Bakıda Azərbaycan-Çexiya
biznes forumu keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
və Çexiya Prezidenti Vatslav Klaus biznes forumda iştirak
etmişlər
Mayın 17-də Bakı Biznes Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiya Prezidenti Vatslav Klausun iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilmişdir.
Dövlətimizin başçısı Çexiya Prezidenti Vatslav Klausu qarşıladı.
Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV biznes forumda çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən cənab Prezidenti Azərbaycanda
bir daha salamlayıram. Bu gün biz Çexiya
Respublikasının Prezidentinin ölkəmizə səfəri
çərçivəsində çox mühüm bir tədbirdə,
biznes forumda toplaşmışıq. Əminəm ki, biznes
forumun nəticələri bizim gözlədiyimiz nəticələr
və ölkələrimiz arasında yaranan münasibətlərə
uyğun olacaqdır.
Çexiya
Respublikasının Prezidentinin ölkəmizə səfəri
mühüm, mən deyərdim, tarixi xarakterli hadisədir.
Çünki bu, ilk səfərdir. Ölkələrimiz
arasında əməkdaşlığın bütün illəri
ərzində ilk dəfədir ki, bu cür yüksək səviyyədə
səfər, Prezidentin rəsmi səfəri həyata
keçirilir. Düzdür, bundan əvvəl də yüksək
vəzifəli rəhbərlərin səfərləri
olmuşdur. Lakin Prezidentin rəsmi səfəri, əlbəttə,
xüsusi əhəmiyyət kəsb edir və səfər
çox uğurlu keçir.
Bu gün səhər biz
çox səmərəli danışıqlar apardıq və
çox geniş spektrli məsələləri, o cümlədən
iqtisadi sahədə əməkdaşlığı, ölkələrimizin
biznes strukturları arasında əlaqələri müzakirə
etdik. Hesab edirəm ki, bu gün biz biznes strukturlarına daha
sıx əməkdaşlıq etmək üçün
mühüm işarə verməliyik. Biznes cəmiyyəti
siyasi nüanslara həmişə çox həssas münasibət
bildirir və deməliyəm ki, ölkələrimiz
arasında siyasi münasibətlər yüksək səviyyədədir.
Bizim ölkələr arasında heç bir problem yoxdur. Lakin
həm ikitərəfli formatda, həm də Azərbaycan ilə
Avropa təsisatları arasında əməkdaşlıq
çərçivəsində münasibətləri və əməkdaşlığı
möhkəmlətmək üçün
qarşılıqlı istək vardır. Buna görə də
mənim fikrimcə, bu cür sanballı siyasi bazaya malik olan
biznes öz sözünü deməlidir. Artıq müəyyən
uğurlar vardır və cənab Prezidenti biznesmenlərdən
ibarət nümayəndə heyətinin müşayiət etməsi
bizim biznes qrupları arasında qarşılıqlı
marağın göstəricisidir. Zənnimcə, bu gün
forumun işi zamanı Azərbaycanın iqtisadi nailiyyətləri,
habelə imkanları artıq təqdim edilmişdir ki, ölkəmizdə
baş verən hadisələr, iqtisadiyyatın necə
transformasiya etməsi, bizim hansı islahatlar həyata
keçirməyimiz barədə daha dolğun təsəvvür
yaransın.
Bizim üçün iqtisadi müstəqillik müstəqilliyimizin əsası olmuşdur. Bizim müstəqillik əldə etməyimizdən 20 ildən az keçir. Bu il biz ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Bu illər ərzində Azərbaycanın dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi öz yerini tapması üçün çox iş görülmüşdür. Biz hamımız vaxtilə müəyyən siyasi sistemdə, planlı təsərrüfat, sosializm sistemində yaşamışıq. Bizim ölkədə iqtisadiyyatda özəl sektorun nisbi payı sıfıra bərabər idi. Bu gün isə özəl sektor Azərbaycan iqtisadiyyatının 50 faizdən çoxunu təşkil edir, əsaslı iqtisadi islahatlar aparılmışdır. Biznes üçün yaxşı şərait yaradılmışdır və biz hər il əlavə addımlar atmağa çalışırıq ki, bürokratik əngəllər və maneələr azaldılsın, biznes şəraiti daha yaxşı olsun.
