"Eurovision-2011" müsabiqəsi
bir daha Azərbaycanın Avropa ölkələri
sırasına qəbul edildiyini göstərdi
Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsini müəyyən mənada qanunauyğun hadisə kimi qəbul etmək olar. Çünki Azərbaycanın son illərdə həm regionda, həm də beynəlxalq aləmdə atdığı addımlar, əldə etdiyi nailiyyətlər məntiqi olaraq, ardıcıl davam edir. Bunu bazar ertəsi "Trend"-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Ümumiyyətlə, Azərbaycanın nailiyyətləri - istər siyasi, istər iqtisadi, istərsə də idman sahəsində - artıq neçə illərdir ki, davam edir. Nailiyyətlər bütün sahələri əhatə etdiyi üçün bu, Azərbaycanın dünya birliyinə, Avropa ölkələri sırasına problemsiz qəbul edildiyini bir daha nümayiş etdirir. Yəni artıq siyasi motiv olmadan, bütün Avropanın əhalisi Azərbaycanı özünə bir tərəfdaş kimi qəbul etdi. Azərbaycanın "Eurovision-2011" müsabiqəsində qalib gəlməsi tərəfdaş kimi qəbul edilməsinin nümunəsidir. Avropa Azərbaycanın musiqi sahəsində nailiyyətlərinə qiymət verdi" - deyən Novruz Məmmədovun fikrincə, belə qələbə bu gün Azərbaycanın hərtərəfli lider olduğunu bir daha sübut etdi.
"Mən belə başa düşürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin silsiləsinə bunu da əlavə etmək lazımdır və bundan sonra da uğurlar davam edəcək. Belə qələbələri məhz Prezident İlham Əliyevlə birgə qazanmaq daha asan olur" - deyə Novruz Məmmədov bildirib.
PA rəsmisi bəzi ölkələrin Azərbaycana az səs verməsinə də münasibətini açıqlayıb: "Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanla çox yaxından əməkdaşlıq edən bəzi dövlətlər - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Norveç, Bolqarıstan, Danimarka kimi ölkələr heç 3-4 bal da vermədilər. Lakin bunu onların mahnıya qiymət verməmələri ilə yox, həmişəki kimi bu dövlətlərin özlərinin müəyyən mövqelərinin olması ilə qiymətləndirirəm".
PA-nın şöbə müdiri təəssüflənir ki, bu gün Azərbaycanın sürətli, hərtərəfli inkişafı, regionda liderə çevrilməsi, beynəlxalq aləmdə özünün möhkəm mövqeyini formalaşdırması bəzi dairələrin xoşuna gəlmir və onlar qısqanclıqlarını nümayiş etdirirlər.
"Bu möhtəşəm qələbədən sonra Qərbdə bir neçə qəzet Azərbaycanın qələbəsinə öz qərəzli münasibətlərini gizlədə bilmədi. Onlar belə bir sevinci işğal altında olan torpaqlarımızın qaytarılması ilə də yaşamaq arzumuza qərəzlə yanaşaraq, qəribə fikirlər səsləndirirlər və Ermənistanın iştirak etmədiyini göstərərək bu ölkəyə məhəbbətlərini gizlədə bilmirlər. "New York Times", "Şpigel" qəzetlərində bununla bağlı yazılar dərc olunub. Bu qəzetlər öz qərəzli münasibətini gizlədə bilmədilər. Əslində gizlətməyə heç çalışmadılar da. "Azərbaycan "Eurovision"da qalib gəlib" cümləsini çox çətinliklə yazandan sonra Azərbaycanı tənqidə keçdilər. Bu da bizi narahat etməməlidir, çünki bizim yolumuz düzdü, siyasətimiz müstəqildir, bütün ölkələrlə məhsuldar, qarşılıqlı əməkdaşlıq edirik və öz yolumuzla da gedəcəyik" - PA rəsmisi qeyd edib.
Novruz Məmmədov
hesab edir ki, belə qələbələr bütün
xalqı birləşdirir: "Əksəriyyət gənclər
olmaqla, bütün xalqın küçələrə
çıxması, iftixar hissini nümayiş etdirməsi
ölkənin yüksək əhval-ruhiyyəsindən xəbər
verir. Yəni bu ölkədə proseslər düzgün
istiqamətdə gedir. Avropanın əhalisi, ictimaiyyəti məhz
gənclərimizin sənətinə, sənətkarlığına,
ustalığına qiymət verdilər. Bu nöqteyi-nəzərdən,
həqiqətən bizimkilər birinci yerə layiq idilər.
Onların çox böyük bal fərqi ilə birinci yerdə
olmaları artıq Azərbaycan sənətkarlığının
nə qədər yüksək səviyyədə olduğunu
bir daha nümayiş etdirdi. Onların qarşılarında
heç bir rəqib qala bilmədi".
Azərbaycan.- 2011.-17 may.- S. 2.