Laçının tarixi, maddi
mədəniyyət abidələri erməni vandalları
tərəfindən məhv edilir
Laçının
işğalından 19 il keçir
Laçın Qayaları da,
yolları kimi qırçın-qırçın,
buludları əlçim-əlçim. Görəsən,
laçınlıların yuxuları nə vaxtı olacaq
çin? Nənələrimizin
bayatılı-ağılı oxşamalarında
əzizlənən xınalı daşlarında
kəkliklərinin izi, gözəllərinin bulaq suyu kimi
dupduru gözü, müdriklərinin ağsaqqal sözü
qalıb yaddaşımızda.
Laçının
təbiətinin vəsfi şeirin, musiqinin ritminə
köklənib. Amma, son illər bəstələnən bir
mahnı var ki, o, Laçının təkcə
təbiətini deyil, taleyini də vəsf edir.
Məhəbbət Kazımovun haraylı səsində
"Laçınım... Laçınım..."
təkcə Laçında doğulanları deyil, o yerləri
görmək həsrətilə alışıb-yananları
da qartalları on doqquz ildir ki, qıy vurmayan
qayalı-daşlı dağlara səsləyir.
Laçın
düşmən məkrinin, çirkin siyasətin qurbanı
olub. Dağlarımızın zirvəsi
sayılan Laçının işğalının
növbəti ildönümündə o yurdlarda
doğulmuşların qəlbindən qara qanların necə axmasını
təsəvvür etmək o qədər də çətin
deyil. Yazın gəlişi ilə dağlar yaşıl
donuna bürünüb aran ellərini yaylağa
haraylayardı... Şuşanın arxa-dayağı,
söykənəcəyi olan Laçının bir
tərəfi də Kəlbəcər idi...
Vaxtilə
Soltan bəyin qarşısında baş əyən erməni
qaçaq-quldurlarının törəmələri indi o
yerlərdə "at oynadır"!.. Xalqımızın
ümumi sərvəti olan dağlarımızın
yağmalanması ilə dəyəri milyardlarla
ölçülən təbii sərvətlərimiz
daşnakların əlinə keçdi, talandı.
Təkcə maddi sərvətlər beşiyi deyildi
Laçın. Burada min illərin, əsrlərin yadigarı
olan maddi mədəniyyət abidələri - mənəvi
sərvətlərimiz var idi. Təəssüflər olsun ki,
bu gün dünyanın və inkişaf etmiş Avropanın
humanizmin təbliği ilə məşğul olan
təşkilatları da belə talanların
qarşısını almaqda aciz kimi görünür.
Laçından
ayrıldığımız ötən illərdə burada
ermənilərin məskunlaşdırılması
beynəlxalq səviyyədə dəfələrlə
müzakirə mövzusu olsa da, hələ bu ərazi
Dağlıq Qarabağ üçün "koridor" kimi
gərək olmaqdadır. Laçının
ərazisindəki maddi mədəniyyət
nümunələrimizin hansı səviyyədə olması
isə işğal altında qalan torpaqlarımıza
vaxtaşırı səfər edən beynəlxalq
faktaraşdırıcı missiyanın üzvlərinə
də məlumdur: daş-daş üstə qalmayıb.
Tarixin yaddaşı olan abidələr bu yerlərdə
çoxdan saxtalaşdırılıb,
erməniləşdirilib. Bir sözlə, Azərbaycanın
mədəni irsini hədəf seçən ermənilər
işğal altında qalan maddi mədəniyyət
abidələrimizi tamamilə və qəddarlıqla məhv
etmişlər.
Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən
işğalı nəticəsində 12 muzey və 6 rəsm
qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət
edilərək yandırılmışdır. Nadir
əhəmiyyətə malik 40 min muzey sərvəti və
eksponat talan olunmuş, 44 məbəd və 18 məscid
təhqir edilmişdir. Dağıdılan və yandırılan
927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və nadir
incilərdən sayılan əlyazmaların külü
göylərə sovrulmuşdur.