Biz əlverişli investisiya
mühiti yarada bilmişik. Bütün dünyadan iri
investisiyalar cəlb etmişik. Bunlar əsasən inkişaf
etmiş ölkələrin investisiyalarıdır. Bu sərmayələr
ilk illərdə əsasən neft-qaz sektoruna
yatırılmışdır. Bu da təbii idi, çünki
1990-cı illərin əvvəlində Azərbaycan iqtisadi
baxımdan yalnız enerji ehtiyatlarına malik olan bir ölkə
kimi maraq doğururdu. Bizim vəzifəmiz ondan ibarət idi ki,
bu marağı iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalara
transformasiya edək. Bunun üçün biz
özümüzü etibarlı tərəfdaş kimi təqdim
etməli idik ki, əcnəbi investorlar bilsinlər, burada
investisiyalar qorunur və dövlət öz üzərinə
götürdüyü bütün öhdəlikləri yerinə
yetirir. Bunun üçün bizim əsas kommersiya
kontraktlarımız həm də parlamentdə müzakirə
edilmiş və qanun qismində qəbul edilmişdir.
Mənim fikrimcə, bu, dünya tarixində nadir hallardan biridir ki, kommersiya sazişi, iri investisiya layihəsi qanun forması kəsb edir. Bu, bizim öz öhdəliklərimizi heç vaxt pozmayacağımız barədə investorlara tam zəmanət vermək üçün edilmişdir. Biz etimad qazana, məbləği on milyard dollarla ölçülən iri investisiyaları cəlb edə bildik. Beləliklə, əlverişli investisiya şəraiti yaratmışıq. Azərbaycan uzun illərdir ki, adambaşına birbaşa xarici investisiyalar göstəricisi üzrə postsovet məkanında liderlik edir.
Energetikaya iri yatırımlar, ilk növbədə, bizə maliyyə ehtiyatları toplamağa imkan verdi. Eyni zamanda, ölkə dünya iqtisadi dairələrində yaxşı ad qazandı. Üçüncüsü isə iqtisadiyyatın bizim üçün əsas olan sahələrinə, daha doğrusu, qeyri-neft sektoruna, kənd təsərrüfatına, infrastruktura, nəqliyyata, turizmə sərmayələr cəlb edə bildik. Bir neçə il əvvəl müşahidə etdiyimiz neftin qiymətinin kəskin aşağı düşməsi, məhz şaxələndirmə siyasətimiz sayəsində ölkəmizdə, demək olar ki, hiss olunmadı. Halbuki əsas gəlirləri neft satışından gələn ölkə üçün qiymətlərin 4-5 dəfə aşağı düşməsi böyük sınaq idi. Hətta 2008-2009-cu və 2010-cu illərdə - dünya iqtisadi böhranı illərində iqtisadiyyatımız artırdı.
Bu gün Azərbaycanın şaxələnmiş iqtisadiyyatının möhkəm təməli artıq qoyulmuşdur və hazırda biz diqqətimizi məhz buraya cəlb edirik. Biz müasir texnologiyaların inkişafına böyük diqqət yetiririk. Bizim üçün çox vacibdir ki, ölkəmizdə istehsal olunan məhsul beynəlxalq standartlara uyğun gəlsin və ixrac meyilli olsun. Eyni zamanda, biz maksimum, o cümlədən kənd təsərrüfatı məhsulları ilə özünütəmin siyasətini həyata keçiririk. Çünki ərzaq təhlükəsizliyi məsələləri hazırda çox böyük əhəmiyyət kəsb edir.
Gələn il ilk Azərbaycan telekommunikasiya peyki orbitə çıxarılacaqdır və Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilir. Eyni zamanda, müasir informasiya texnologiyalarına çoxlu sərmayə qoyulur, İnternet istifadəçiləri şəbəkəsi inkişaf edir, bu göstəriciyə görə biz regionda birinci yerdəyik.
Turizm sektoruna çoxlu sərmayə qoyulur. Biz turistlərin cəlb edilməsi üçün coğrafiyamızdan və təbii şəraitimizdən istifadə etmək niyyətindəyik və artıq istifadə edirik. Bu il təkcə Bakı şəhərində dünya səviyyəsində 6 yeni beşulduzlu otel açılacaqdır və bu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə qoyulması mümkün və sərmayə qoyulmalı bir ölkə kimi yanaşırlar, ən əsası isə ölkəmizin gələcəyinə inanırlar. Biz uzunmüddətli sərmayələrin, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılmasının tərəfdarıyıq və bu məqsədlə radikal, çox mühüm iqtisadi islahatlar həyata keçiririk.
