını dəyişir.

Azərbaycanın relyefi kimi, iqlim şəraiti də çox müxtəlifdir. Bu, ölkə ərazisinin ilk növbədə mülayim və subtropik iqlim qurşaqlarında yerləşməsi ilə əlaqədardır. İqlimi yaradan amillərə Günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları da iqlim əmələ gəlməsinə böyük təsir edir. Onlar birləşərək iqlimin əsas ünsürlərini - temperaturun, rütubətin, küləyin paylanmasını təmin edir. Di gəl ki, hər il dünya okeanlarına milyon tonlarla neft məhsulları, dəmir birləşmələri, qurğuşun, qalay, xlor, fosfor, civə və sair tullanır. Nəticədə müxtəlif xəstəliklər, patoloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır.

Ölkəmizin əksər ərazisi subtropik iqlim qurşağında - Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, təsirini zəiflədir. Xəzər dənizi də iqlimin mülayimləşməsinə müsbət təsir göstərir.

Müasir insanın ekoloji cəhətdən təmiz suya, qidaya, havaya ehtiyacı var. Bunları təmin etmək üçün isə ilk növbədə biosferin mühafizəsi, təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə, tullantıların azaldılması, havanı və suyu çirkləndirən, torpağa və onun sakinlərinə ziyan vuran hər hansı mənbənin buraxdığı zəhərli maddələrin məhv edilməsi vacibdir. Zəhərlənmiş təbiətin hər zərrəsi bərpa olunmalı, təbii resursların tükənməsinin qarşısı alınmalıdır. Təhlükəsiz texnologiyalar təbiq edilməli, vətəndaşların və torpağın təhlükəsizliyi riskini azaltmaq lazımdır.

Dünya birliyi iqlimi, udduğumuz havanı təmizləmək üçün neçə illərdir istilik effekti yaradan qazların atmosferdə konsentrasiyasını sabitləşdirməyə çalışır. İqlim dəyişməsinin yaratdığı daha bir problem qlobal su qıtlığı ilə bağlıdır. Qlobal əhəmiyyətə malik olan su sənayeləşmə və urbanizasiya nəticəsində çirklənir. Statistik məlumatlara görə, insanlar arasında yayılan xəstəliklərin 80-85 faizi çirkli sulardan istifadə edilməsi ilə əlaqədardır. Qlobal iqlim dəyişmələrinin yaratdığı quraqlıq ölkələri su qaynaqları axtarmağa vadar edir. Azərbaycanda da bu istiqamətdə əhəmiyyətli iş görülür.

İqlim dəyişməsi ilə səhralaşma bir-birilə bağlıdır ki, bu da asanlıqla torpaq qatını zədələyir. Mütəxəssislərin fikrincə, ölkəmizin dağətəyi və aran zonalarında yağıntılar çox olsa da, buxarlanma sürətlə getdiyi üçün torpaqların şoranlaşması və səhralaşması da sürətlə gedir. Beynəlxalq aləm torpaqların yararsız hala düşməsinin qarşısını almaq üçün tədbirlər görsə, müxtəlif layihələr həyata keçirsə də, hələ ki bunun qarşısını almaqda acizdir.

Həyatımızı və yaşayışımızı onsuz təsəvvür etmədiyimiz, ana dediyimiz təbiəti israf etməməli, tükətdiyimizi də yerinə bərpa etməliyik. Unutmamalıyıq ki, hər birimizin üzərində bu nemətləri gələcək nəsillərə olduğu kimi çatdırmaq məsuliyyəti də var. Hər bir xalqın təbiəti, landşaftı, təmiz havası, içməli suyu, açıq səması, iqlimi həm də onun mədəni irsidir. Mədəni irsimizi isə qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

 

 

R.QARAYEVA

 

Azərbaycan.- 2011.-15 may.- S. 7.