Azərbaycan Prezidenti İlham Əliyev
Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini
Şurasının hesabat konfransının
iştirakçılarını qəbul etmişdir
Xəbər verdiyimiz kimi, mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir.
Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Mən sizi salamlamağa, yeni görüşümüzə şadam. Bu, çox əhəmiyyətlidir ki, biz tez-tez görüşürük və siz ölkəmizdə tez-tez olursunuz. Biz bunu çox yüksək qiymətləndiririk, bu cür əlaqələr hamımız üçün çox vacibdir. Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir. Biz bu münasibətlərin qədrini bilirik, onları çox yüksək qiymətləndiririk. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur. Mən şadam ki, bu gün bu münasibətlər davam edir, inkişaf edir və sizin ölkəmizə tez-tez səfərləriniz, eləcə də bizim möhtərəm şeyxin Şimali Qafqaz respublikalarına səfərləri, Şimali Qafqaz respublikalarının rəhbərləri ilə onun görüşləri ölkəmizdə çox yüksək qiymətləndirilir.
Qafqaz bizim ümumi evimizdir, bu, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz bunu edə bilərik və öz tərəfimizdən bizim regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil məhz Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli insanlar, ağsaqqallar kimi sizdən çox şey asılıdır.
Azərbaycan ilə Rusiya arasında münasibətlər və əməkdaşlıq Qafqaz regionunun inkişafının və Qafqazda təhlükəsizliyin möhkəmlənməsinin mühüm amilidir. Bu, regional inkişafın, sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki, son illərdə bu münasibətlər çox müsbət, dinamik inkişaf edir. Biz - iki Qafqaz ölkəsi - Rusiya və Azərbaycan regionda vəziyyətin sabitləşməsinə çox böyük töhfə veririk. Bizim birgə fəaliyyətimizdən çox şey asılıdır. Əlbəttə ki, bizim cəmiyyətlərin qarşısında öz həllini tələb edən vəzifələr durur. Hesab edirik ki, iqtisadi rifah və iqtisadi artım sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin əsas amillərindən biridir. Bu, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ən başlıca amildir.
Biz Azərbaycanda bu məsələlərə böyük diqqət yetiririk və ölkəmizin inkişafı nümunəsində görürük ki, işsizlik azaldıqca yoxsulluq da azalır, biznes inkişaf edir, ölkəyə sərmayələr gəlir, təhlükəsizlik və sabitlik tədbirləri möhkəmlənir. Biz öz tərəfimizdən Qafqaz regionunda bütün müsbət proseslərdə fəal iştirak etməyə həmişə hazırıq.
Bizim ümumi vəzifəmiz, ümumi borcumuz elə etməkdir ki, adamlarımız daha yaxşı yaşasın, təhlükəsizlik, layiqli həyat və iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək. Hazırda biz gənclər siyasətinə dair böyük proqram üzərində işləyirik. Tezliklə 2011-2015-ci illər üçün çox konkret və çox effektiv dövlət proqramı qəbul ediləcəkdir. Həmin proqramda qərarların icra mexanizmləri və müddətləri, maliyyə bazası və ən başlıcası, görmək istədiyimiz nəticə dəqiq müəyyən ediləcəkdir.
Buna görə də biz bu məsələdə də zərurət olarsa, məsləhətləşmələr, təcrübə mübadiləsi aparmağa hazırıq. Çünki bu regionun bir ölkə kimi Qafqazda sülh, təhlükəsizlik, tərəqqi, inkişaf olması bizim üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları arasında ənənəvi qardaşlıq, dostluq münasibətləri vardır. Bizim əməkdaşlıq və qarşılıqlı dəstəyimiz çoxəsrlik tarixə malikdir. Bu əməkdaşlıq indi həm Şimali Qafqaz respublikalarının rəhbərləri ilə mənim əlaqələrim səviyyəsində, həm də insanlar və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir. Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm amildir.
Fürsətdən istifadə edib sizin vasitənizlə Şimali Qafqaz respublikalarının rəhbərlərinə ehtiramımı və ən xoş arzularımı çatdırmaq istəyirəm. Onların Azərbaycana səfərə gəlmələri barədə dəvətimi bir daha təsdiq edirəm. Onların çoxu artıq dəfələrlə burada olmuşdur. Lakin istərdim ki, əvvəllər olanlar bir də gəlsinlər, hələ burada olmayanlar isə ilk dəfə gəlsinlər. Bunun üçün böyük zəmin vardır. Fikrimcə, bu qarşılıqlı səfərlər münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.