Əlbəttə, siyasi islahatlar olmadan iqtisadi islahatlar yalnız qısamüddətli perspektivdə səmərə verə bilər. Buna görə də biz siyasi islahatlar sahəsində çox ardıcıl siyasət aparırıq. Biz Avropa strukturları ilə çox konstruktiv münasibətlər qurmuşuq. Artıq on ildir Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramı üzrə işləyirik. Bundan sonra da ölkəmizi modernləşdirmək və Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək niyyətindəyik. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız vardır. Əvvəla, dövlət siyasəti, proqramı, özəl biznesə, sahibkarlığa dövlət dəstəyi, savadlı gənclər və artıq formalaşmaqda olan güclü orta sinif, habelə az əhəmiyyət kəsb etməyən təbii ehtiyatlar və maliyyə müstəqilliyi.
Xatirimdədir, neft layihələrimizin inkişafının birinci mərhələsində xarici mətbuatda Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf edəcəyi, bizdə "Dutch disease"nin (Hollandiya xəstəliyi) inkişaf edəcəyi və neft gəlirlərinin lazımi nəticələr verməyəcəyi barədə çoxlu diskussiyalar aparılırdı. Lakin bizim siyasətimiz və enerji ehtiyatlarından düzgün istifadə olunması ona gətirib çıxardı ki, bu gün artıq heç kim Hollandiya xəstəliyindən danışmır, bu gün artıq ölkəmizin iqtisadi inkişafından söhbət gedir.
Son yeddi ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır. Sənaye də təxminən 3 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür. Bu, bazar iqtisadiyyatının və sosial məsələlərin, bir növ, bir-birini tamamlayaraq həll olunmasını göstərir. Biz çox iri infrastruktur layihələri - kommunikasiya, nəqliyyat layihələri həyata keçirmişik. Biz çox iri neft-qaz layihələri həyata keçirmişik və bu gün Azərbaycan nefti həm də Çexiya Respublikasının bazarına daxil olur. Əminəm ki, bu da ixracın şaxələndirilməsinə və iqtisadiyyatın inkişafına kömək edir.
Bu gün biz dünyada ən iri qaz yataqlarından birini - ehtiyatlarının həcmi bir trilyon kubmetrdən çox olan "Şahdəniz" yatağını işləyirik. Ümumiyyətlə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Lakin əminəm ki, bu ehtiyatlar artacaqdır, çünki biz hələ yeni yataqların kəşfiyyatı mərhələsindəyik və Azərbaycanın qaz potensialı bizim tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.
Bu gün bizim enerji ehtiyatlarını dünya bazarlarına çatdırmaq üçün şaxələndirilmiş yollarımız vardır. Bizim enerji ehtiyatlarını bütün istiqamətlər üzrə - həm Şimala, həm Qərbə, həm də Cənuba nəql edən üç neft kəməri və dörd qaz kəməri vardır. Beləliklə, biz özümüzü kifayət qədər inamlı hiss edirik. Çünki biz bir təchizat marşrutundan asılı deyilik. Beləliklə, şaxələndirmə tamamilə təmin edilmişdir. Biz enerji ehtiyatlarının çatdırılma mənbələrini şaxələndirməyə çalışan istehlakçıları başa düşürük. Buna görə də biz istehsalçılar və istehlakçılar arasında səyləri əlaqələndirməyə, mənafeləri tarazlaşdırmağa və şaxələndirməyə, habelə azad rəqabətə can atırıq.
Ölkəmizdə bundan sonra da zəruri islahatlar həyata keçiriləcəkdir. Biz iri regional inkişaf proqramı reallaşdırırıq və təkcə Bakı deyil, ilk növbədə, regionlarımız inkişaf edir. Son yeddi ildən bir qədər artıq müddətdə regional inkişaf proqramı sayəsində Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır və bu iş yerlərinin böyük əksəriyyəti regionlardadır.