Dağlıq Qarabağ ərazisində və
ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət
abidələrinə erməni təcavüzkarları
tərəfindən vurulan ziyanı dəqiq hesablamaq
mümkün deyildir, çünki zaman dəyişmiş
(keçmiş sovetlər dönəmindəki
dəyərlər artıq öz əhəmiyyətini
itirdiyi üçün mal-mülkün də
qiymətləri maya dəyərinə
uyğunlaşdırılmışdır), qiymətlər
yenidən formalaşmışdır. Eyni zamanda
talan və məhv edilmiş sərvətlər nəinki
Azərbaycanın, həm də dünya sivilizasiyasının
misilsiz mədəniyyət nümunələri hesab
olunmuşdur. Əhaliyə vurulmuş mənəvi-psixoloji
zərbə ilə bərabər, hələ dəqiq
müəyyənləşdirilməmiş məlumatlara
əsasən, Azərbaycan iqtisadiyyatına 60 milyard
ABŞ dollarından çox ziyan dəymişdir.
Bütün
bu dəhşətlər barəsində nə qədər
yazılsa belə, hələ də erməni daşnak terrorçularının
törətdiklərini beynəlxalq miqyasda olduğu kimi
təqdim etməyə yenə də ciddi ehtiyac duyulur. Ona
görə ki, həmin hadisələr bir neçə dəfə
və həm də dəhşətli dərəcədə
təkrar olunmuşdur. Tarix isə belə soyqırımı
aktlarını zaman keçdikcə üzə
çıxarmışdır.
Laçın dağlarında qədim və
möhtəşəm mədəniyyət abidələri
ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli,
Güləbird, Soltanlar, Zeyvə, Malıbəy,
Yənqıça, Bülövlük, Araflı, Əliqululu,
Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan,
Kürdhacı və digər kəndlərdəki
tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif
süjetli yazılar və rəsmlər, sal daş,
müxtəlif dövrlərdə ərəb əlifbası
ilə yazılmış, bir-birinə
bənzəməyən sənət rəmzləri həkk
edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi
Yaxşının məzarı) bu torpaqlarda min illər boyu
yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu
nişanələr idi.
Rayonun Cicimli kəndindəki məbəd, qədim
anbar, Güləbirddə Sarı Aşığın
qəbirüstü ziyarətgahı (Bax: "Qarabağ
- yaddaş", Bakı, "MHS-poliqraf"-2010. səh. 76-80 ) rayonun tarix-diyarşünaslıq muzeyi
əsrlərin canlı salnaməsi idi. Muzeydə
toplanmış nadir eksponatlar Laçının zəngin
tarixi keçmişi haqqında dolğun təsəvvür
yaradırdı. Təəssüf ki, Laçının
işğalı nəticəsində bu tarixi incilər də
təcavüzün qurbanına çevrildi. Bütün bunlar
az imiş kimi, tarixin yadigarları, milli mədəniyyət
abidələrimiz olan qala və məbədlər
saxtakarcasına erməniləşdirilir. Belə
təcavüzə məruz qalan abidələrdən
Laçının işğalından sonra orada tikilmiş
qondarma, saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan
abidəsi, Böyük Vətən müharibəsi
iştirakçılarınin xatirə kompleksinin
erməniləşdirilməsi, şəhərin qərb
istiqamətdən çıxışında
tikilmiş abidə - "Qala qapısı"
(üzərində erməni xaçı) və s.
dediklərimizə əyani sübutdur.
Laçın
rayonu ərazisindəki memarlıq abidələrinin
əksəriyyəti Qafqaz Albaniyası dövrünün
yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A. Axundov
və fəlsəfə elmləri namizədi M.D. Axundov "Qafqaz Albaniyasının stellalarında
dini simvolika" və "Dünyanın
mənzərəsi" adlı məqalələrində
("Azərbaycan Abidələri" məcmuəsi, N01,
1984-cü il) göstərirdilər ki, düzbucaqlı
çərçivə içərisində cızma
texnikasında işlənilən qadın, güman ki, Ay
Allahı təsvir olunmuşdur. Göstərilən bu
stellala bizim eranın xristianlıqdan əvvəlki
dövrünə, bəlkə də daha qədimlərə
aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan
bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin
həyətində var idi.
Belə
abidələr, Laçınla qonşuluqda yerləşən
Kəlbəcər rayonu ərazisində də mövcud idi.
