Azərbaycanın "Eurovision-2011"-də qələbəsi Gürcüstanda da əsl ümumxalq bayramı kimi qeyd edilmişdir

 

Almaniyada keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın parlaq qələbəsi məlum olan andan etibarən - mayın 14-dən 15-nə keçən gecədən başlayaraq Gürcüstanda da əsl bayram əhval-ruhiyyəsi hökm sürmüşdür.

Bu münasibətlə Tbilisidə Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə açaraq Eldar Qasımov və Nigar Camal duetinin "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsinin Gürcüstanda da böyük sevinclə qarşılandığını bildirmişdir.

Diplomat məlumat vermişdir ki, azərbaycanlı ifaçıların müsabiqədə birinci yeri tutması rəsmən elan olunan andan səfirliyimizin telefonları susmaq bilmir. Gürcüstanın ictimai-siyasi xadimləri, parlamentin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyətin nümayəndələri qələbə münasibətilə xalqımızı təbrik edirlər. Bu toplantı da onların arzusu ilə keçirilir. Ş.Mehdizadə demişdir ki, soydaşlarımızın bu uğuru Azərbaycan mədəniyyətinin yalnız Avropada deyil, bütün dünyada qələbəsinin təntənəsidir.

Gürcüstanın İmereti bölgəsinin sabiq qubernatoru Teymuraz Şaşiaşvili azərbaycanlı gənclərin qələbəsinə sevincini bu sözlərlə ifadə etmişdir: "Etiraf edim ki, müsabiqədə Gürcüstanın qalib gəlməsini istəyirdim. Ancaq həmvətənlərimizin uğur qazanmamasından təəssüflənmirəm. Şadam ki, qalib Qafqaz oldu, qardaş Azərbaycan qələbə çaldı. Bu fikirdə olan təkcə mən deyiləm. Bütövlükdə gürcü xalqı qardaş Azərbaycan xalqının təmsilçilərinin bu möhtəşəm mahnı müsabiqəsində uğurunu layiqli qələbə, ədalətin təntənəsi kimi qiymətləndirir. Sevinirəm ki, qardaş Azərbaycan təkcə mədəniyyət sahəsində deyil, bütün sahələrdə uğurlu inkişaf yolundadır. Hər dəfə Bakıya gedəndə böyük dəyişikliklərin, inkişafın şahidi oluram. Bu gözəl şəhər məni valeh edir".

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov demişdir: "Böyük zəhmətin bəhrəsi olan bu qələbədən hamı kimi, mən də qürur duyuram. Mədəniyyətimizin inkişafına diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Azərbaycanın belə qələbələrinin çox olacağına əminik. Bu gün Azərbaycanda olduğu kimi, Gürcüstanda da böyük bayram əhval-ruhiyyəsi hökm sürür".

Məşhur gürcü müğənnisi Eteri Kakulia da azərbaycanlı gənclərin müsabiqənin qalibi adına layiq görülməsindən hədsiz dərəcədə şad olduğunu demişdir. O, Eldar Qasımova və Nigar Camala yeni uğurlar arzulamış, böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmişdir.

Mərasimdə çıxış edən Marneuli Rayon Məclisinin (Sakrebula) sədri İsfəndiyar Kərimov da bu qələbənin sevincini yaşamasından məmnunluğunu bildirmiş, Eldar-Nigar duetinin dünya azərbaycanlılarına başucalığı gətirdiyini vurğulamışdır.

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı direktorunun müavini Hidayət Hüseynov isə gənc soydaşlarımızın "Eurovision-2011" mahnı müsabiqəsində birincilik qazanmasını dünya azərbaycanlılarının, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirərək demişdir: "Müsabiqənin qanunauyğun yekunları bir daha təsdiq etdi ki, harada ədalət varsa, orada Azərbaycanın qələbəsi vardır. Əminəm ki, növbəti "Eurovision" yarışmasına ev sahibliyi etməklə Azərbaycan ən sivil və demokratik dövlət olduğunu bütün dünyaya gur səslə nümayiş etdirəcəkdir".

Borçalının bütün bölgələrində qələbə münasibətilə şənliklər davam edir. Bu şənliklərin hamısında belə bir yekdil fikir ifadə olunur: Gözün aydın, Azərbaycan! Yeni qələbələrə doğru!

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.-17 may.- S. 3.