Biz Azərbaycan İnvestisiya Şirkətini yaratmışıq. Yəqin ki, bu barədə bu gün burada deyilmişdir. Bu şirkət bizim iqtisadiyyat üçün mühüm layihələrdə sərmayədarlardan biridir. Mən bu fürsətdən istifadə edərək Çexiya Respublikasından olan biznesmenləri bizim tərəfdaşlarımız olmağa, layihələrdə investorlar və ya kontraktorlar qismində iştirak etməyə dəvət etmək istəyirəm və əminəm ki, bunun üçün bütün imkanlar vardır.
Mən fürsətdən istifadə edərək həm də Sizin ölkənin banklarına bizim ölkədə həyata keçirilən mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə görə təşəkkür etmək istərdim. Ümid edirəm ki, bu əməkdaşlıq bundan sonra da uğurla davam edəcəkdir.
Beləliklə, mən bizim əziz qonaqlarımızı bir daha salamlamaq və ümidvar olduğumu bildirmək istəyirəm ki, həm səfər, həm də biznes forum yaxşı nəticələr verəcəkdir və biz daha tez-tez görüşəcəyik.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
Sonra Çexiya Prezidenti Vatslav KLAUS
çıxış edərək dedi:
- Vurğulamaq istərdim ki,
Prezidentin dediyi kimi, bu, Çexiya Prezidentinin sizin ölkəyə
ilk səfəridir. Mən çox şadam ki, biz bu səfər
barədə iki il bundan əvvəl Praqada Prezident Əliyevlə
razılaşmışdıq və nəhayət, onu təşkil
etmək mümkün oldu. Ümid edirəm ki, bu səfər
- təkcə mənim səfərim deyil, həm də bizim
nümayəndə heyətinin, biznesmenlərin nümayəndə
heyətinin səfəri, cənab Prezidentin dediyi kimi, bizim
bütün sahələrdə, o cümlədən
iqtisadiyyat sahəsində ikitərəfli münasibətləri
inkişaf etdirməkdə maraqlı olmağımıza
mühüm işarədir. İqtisadiyyat ən mühüm
sahələrdən biridir. Çünki o, bizim münasibətlərin
daha da inkişaf etdirilməsi üçün ciddi bazadır.
Mən razıyam ki, bu gün səhər, Prezidentin dediyi kimi,
bizim müsbət, səmərəli, faydalı
danışıqlarımız olmuşdur. Mənə belə
gəlir ki, biz bir-birimizi çox yaxşı başa
düşürük və bu, gələcək əməkdaşlıq
üçün yaxşı bazadır.
Biz təkcə
danışıqlar aparmadıq. Bu gün biz həm də
dövlətlərimiz arasında üç müqavilə
imzaladıq.
Prezident Vatslav Klaus səfər
zamanı imzalanan sənədlərin mühüm əhəmiyyət
kəsb etdiyini vurğuladı. O, iki ölkə arasında sərmayələrin
təşviqi və qarşılıqlı qorunması
haqqında sazişin biznes əlaqələrinin genişləndirilməsinə
təkan verəcəyinə əminliyini bildirdi. Prezident
Vatslav Klaus Azərbaycan ilə Çexiya arasında ikitərəfli
əlaqələrin hərtərəfli inkişafı
üçün heç bir problemin olmadığını
qeyd etdi.
Çexiyanın dövlət
başçısı elə ölkəmizə rəsmi səfərinin
ilk günündən Azərbaycanda sürətli sosial-iqtisadi
inkişafın şahidi olduqlarını vurğulayaraq
bildirdi:
- Cənab Prezident, biz
iqtisadiyyatın sürətlə inkişaf etməsinin
şahidiyik. Bu gün təkcə Bakı şəhərində
olmaqla bunu yəqin etdik. Ola bilsin ki, ölkənin
regionlarında bu inkişaf bir qədər başqa cür
görünür. Mən demək istərdim ki, sonuncu dəfə
şəhərdə bu qədər inşaat kranını
Çində görmüşdüm. Ola bilər ki, Siz
bunları Potyomkin kəndləri kimi göstərirsiniz, istəyirsiniz
burada necə inkişaf olduğunu görək. Lakin bu da
innovasiya, marketinq olardı. Bu, maraqlı ideya olardı.
Biz buraya açıq
gözlə gəlmişik ki, Sizin ölkənizi başa
düşək, burada nə baş verdiyini anlayaq.