Məlum olduğu kimi, Kəlbəcərin bir hissəsi Alban
Xaçın Knyazlığının tərkibində
olmuşdur. Ora yaxın olan Laçın rayonunun
ərazisində bir sıra adlar Xaçınla
bağlıdır. Bozlu kəndi ərazisində olan
"Xaçın daşı" və s. Ola bilsin ki,
vaxtilə bu yerlərin bir hissəsinin Xaçın
knyazlığı ilə əlaqəsi olmuşdur. Lakin, buna
baxmayaraq, Ermənistan bu abidələri
"özününküləşdirir" və
təbliğ edir.
Alı
Xəlifə ocağı Laçının Böyük
Seyidlər kəndində yerləşirdi. Qarabağın
ən ağır seyidlərindən olan Alı Xəlifə
elə həmin kənddə dünyasını
dəyişmişdir ki, məzarı üstündə
sərdabə tikilmişdir. Ən ulu səcdəgahlardan biri
də məhz Alı Xəlifənin ocağı idi.
Laçının
müqəddəs yerlərindən biri də Böyük
Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı
olmuşdur. Bu kənddəki ziyarətgahların sırasına
daxil olanlardan biri də "Güllü qəbir" piri idi
ki, orada Hacı İbrahim ağa dəfn edilmişdi.
Məlumatlara əsasən, o, Qarabağ ellərinin
ağır övliyalarından sayılan Xudavəndə
Xəlifənin nəvəsi idi.
Ağoğlan
qəsri Laçının Minkənd çayının
kənarında, hündür bir yerdədir. Cicimlidə
məbəd, qədim anbar, Güləbirddəki Sarı
Aşığın qəbirüstü ziyarətgahı,
Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba,
Minkənddə XV əsr məbədi, Qarıqışlaqda
Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin
şimalındakı qədim Kişpəyədə Alban
məbədi, Piçənisdə Alban
məbədi, Xan qəbiristanlığındakı
Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci
Alməmmədin, 2-ci Alməmmədin hasardakı
türbələri, Şeyx Şamillə dostluq etmiş, ona
kömək göstərmiş Cəbrayıl bəyin
türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi,
Pircahan çayında Məşədi Mehralının
arxitekturalı və Minkənd körpüləri kimi tarixin
nadir inciləri erməni vandalları tərəfindən
darmadağın edilmişdir.
Memarlıq abidələrindən Hoçaz
kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki
Məlik Əjdər türbəsi (XIV əsr), adsız
türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd
türbəsi (XIX əsr), Qarıqışlaq
kəndindəki məscid (1718), Hüsülü
kəndində Həmzə Sultan sarayı (1761),
Həkəri çayı üzərindəki körpü
(XVIII əsr), Ağoğlan çayı üzərindəki
məbəd (XIX əsr), Güləbirddəki türbənin
taleyi isə yalnız onları saxtalaşdırmış
daşnaklara məlumdur.
Bir sözlə, kəndlərdə əsrlərin
və qərinələrin yaşıdı abidələr,
dağlardakı qalalar yadellilərin dəfələrlə
etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha
ağır zərbə aldı, daş-divarlarındakı
yaddaş tarixləri silinərək erməniləşdirildi
və dünyaya "qədim erməni xalqının
yazılı abidələri" kimi təqdim edildi.
Əsl
həqiqətlər isə bunlardır.
Təbii ki,
Laçın rayonu ərazisində bir vaxtlar mövcud
olmuş tarixi abidə və məbədlər adları
yuxarıda çəkilənlər deyil. Qalalar,
məbədlər diyarında təbii sərvətlər bu
gün də ermənilər tərəfindən
vəhşicəsinə talan edilməkdədir. Son
günlər oradan tapılmış xəzinə də bunu
təsdiqləyir.
...Uca
dağlar al şəfəqə bürünürmü?
Yal-yamacda ağ sürülər görünürmü? Duman
yenə dağlarımızın ayağına
sürünürmü?! Görəsən bu yanıqlı
səs yalçın qayalarda duyulurmu: nə yaman
ağrılı imiş Laçın həsrəti. Kim
çəkə bilər ki, belə möhnəti,
Laçınım mənim?
Azərbaycan.- 2011.-17 may.- S. 7.