Bu gün Bakıda Əlaqələndirmə Şurasının mühüm tədbiri keçirilir. Mənə xoşdur ki, ölkəmizin paytaxtında bu cür tədbirlərin keçirilməsi həm Qafqaz respublikaları arasında əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında artıq birinci dəfə deyildir. Bu yaxınlarda biz mədəniyyətlərarası dialoq üzrə böyük forum keçirdik, bütün dünyadan qonaqlar qəbul etdik. Keçən il sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir də çox uğurlu oldu. Bu il biz Rusiyanın və Azərbaycanın himayəsi ilə birinci beynəlxalq humanitar forum keçirəcəyik. Bu foruma bütün tərəfdaşlarımızı dəvət edəcəyik. Biz bu məsələlərə böyük əhəmiyyət veririk. Onlara iqtisadiyyat və ya sənayenin inkişafı məsələlərindən az əhəmiyyət verilməməlidir, çünki hər şey insanlar üçün, onların rifahı, ölkələrimizin və bütövlükdə regionun təhlükəsizliyi və inkişafı üçün edilir və edilməlidir.
Mən bir daha sizi ürəkdən
salamlayıram. Deyirəm: Xoş gəlmisiniz, siz bizim əziz
qonaqlarımızsınız. Biz sizi görməyə həmişə
şadıq. Sizə və respublikalarınıza firavanlıq
və səadət arzulayıram.
Qafqaz Müsəlmanları
İdarəsinin və Qafqaz Xalqları Ali Dini
Şurasının sədri, Şeyxülislam
Allahşükür PAŞAZADƏ dedi:
- Qafqaz Xalqları Ali Dini
Şurası üzvlərinin Zati-aliləri möhtərəm
Prezident həzrətləri tərəfindən qəbul edilməsi
bizim üçün çox böyük şərəfdir.
İstərdim ki, Qafqaz Xalqları Ali Dini Şurasının rəhbəri
kimi burada iştirak edənlər və xüsusən,
müftilər adından Sizə bu qəbula görə minnətdarlığımı
bildirim.
Cənab Prezident, dini liderlərin
tarixi mərkəz olan Qafqaz Müsəlmanları İdarəsində
bir araya gəlmələri artıq ənənə halı
almışdır. Bölgədə baş verən hadisələrə
münasibətdə, milli-mənəvi dəyərlərin
inkişafına və cəmiyyətdə, xalqlar arasında
dostluğun, qardaşlığın daha da genişlənməsində
üzərimizə düşən bütün məsələlərdə
dövlət rəhbərlərinə mənəvi dəstək
vermək bizim dini borcumuzdur. Biz həmçinin radikalizmin,
terrorizmin qarşısını almaq, dinc yanaşı
yaşamaq və bu istiqamətdə gələcəkdə nə
cür hərəkət etmək məsələləri barədə
mütəmadi olaraq məsləhətləşirik.
Zati-aliləri, Sizin dediyiniz
kimi, Qafqaz bizim ümumi evimizdir. Bir məsləyə malik olan
biz qafqazlılar bu evin təməlinin qurulması, onun mənafeyi
və xoşbəxt gələcəyi üçün səylərimizi
əsirgəməməliyik. Cənab Prezident, Sizin də
buyurduğunuz kimi, din xadimləri də Qafqazda sülhün, əmin-amanlığın
bərqərar olunması işində fəal iştirak etməlidirlər.
Təəssüf ki, özlərini siyasətçi
adlandıran bəziləri xalqları bir-birinə
qarşı qoymaq, insan həyatına təhlükə yaradan
şər işlərə rəvac verən təhdidlər və
təhlükələr törədirlər. Biz din xadimləri
belələrinin əleyhinəyik.
Möhtərəm Prezident,
biz Sizi dəstəkləyirik. Azərbaycanın Qarabağ kimi
çətin məsələsinin həlli istiqamətində
apardığınız siyasətdə biz Sizin
arxanızdayıq. Biz Azərbaycanın haqq işinin müdafiəsi,
torpaqlarımızın azad edilməsi istiqamətində
gördüyünüz işləri bəyənirik. Biz Allaha
dualar oxuyuruq ki, bu məsələ, İnşallah, sülh
yolu ilə tezliklə həll olunsun. Deyə bilərəm ki,
bu gün Azərbaycan bölgədə lider dövlətdir.
Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə
sürətli inkişaf gedir. Ona görə tam əminliklə
deyə bilərəm ki, bu gün Azərbaycan dövləti
Qafqazda proseslərin sağlam məcrada getməsinə öz
təsirini göstərir.
Siz din-dövlət
münasibətlərinin inkişafında, mənəvi irsin
qorunmasında çox böyük işlər
görürsünüz. Ona görə də biz Sizə təşəkkürümüzü
bildiririk.
Mənim bir neçə vəzifəm
var. Bu zirvəyə dostum, qardaşım mərhum Heydər Əliyev
həzrətlərinin vaxtında çıxa bilmişəm.
Mən Qafqaz Müsəlmanları İdarəsinin, Qafqaz
Xalqları Ali Dini Şurasının sədri, MDB dövlətləri
Müsəlman Dini Məşvərət Şurasının rəhbəri
və Dinlərarası Dialoq Məşvərət
Şurasının həmsədriyəm. Bunları sadalamaqda məqsədim
odur ki, bu məsul vəzifələrə
çatmağımda bir ustadım, bir müəllimim
olmuşdur. Bu, unudulmaz Heydər Əliyev həzrətləridir.
Allah-Təala ona rəhmət etsin. Onun hikmətli sözləri,
müdrik kəlamları, uzaqgörən fikirləri bu gün
də yaşayır və bizi irəliyə aparır. Biz,
Qafqaz Xalqları Ali Dini Şurasının müftiləri
tez-tez görüşür və ulu öndərin misilsiz xidmətlərini
yada salırıq. Biz bu gün də onun qiymətli fikirlərindən
istifadə edir və onun ruhuna dualar oxuyuruq. Çünki bu
görüşdə iştirak edən müftilərin
çoxu rəhmətlik ulu öndərimiz Heydər Əliyev
ilə dəfələrlə
görüşmüşdür. Onlar bu gün də onun xatirəsini
ehtiramla anırlar. Əgər onun köməyi, göstərdiyi
yol olmasaydı biz, şəxsən mən özüm bu zirvəyə
çata bilməzdim.
Biz Qafqazda terrorun,
qarşıdurmanın əleyhinəyik. Terrordan bizim müftilər
də ziyan çəkmişlər. Onların bir neçəsi
öldürülüb, şəhid olub. Çünki onlar
haqq yolunda idilər. İndi onlar da, ulu öndərimiz Heydər
Əliyev həzrətləri də aramızda yoxdurlar.
Sizin getdiyiniz yol haqq, ədalət
yoludur. Bu yolda, Qafqazın firavanlığı, gələcəyi,
xüsusən, Azərbaycanın inkişafı naminə
apardığınız bütün işlərdə biz
Sizin yanınızdayıq. Siz dini dəyərlərimizin, məbədlərimizin,
müqəddəs yerlərimizin qorunmasında, bərpa edilməsində
çox böyük işlər görmüsünüz və
görürsünüz. Bu işləriniz saymaqla qurtaran
deyildir.
Burada əyləşənlərin
hamısı Sizə, ailənizə, ulu öndərə
çox böyük rəğbət bəsləyirlər,
Sizə dualar edirlər. Allah-Təala bütün işlərinizə
rəvac versin. Bizim yolumuz haqq yoludur. Yuxarıda Allahın,
aşağıda Heydər Əliyevin göstərdiyi yoldur.
Bizi bu yoldan heç bir şey döndərə bilməyəcəkdir.
Qaraçay-Çərkəz
Müsəlmanları Ruhani İdarəsinin və Şimali
Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin
sədri İsmayıl BERDİYEV dedi:
- Hörmətli İlham Heydər
oğlu! Biz çox şadıq ki, yenidən burada, Azərbaycandayıq.
Adətən, insan o yerə getmək istəyir ki, orada onu
sevirlər və yaxşı qarşılayırlar. Azərbaycanda
biz bunu daim hiss edirik, buna görə Sizə dərin təşəkkürümüzü
bildiririk.
Bu gün biz Qafqaz Xalqları
Ali Dini Şurasının konfransında bu barədə,
Bakının necə qurulması barədə
danışmışıq. Biz buraya gələndə bunu
görürük.