Prezident Vatslav Klaus beynəlxalq
maliyyə böhranının Çexiya iqtisadiyyatına təsirini
xarakterizə edərək dedi:
- Bizdə heç bir maliyyə
böhranı olmamışdır. Çexiya hökuməti
bizim bank, maliyyə sisteminə bir Çexiya kronu da verməmişdir.
Bunu etməyə ehtiyac yox idi, bizdə heç nə
olmamışdı. Lakin bizdən qərbdəki bazarlar hər
şeyi itirdilər. Beləliklə, biz Qərbə
ixracımızın xeyli hissəsini itirdik. Buna görə də
2009-cu ildə bizdə iqtisadi tənəzzül oldu. İndi
isə deyə bilərəm ki, biz bərpa olunuruq,
iqtisadiyyatımız demək olar ki, normal Avropa sürəti
ilə artır. Əlbəttə, bu artım sizdə bir
neçə il ərzində müşahidə olunan 20-30
faizlik artım deyildir. Mən ümid edirəm ki, bizim
biznesmenlər bu iqtisadi böhran dövründə nəyisə
başa düşdülər. Biz başa düşdük ki,
ixracın bu qədər yüksək hissəsinin birtərəfli
olması çox təhlükəlidir. Buna görə də
bizim biznesmenlər ixracı və ticarəti şaxələndirməyə
bu qədər böyük maraq göstərirlər. Mənim
fikrimcə, çexiyalı sahibkarların Azərbaycana səfərə
marağının əsas səbəbi budur. Cənab
Prezident, mən ümid edirəm ki, onlar nahardan sonra haradasa bir
kafedə əyləşməmiş, burada işləmişlər.
Ümid edirəm ki, bizim çıxışlarımız
biznes forumun başlanğıcı deyil, artıq sonudur. Mən
onların nə deyəcəklərini, hansı nəticələrə
nail olduqlarını gözləyirəm.
Prezident Vatslav Klaus
Çexiyanın Azərbaycan üçün mühüm əhəmiyyət
kəsb edən məsələlərdə ölkəmizi dəstəklədiyini
qeyd edərək bildirdi:
- Biz Qarabağ problemini hiss
edirik. Ümid edirik ki, bu problemi həll edə biləcək
müəyyən perspektiv vardır. Biz bu istiqamətdə
Sizi dəstəkləməyə hazırıq.
Cənab Prezident, biz Sizin
ölkənin Avropa ruhunu da çox yaxşı başa
düşür və hiss edirik. Bu mənada da biz Sizi dəstəkləyirik.
İki il bundan əvvəl bizim "Şərq Tərəfdaşlığı"
ideyası ilə əlaqədar ilk görüşümüz
olmuşdu. Biz Prezidentlə Praqada
görüşmüşdük. Bu ilin payızında həmin
proqram üzrə sammit Varşavada olacaqdır. Mən ümid
edirəm ki, bu görüş müsbət nəticələr
verəcəkdir.
Cənab Prezident, xanımlar
və cənablar, səmimi qəbula görə, sizin burada
olmağınıza görə sizə bir daha təşəkkür
edirəm və ümid edirəm ki, bu forum müsbət nəticələr
verəcəkdir. Çox sağ olun.
* * *
Forumdan sonra prezidentlər
İlham Əliyev və Vatslav Klaus Dənizkənarı Milli
Parkda Bakının mənzərəsini seyr etdilər.
Çexiya Prezidentinə son illərdə sürətlə
inkişaf edən Azərbaycanın paytaxtında görülən
abadlıq və quruculuq işləri barədə ətraflı
məlumat verildi.
* * *
İqtisadi İnkişaf
Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və
Çexiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı
ilə keçirilən biznes forumda hər iki ölkənin
dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı,
qida sənayesi, maliyyə, neft-qaz, səhiyyə, tikinti,
informasiya və kommunikasiya texnologiyaları, energetika,
maşınqayırma və digər sahələrdə fəaliyyət
göstərən 200-dən çox iş adamı iştirak
etmişdir.
Sayca üçüncü
olan biznes forumda Azərbaycanın biznes və investisiya
imkanları barədə təqdimatlar keçirilmişdir.
Biznes forum çərçivəsində
iş adamları arasında ikitərəfli görüşlər
təşkil edilmiş, əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə
olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-18 may.- S. 2. 3.