Zəngin musiqi mədəniyyətimizi layiqincə qiymətləndirən Avropa ölkələrinin verdikləri yüksək bal "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın möhtəşəm qələbəsini təmin etmişdir

 

AzərTAc xəbər verir ki, Avropanın ən nüfuzlu musiqi yarışması olan "Eurovision" müsabiqəsinin sayca 56-cı mərhələsi cəmi dördüncü ildir ki, bu əsrarəngiz mahnı bayramında iştirak edən Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmışdır.

Müsabiqədə təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal bütün dünyanı valeh edən gözəl ifaları və möhtəşəm səhnə performansları ilə 221 xal toplayaraq Azərbaycanı 43 Avropa ölkəsi arasında birinci sıraya yüksəltmişlər.

Ölkəmizin tarixi qələbəsində Azərbaycan mədəniyyətinin zənginliyini yüksək qiymətləndirən Avropa ölkələrindən gələn dəstək mühüm rol oynamışdır.

Ölkəmizin tarixi qələbəsini böyük sevinc və sonsuz qürur hissi ilə bayram etdiyimiz bu anlarda Azərbaycan musiqiçilərinin təkrarolunmaz ifalarını ən yüksək balla qiymətləndirən Avropa ölkələrinin adlarını bir daha minnətdarlıq hissi ilə xatırlatmaq yerinə düşər. Beləliklə, Türkiyə, Rusiya və Malta Azərbaycan təmsilçilərinin çıxışlarını müsabiqədə son hədd kimi götürülən 12 balla qiymətləndirmişlər. Ukrayna, Xorvatiya, San-Marino, Rumıniya və Moldova da Azərbaycana dost ölkə olduqlarını, zəngin musiqi mədəniyyətimizi layiqincə qiymətləndirmələrini hər biri 10 ballıq qiymətlə ifadə etmişdir.

Daha bir neçə ölkə - Kipr, İslandiya, Avstriya, Polşa, Gürcüstan, Albaniya, Portuqaliya, Litva, Bosniya və Herseqovina və Estoniya ölkəmizə 8 bal verməklə təmsilçilərimizə böyük dəstək olmuşlar.

Xalqımız Avropa ölkələrindən gələn bu dəstəyi Odlar yurdu Azərbaycanın zəngin mədəniyyətinə olan heyranlığın, hörmət və ehtiramın ən bariz nümunəsi kimi dəyərləndirir. Ümumiyyətlə, düşmən Ermənistan istisna olmaqla, 43 iştirakçı ölkənin demək olar ki, hər birindən gələn hər bir bal Azərbaycanın bu mötəbər musiqi yarışmasında ədalətli qələbəsinin reallaşmasına, layiq olduğu zirvəni fəth etməsinə yardımçı olmuşdur.

 

 

Azərbaycan.- 2011.-17 may.- S. 3.