Azərbaycanın
"Eurovision
- 2011" mahnı müsabiqəsindəki
parlaq qələbəsi
qardaş Türkiyədə
böyük sevinclə
qarşılanmışdır
Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qələbə qardaş Türkiyədə böyük sevinclə qarşılanmışdır.
Gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutması və qaliblərin əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırmaları bütün televiziya kanalları və informasiya agentliklərinin ən mühüm xəbəri kimi təqdim olunmuşdur. Bu qələbə, eyni zamanda, Türkiyənin də zəfəri kimi dəyərləndirilmişdir.
"Hürriyət", "Vətən", "Milliyət" və digər nüfuzlu qəzetlərin internet saytlarında Azərbaycan gənclərinin qələbə anını əks etdirən videoçarxlar yerləşdirilmişdir. Qəzetlərin birinci səhifələrindəki xəbərlər "Eurovision"da qardaş təsəllisi", "Finala çıxa bilmədik, amma qazandıq", "Eurovision"da zəfər qardaş Azərbaycanın oldu" kimi başlıqlarla verilmişdir.
Xəbərlərdə vurğulanmışdır
ki, Türkiyə ictimaiyyəti qardaş ölkənin qələbəsini
öz uğuru kimi qiymətləndirir.
* * *
Azərbaycanın
56-cı "Eurovision - 2011" mahnı müsabiqəsində
tarixi qələbəsi və Avropanın 43 ölkəsi
arasında birinci yer tutması ilə bağlı Türkiyənin
internet saytlarında çoxlu material yerləşdirilmişdir.
Saytlardakı "Eurovisionda Azərbaycan qələbə qazandı", "Eurovisionda Azərbaycan birinci oldu", "Eurovisiona türk damğası", "Gələn il Eurovision Bakıda keçiriləcək", "Azərbaycanlılar Eurovisionda birinciliyi Azadlıq meydanında qeyd etdilər", "Sanki Türkiyə qələbə qazandı" və s. başlıqlı yazılarda oxuculara ətraflı məlumat verilmişdir.
Türkiyənin yarımfinalda mübarizəni dayandırmasından sonra Azərbaycan təmsilçisi Nigar Camalın əlində türk bayrağı ilə səhnəyə çıxması Türkiyəyə təsəlli, Azərbaycanın qələbəsi isə türk dünyasının uğuru kimi qiymətləndirilmişdir.
Azərbaycan.- 2011.-17 may.- S.3.