BAK ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi ilə bağlı bəyanat yaymışdır

 

Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurum Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması ilə bağlı bəyanat yaymışdır. Bəyanatda deyilir: Uzun illərdir ki, dalana dirənən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini daim beynəlxalq hüquq müstəvisində həll etməyə çalışan Azərbaycan dövləti növbəti dəfə işğalçı Ermənistanın dekonstruktiv mövqeyi ilə qarşılaşmışdır. Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Soçidə danışıqlar masası arxasında əyləşmiş Azərbaycan və Ermənistan prezidentlərinin hərbi əsirlərin dəyişdirilməsi barədə sənədin imzalamasından dərhal sonra erməni qəsbkarları atəşkəs rejimini növbəti dəfə pozmuş, erməni snayperinin açdığı atəşlə Ağdamın dinc sakini 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdir. Bu hadisə Azərbaycanda geniş əks-səda doğurmuş, dövlətimiz, müxtəlif siyasi partiyalar, təşkilatlar və ayrı-ayrı deputatlar vəhşiləşmiş ermənilərin bu hərəkətinə qəti etirazlarını bildirmiş, dünya ictimaiyyətini ermənilərin tarixdə görünməmiş hərəkətinə siyasi qiymət verməyə çağırmışlar. Beynəlxalq Uşaq Konvensiyasına imza atmış işğalçı Ermənistan heç bir məsuliyyət daşımadığı və dünya ölkələrinin ictimai qınağına məruz qalmadığı üçün çəkinmədən istədiyini edir, işğalçılıq planlarını çox asanlıqla, maneəsiz həyata keçirir. XX əsrdə dünya xalqları sülh və demokratiya uğrunda mübarizə apardığı bir vaxtda beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın ərazi bütovlüyü pozulur, dinc sakinlər, o cümlədən gələcəyimiz olan uşaqlar qətlə yetirilərək soyqırımına məruz qalırlar. BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bildirsələr də, işğal olunmuş ərazilərimizin heç bir şərt qoymadan dərhal azad edilməsi ilə bağlı qərar və qətnamələr versələr də, ərazilərimizin 20 faizi 20 ilə yaxındır ki, işğal altındadır. Ermənistan nəinki işğal etdiyi torpaqlarımızı azad etmək istəmir, eyni zamanda işğal altındakı Azərbaycan ərazilərində öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Xocalı faciəsi zamanı Xocalı hava limanını tamamilə dağıtmış ermənilər həmin hava limanını yenidən tikmiş və onu istifadəyə verməyə hazırlaşırlar.

Digər tərəfdən, hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən siyasi qiymət verilməməsindən daha da ruhlanan, qol-qanad açan ermənilər işğal etdiyi əraziləri erməniləşdirməyə-özününküləşdirməyə can atırlar. Onlar Qırğızıstanda və digər ölkələrdə yaşayan erməniləri Dağlıq Qarabağda və ona bitişik 7 rayonda məskunlaşdırmağı qərara almışlar.

BAK yuxarıda deyilənləri əldə əsas tutaraq qəti şəkildə bəyan edir: Biz BAK olaraq bütün beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün ona hərtərəfli təsir göstərməyi ;

ATƏT-in Minsk qrupunun sədrlərindən ikili standartlardan əl çəkərək obyektiv mövqe nümayiş etdirməsini, Azərbaycan dövlətinə və hüququ pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünə dəstək verməsini;

Qırğızıstanda yaşayan ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinin qarşısının dərhal alınmasını tələb edirik.

Bəyanatın nüsxəsinin çoxaldılaraq Ermənistanın üzv olduğu bütün beynəlxalq təşkilatlara, konvensiyalara, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə, demokratik təsisatlara və digər beynəlxalq qurumlara göndərilməsi qərara alınmışdır.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-17 may.- S. 7.