İ.Berdiyev Azərbaycandakı
sürətli inkişafda Prezident İlham Əliyevin rolundan
danışdı, bunu dövlətimizin
başçısının öz xalqına olan məhəbbətinin
təzahürü kimi səciyyələndirərək dedi:
- Mən Ruhani İdarəsinə
daxil olanda orada həm Sizin, həm də atanızın həcc
ziyarətində çəkilmiş fotoşəkillərinizi
gördüm. Mən müftinin adından Sizdən xahiş
etmək istərdim ki, hamımız birlikdə, elə bu tərkibdə
bir daha ziyarətə gedək.
Prezident İlham ƏLİYEV
ölkədə gedən sürətli inkişaf proseslərindən,
nəhəng infrastruktur layihələrinin icrasından,
genişmiqyaslı quruculuq və abadlıq işlərindən
danışdı.
Dövlətimizin
başçısı daha sonra sülhün, sabitliyin və əmin-amanlığın
önəminə toxunaraq terrorizmin regionda bu məsələlərə
böyük təhlükə olduğunu bildirdi:
-Biz hamımız terrorizmə,
ekstremizmə qarşı birlikdə mübarizə
aparmalıyıq. Təkbaşına heç bir ölkə
terrorizmə qalib gələ bilməz. Bu, bizim ümumi
ağrılı yerimiz, ümumi bəlamızdır. Biz də
terrorizmdən əziyyət çəkmişik. 1990-cı illərin
əvvəlində burada 32 terror aktı törədilmişdir.
Bu terror aktlarında iki min adam həlak olmuşdur. Bu
partlayışlar metroda, avtobuslarda, bərələrdə
törədilmişdir. Burada terror aktlarını erməni
terror təşkilatları törədirdilər.
Çeçenistan Müsəlmanları
Ruhani İdarəsinin sədri Sultan MİRZƏYEV Azərbaycana
səfərindən şad olduğunu vurğulayaraq dedi:
- Dünən səhər mən
Çeçenistan Respublikasının
başçısı ilə danışanda o, Sizə
salamlarını, möhkəm cansağlığı və
uğurlar arzuladığını çatdırmağı
xahiş etdi. O dedi: "Onunla mənim aramda oxşarlıq var
- hər ikimiz öz atalarımızın yolunu davam etdiririk".
Biz Sizin rəhmətlik atanızı çox sevir və ona
hörmət edirdik, Siz də onun işini davam etdirirsiniz. O, təməl
qoymuşdur, ölkəni hərc-mərclikdən xilas
etmişdir. Çeçenistan Respublikasında da eyni vəziyyət
təkrarlanmışdır. Həqiqətən, Əhməd
Hacı Rəhimulla Çeçenistanı hərc-mərclik
vəziyyətindən çıxarmışdır, orada
tamam özbaşınalıq idi. O, bünövrə qoydu, bu
gün isə onun oğlu Ramzan Əhmədoviç
atasının işini davam etdirir. Həqiqətən,
çox böyük tərəqqi vardır. Sizin
uğurlarınız, bu gün burada gördüklərimiz
bizi sevindirir. Hacı İsmayılın dediyi kimi, biz hər dəfə
buraya gələndə bunları görürük, çoxlu
yeniliklər olduğunu görürük və bu, bizi
sevindirir.
Qeyd etmək istərdim ki,
Rusiyanın cənubunda, Həştərxanda Sizin atanıza
abidə ucaldılanda biz çox sevinmişdik. Biz, həqiqətən,
fəxr edir və sevinirdik.
Çünki Sizin atanız
bizim də öndərimizdir, həm də ona görə ki,
biz Sizin kimi, atanızı da, həqiqətən, sevirdik,
hörmət edirdik və ona indi də ehtiram bəsləyirik.
Bu gün biz onun məzarını ziyarət etdik, ruhuna dualar
oxuduq. Biz, əlbəttə, bizim şeyximizin,
ağsaqqalımızın sayəsində buraya gələndə
hər dəfə bunu edirik. Bir daha sağ olun.
Sonra Şimali Osetiya - Alaniya
Müsəlmanları Ruhani İdarəsinin sədri
Hacımurad QATSALOV çıxış etdi:
- Hacı Sultan kimi, mən də
bizim Prezident Taymuraz Mamsurovun dostluq salamını Sizə
çatdırmaq istəyirəm. Biz Rusiya rəhbərliyinin
Sizə necə münasibət bəslədiyini hiss edirik və
bilirik. Rusiya da başa düşür ki, Azərbaycan iqtisadi
cəhətdən qüdrətli, ruhən güclü
qonşudur.
