Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Bursada Cənubi Qafqazda təhlükəsizlik və Türkiyə-Azərbaycan əlaqələrinə dair beynəlxalq konfrans keçirir

 

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Türkiyənin Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə "Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Türkiyə-Azərbaycan əlaqələri" mövzusunda beynəlxalq konfrans keçirir.

Konfransı açan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov dünyanın müxtəlif ölkələrindən gəlmiş diplomat, politoloq və elm adamlarının bu mühüm tədbirdə iştirakının əlamətdar olduğunu vurğulamış, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsi baxımından bu cür müzakirələrin vacibliyini qeyd etmişdir. Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda destruktiv rol oynayan Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstana qarşı əsassız ərazi iddiaları irəli sürür. Azərbaycan və Türkiyə gəncləri humanizm və bəşəri dəyərlərə ehtiram ruhunda böyüyür, lakin onların Ermənistanda olan həmyaşıdlarına qonşu xalqlara qarşı nifrət hissləri aşılanır. İşğal etdiyi Azərbaycan torpaqlarını daxili siyasət alətinə çevirmiş Ermənistan Rusiya xarici işlər nazirinin də söylədiyi kimi, Moskvanın forpostuna çevrilmişdir.

ABŞ-ın Kentukki Universitetinin professoru, keçmiş səfir Keri Kavano isə bildirmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkiyənin Cənubi Qafqaz regionunda təsiri və rolu artmışdır. Dahi siyasətçi Heydər Əliyevin də vurğuladığı kimi, "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan əvvəllər bir çoxlarının inanmadığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi mühüm layihələri həyata keçirməklə öz iqtisadiyyat və nüfuzlarını artırmışlar. Bu əlaqələri ABŞ və İngiltərə xalqlarının yaxın münasibətilə müqayisə edən amerikalı diplomat vurğulamışdır ki, Azərbaycan daim Türkiyəyə güvənə bilər. Ankara da, öz növbəsində, Dağlıq Qarabağ probleminin həllində daha fəal iştirak edə bilər.

ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə - 2001-ci ilin mart-aprel aylarında ABŞ-ın Ki Vest qəsəbəsində aparılmış sülh danışıqlarında ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətini vurğulayan Keri Kavano demişdir ki, sülh onun təməl siyasəti idi. Professor bildirmişdir ki, Azərbaycan məhz Heydər Əliyevin siyasəti sayəsində bir dövlət kimi öz varlığını qoruya bilmişdir. Bu gün müdafiə büdcəsi Ermənistanın dövlət büdcəsini geridə qoymuş və nüfuzlu dövlətə çevrilmiş Azərbaycan münaqişənin sülh yolu ilə həllinə dair danışıqları davam etdirir. Regionda sülh və sabitlik bərpa olunarsa, bu vəsait inkişaf və tərəqqiyə xərclənə bilər.

Bursa valisinin müavini Vədat Müftüoğlu və Uludağ Universitetinin rektoru professor Kamil Dilək və bu ali təhsil ocağının Beynəlxalq əlaqələr kafedrasının dekanı professor Tayyar Arı və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından danışmışlar. Vurğulanmışdır ki, qardaş Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Dağlıq Qarabağın və ətraf rayonların işğalına son qoyulmazsa, Ermənistanla heç bir normallaşma prosesindən danışmaq olmaz.

Sonra konfrans çərçivəsində "Cənubi Qafqazda təhlükəsizlik" mövzusunda müzakirələr davam etmişdir. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin baş əlaqələndiricisi Seyfəddin Erol, ABŞ-ın Şimali Dakota Universitetinin professoru Tomas Ambrosio, Gürcüstanın Biznes İdarəçiliyi Akademiyasının direktoru professor Kaxaber Eradze məruzələrlə çıxış etmişlər. Məruzələrdə Ermənistanın dövlət terroru siyasətinin regionda sülhə və sabitliyə yaratdığı təhlükə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin rolu, beynəlxalq hüquq kontekstində Xocalı soyqırımı, Cənubi Qafqazın təhlükəsizlik məsələlərində qlobal güclərin rolu, regionda iqtisadi əməkdaşlıq və həyata keçirilən transmilli layihələr ətraflı təhlil olunmuşdur.

Konfrans öz işini mayın 17-də davam etdirəcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Bursa

 

Azərbaycan.- 2011.-17 may.- S. 6.