Bakı-Simferopol-Bakı reysi açılmışdır

 

Mayın 16-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Simferopol-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir. Bakıdan uçan ilk təyyarədəki 36 sərnişini və QSC-nin nümayəndəsini Simferopol Beynəlxalq aeroportunda cəmiyyətin Ukraynadakı nümayəndəsi Yaşar Əmirov qarşılamışdır.

Hava limanında yeni aviareysin açılışı ilə bağlı mərasim keçirilmişdir.

Tədbirdə çıxış edən "Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli və Ukrayna Azərbaycanlıları Konqresinin Krım vilayətinin Saki şəhər təşkilatının şöbə rəisi Fəxrəddin Hüseynov son illər ölkəmizdə digər sahələrdə olduğu kimi mülki aviasiya sahəsində də sürətli inkişaf barədə məlumat vermişdir. Bildirilmişdir ki, Bakı-Simferopol-Bakı marşrutu üzrə müntəzəm reyslər Fransa istehsalı olan "ATR 72" təyyarəsi ilə yerinə yetiriləcəkdir. Bu təyyarələr müasirliyi və komfortu ilə seçilir. QSC hazırda Simferopol şəhəri də daxil olmaqla dünyanın 25 iri şəhərinə birbaşa uçuşlar təşkil edir.

Simferopol beynəlxalq aeroportunun icraçı direktoru Sergey Şapka aviareysin açılışının əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu aviareys hər iki ölkə vətəndaşının daha rahat gediş-gəlişini təmin edəcəkdir.

Həftənin birinci və dördüncü günləri reallaşacaq Bakı-Simferopol-Bakı aviareysi üzrə uçuşların hər iki tərəfə qiyməti 459 manatdır. Uçuş müddəti 3 saat 20 dəqiqədir.

 

 

Azərbaycan.- 2011.- 17 may.- S. 6.