MDB Dinlərarası Şurası
Qəyyumlar Komitəsinin həmsədri Abbas ABBASOV
görüşdə çıxış edərək dedi:
- Çox sağ olun ki, Siz
vaxt tapıb bizim hörmətli qonaqlarımızı qəbul
etdiniz. Mən də cavab olaraq qonaqlarımıza təşəkkür
etmək istəyirəm ki, onlar işlərinin belə gərgin
rejimində, - mən onların necə, hansı şəraitdə
işlədiklərinin şahidi olmuşam, - bizim möhtərəm
şeyxin dəvəti ilə Azərbaycana gəlməyə
vaxt tapıblar.
Daha sonra Adıgey Müsəlmanları
Ruhani İdarəsinin sədri Nurbiy YEMİJ Azərbaycanda dəfələrlə
olduğunu, Bakıda son illər çox böyük dəyişikliklərin
baş verdiyini bildirərək dedi:
- Hörmətli Prezident,
qonağın gəlib-gəlməməsi ev sahibindən
asılıdır. Əgər ev sahibi xeyirxah, qonaqpərvər
olarsa, qonaqlar hökmən xoş əhval-ruhiyyə ilə
onun yanına gələcəklər. Buna görə də
biz Bakıya, Azərbaycana - həm Sizin, həm Azərbaycan
xalqının, həm də şeyxin yanına öz evimiz
kimi gəlirik. Biz iki-üç gün burada olarkən o qədər
hörmət, Sizin xalqınızla ünsiyyət
görürük, o qədər xeyirxahlıq hiss edirik ki, deməklə
qurtarmaz. Bakı ilbəil deyil, aybaay deyil, saatbasaat inkişaf
edir. Həqiqətən, biz bu yaxınlarda burada olmuşduq, bu
gün isə şəhəri gəzdikcə heyrətlənirik.
Sizin nə qədər qüvvəniz, nə qədər
imkanınız var! Siz bunlara yalnız Allahın köməyi
ilə nail olursunuz.
Sizə, qardaşımız
şeyxə, Azərbaycanın bütün sakinlərinə
arzumuz budur ki, Azərbaycan yaxşı cəhətdən
dünyaya nümunə olsun, Qafqazda ən çox inkişaf
edən gözəl ölkə olsun. Çünki Azərbaycanın
yerləşdiyi məkan Qafqazda ən gözəl məkandır.
Qafqaz isə bizim ümumi evimizdir.
Əziz qardaşlar, mən
sizə əmin-amanlıq, xoş güzəran, firavanlıq
arzulayıram! Sağ olun.
Bölgədə
sülhün, sabitliyin və əmin-amanlığın önəminə
toxunan Prezident İlham ƏLİYEV bəzi ölkələrdə
islam dininə qarşı aparılan təbliğatın və
islam dininin terrorizmlə eyniləşdirilməsi faktlarının
yolverilməz olduğunu vurğulayaraq dedi:
- Biz islamofobiya təzahürlərinə
qarşı mübarizə aparmaq üçün birlikdə
işləməliyik və bu istiqamətdə işləyirik.
Onlara qarşı birgə səylərlə mübarizə
aparmalıyıq. Çünki bizim dinimiz sülh,
qardaşlıq və ədalət dinidir. Lakin təbliğat,
xüsusən, Qərbdə antiislam təbliğatı, təəssüf
ki, öz işini görür. Onlar "islamçı"
terminini artıq terrorçuya bərabər tuturlar. Bu necə
ola bilər?!
Xristian aləmində də,
Asiyada da terror təşkilatları var. Biz ki "xristian
ekstremisti" demirik. Biz ki belə demirik və heç vaxt demərik.
Elə isə bəs biz nə üçün "islam
ekstremisti" sözlərini eşidirik? Təəssüf ki,
bunu müəyyən dairələr bilərəkdən edirlər.
Bu, sadəcə, başa düşməmək deyildir, bunu
şüurlu şəkildə edirlər. Təəssüf
ki, belə bir siyasət var və biz ona qarşı mübarizə
aparmalıyıq.
Prezident İlham Əliyev
Qafqaz Xalqları Ali Dini Şurasının işinə
uğurlar arzuladı.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 18 may.- S. 4, 5.