"Eurovision-2011" mahnı müsabiqəsində
Azərbaycanın böyük
qələbəsi Fransa
mətbuatının aparıcı
mövzularından birinə
çevrilmişdir
Almaniyanın Düsseldorf şəhərində eçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın birincilik qazanması son günlər Fransa mətbuatının aparıcı mövzularından birinə çevrilmişdir.
Ölkənin ən nüfuzlu yahoo.fr saytında məşhur "Röyter", "Assoşieyted Press", "Frans Press" və digər agentliklərin mahnı yarışından qalib çıxaraq doğma Azərbaycanı ləyaqətlə təmsil etmiş Eldar Qasımov və Nigar Camalla bağlı materialları yerləşdirilmişdir.
Agentliklər ölkəmizin tarixində ilk dəfə olaraq Ell və Nikkinin (Eldar və Nigar belə təqdim olunur) sayəsində "Eurovision-2011"-də Azərbaycanın qalib gəlməsi barədə məlumat vermiş, Fransanın təmsilçisi Amori Vassilinin yarışmada 15-ci yeri tutması, bu ölkənin sonuncu dəfə 1977-ci ildə "Eurovision" müsabiqəsinin qalibi olması təəssüf hissi ilə xatırlanmışdır.
Fransa mətbuatı Qafqaz ölkələrindən biri olan Azərbaycanı təmsil edən gənc duet Ell və Nikkinin ifa etdikləri "Running Scared" mahnısı ilə "Eurovision-2011" müsabiqəsinin qalibi olmasından, artıq süqut etmiş SSRİ-nin keçmiş respublikalarından olan Azərbaycanın belə möhtərəm mahnı yarışında dördüncü dəfə iştirak etməsinə baxmayaraq qibtəediləcək dərəcədə böyük uğura imza atmasından, beləliklə də ümumi qaydaya əsasən, növbəti "Eurovison-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsindən və bunun gənc müstəqil dövlət üçün qürur doğuran fakt olmasından söhbət açmışlar.
Parisdə nəşr olunan gündəlik "L' Express", "Le Parisien", "Liberation", "Paris-Matsh" və digər mətbu orqanları da öz səhifələrində Azərbaycanın gənc ifaçıları Eldar Qasımovun və Nigar Camalın "Eurovision-2011"-də müvəffəqiyyətli çıxışı və öz ölkələrinə birinci yeri qazandırmaları barədə müxtəlif başlıqlar altında məqalələrə geniş yer ayırmışdır.
"Le Parisien" qəzetində dərc olunmuş "Azərbaycan - 2011-ci il "Eurovision"un qalibi oldu" başlıqlı məqalədə ölkəmizin belə mötəbər yarışlarda cəmisi dörd dəfə iştirak etdiyi, bundan əvvəlki yarışlarda da Azərbaycan təmsilçilərinin mükafata layiq yer tutmalarının yaxın gələcəkdə bu ölkənin yarışın qalibi olacağına şübhə yeri qoymadığı, bunun üçün çox gözləməyin lazım gəlmədiyi, respublikamızın "Eurovision-2011" yarışının qalibi olduğu qeyd edilmişdir.
Məqalədə Eldar və Nigar duetinin "Eurovison-2011" müsabiqəsində isveçli müəllif və bəstəkarın mahnısını ingilis dilində çox romantik şəkildə, göz-gözə, məharətlə ifa etdikləri diqqətə çatdırılmışdır.
"L' Express" qəzetində "Azərbaycan "Eurovison-2011"-də Eldar və Nigarla qələbə qazandı" sərlövhəli məqalədə Almaniyanın qərbində yerləşən Düsseldorf şəhərinin stadionunda keçirilmiş 56-cı mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ən yüksək göstəriciyə nail olması - 221 xalla 43 ölkə arasında inamlı qələbə qazanması xüsusi vurğulanmışdır.
Məqalədə bildirilir ki, Reyn çayının sahilindən 5500 kilometr uzaqda yerləşən Azərbaycanın paytaxtı Bakıda yerli vaxtla gecə saat 3.30-da nəticələr elan olunan kimi şəhər sakinləri küçələrə çıxaraq qələbəni böyük sevinc hissi ilə qeyd etmişlər.
Jurnalistlərin Eldar və Nigara hazırda nə kimi hisslər keçirdikləri barədə sualla müraciət etmələri və onların "Nəhayət ki, arzumuz reallaşdı" cavabı yazıda əks olunmuşdur.
Müəllif 9 milyon əhalisi olan Azərbaycanın öz enerji ehtiyatlarına görə dünyanın mühüm strateji dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır.
Ölkənin digər mətbu orqanlarında da Eldar və Nigarın qələbəsindən bəhs olunur, "Eurovision-2012"-nin Azərbaycanda keçiriləcəyi bildirilir, həmin mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil ediləcəyinə böyük ümid bəslənildiyi vurğulanır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2011.-17 may.- S. 3.