Azərbaycan və Çexiya
prezidentləri mətbuata bəyanatlarla çıxış
etmişlər
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Bir daha deyirəm, xoş gəlmisiniz.
Bu, ölkəmizə Sizin ilk rəsmi səfərinizdir. Əminəm
ki, səfərin müsbət nəticələri
olacaqdır. Biz ikitərəfli gündəlikdə duran
mövzular, regional məsələlər, o cümlədən
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq
üzrə geniş müzakirələr apardıq. Tərəflər
arasında yüksək səviyyədə qarşılıqlı
anlaşma mövcuddur. Ölkələrimiz arasında siyasi
münasibətlər uğurla inkişaf edir. Çexiya
Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri
daha da güclənən siyasi dialoqun göstəricisidir və
digər sahələrdə də münasibətlərin
inkişaf etdirilməsi üçün yaxşı imkan
yaradır. İqtisadi əlaqələrin inkişafına hər
iki tərəf böyük maraq göstərir. Bu gün biz
Çexiya-Azərbaycan biznes forumunda iştirak edəcəyik.
Bilirəm ki, Çexiya iş adamlarından ibarət
böyük nümayəndə heyəti cənab Prezidenti
müşayiət edir. Əminəm ki, işgüzar dairələr
birgə işləmək üçün bir çox imkanlar
əldə edəcək, sərmayə və birgə layihələrin
həyata keçirilməsi imkanlarını
araşdıracaqlar.
Münasibətlərimizin həmçinin
regional ölçüsü də vardır. Avropa
İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq
həmçinin ikitərəfli münasibətlərimizin bir
hissəsidir. Biz Çexiya tərəfinə Avropa
İttifaqı-Azərbaycan tərəfdaşlığına
verdiyi dəstəyə görə olduqca minnətdarıq.
Hazırda biz "Şərq tərəfdaşlığı"
proqramında iştirak edirik və ümidvarıq ki, bu proqram
nəticəsində Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər daha da sıx olacaqdır.
Enerji əməkdaşlığımız ikitərəfli
gündəliyimizin bir hissəsidir. Çox şadıq ki, Azərbaycanın
karbohidrogen resursları artıq Çexiya
Respublikasının bazarına çıxarılır.
Ümidvarıq ki, bu əməkdaşlıq növbəti illərdə
daha da artacaqdır. Hazırda biz neft ixrac edirik, lakin gələcəkdə
qaz sektorunda da əməkdaşlıq ikitərəfli
münasibətlərimizin bir hissəsi olacaqdır. Xüsusilə
nəzərə alsaq ki, bu ilin əvvəlində Avropa
İttifaqı ilə Azərbaycan arasında "Cənub"
qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı.
Avropanın enerji təhlükəsizliyi və Avropa ilə
enerji əməkdaşlığı Avropa İttifaqı-Azərbaycan
tərəfdaşlığının gündəliyində
daim duran məsələlərdir.
Bu gün biz həmçinin regional məsələləri, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi haqqında məlumat verdim. Uzun illərdir ki, Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın vəziyyətinə düşüb və ərazimizin 20 faizi 20 ildir ki, işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaqdır. Yenə də təkrar etmək istəyirəm ki, mən cənab Prezidentə danışıqlar prosesi haqqında məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, münaqişə beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır.
Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox müsbətdir. Münasibətlərimiz olduqca güclü tərəfdaşlıq ruhunda inkişaf edir. Əminəm ki, cənab Prezidentin səfəri və səfərin nəticələri bu tərəfdaşlığı gücləndirəcək, biz tərəfdaşlıq və dostluğu daha da inkişaf etdirəcəyik. Cənab Prezident, bir daha xoş gəlmisiniz.
Çexiya Prezidenti Vatslav Klausun bəyanatı
- Cənab Prezident!
Xanımlar və cənablar!
Mənə söz verdiyinizə
görə təşəkkür edirəm. Cənab Prezident,
dəvətinizə görə minnətdaram. Bu, mənim
Çexiya Respublikasının Prezidenti kimi ölkənizə
ilk səfərimdir.
Prezident Vatslav Klaus Azərbaycan
dövləti başçısının iki ölkə
arasında münasibətlərin yaxşı səviyyədə
olması və dostluq xarakteri daşıması fikri ilə
tam razı olduğunu vurğuladı. O, bunun aparılan
danışıqlarda da özünü qabarıq büruzə
verdiyini bildirərək dedi:
- Mən sadəcə onu təkrar
etmək istəyirəm ki, ölkənizə səfərimlə
Azərbaycan və Çexiya xalqlarına aydın işarə
verirəm ki, biz Azərbaycan-Çexiya, Çexiya-Azərbaycan
əlaqələrinin bütün sahələrdə, o
cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə
genişləndirilməsində olduqca maraqlıyıq. Bu, mənim
üçgünlük səfərimin əsas məqsədi
və marağını təşkil edir.
Cənab Prezident, biz buraya
açıq ürəklə gəlmişik. Biz buraya ölkənizi
daha yaxından tanımaq, anlamaq üçün gəlmişik.
Azərbaycanın son illərdə
qazandığı nailiyyətlər barədə məlumatlı
olduqlarını bildirən Çexiya dövlətinin
başçısı paytaxt Bakı ilə yanaşı,
regionlardakı inkişafı da görmək imkanından məmnun
qaldıqlarını dedi. Prezident Vatslav Klaus Azərbaycan-Çexiya
münasibətlərinin daha da inkişafı ilə
bağlı bir sıra məsələlər barədə də
fikirlərini diqqətə çatdıraraq bildirdi:
- Ermənistanla olan
ağrılı münaqişədən xəbərimiz
vardır və bu münaqişənin həllinə
kiçik də olsa, öz yardımımızı etmək
istərdik. Avropa İttifaqının son "Şərq tərəfdaşlığı"
proqramına da xüsusi diqqət yetiririk. Çexiya
Respublikası bu ideyanın ərsəyə gəlməsinin təşəbbüskarlarından
biri olub. İki il bundan öncə "Şərq Tərəfdaşlığı"
Proqramı ilə bağlı Praqada görüş
keçirildi və biz o zaman orada görüşdük. Cənab
Prezident, Sizə həmin vaxt söz verdim ki, səfər edəcəyəm
və budur, bu gün artıq buradayam. Cari ilin sonunda
Varşavada keçirilməsi nəzərdə tutulan Şərq
tərəfdaşlığı sammitini səmimiyyətlə
arzulayırıq. Ümid edirəm ki, bu tədbir Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətləri
daha da inkişaf etdirəcəkdir.
Cənab Prezident, Sizi əmin
edə bilərəm ki, ölkələrimiz arasında
münasibətlər, o cümlədən Avropa ilə Azərbaycan
arasında olan əlaqələr bizim
marağımızdadır.
Çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.-18 may.- S.2.