Çexiya Respublikasının Prezidenti Milli Məclisdə olmuşdur

 

 Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də Milli Məclisə gəlmişdir. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar.

Qonaqlar Azərbaycan parlamentinin inzibati binası, iclas zalı və deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Çexiya Prezidenti Vatslav Klaus Milli Məclisin binasındakı Heydər Əliyev Xatirə zalına baxmış, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Sonra Çexiya dövlətinin başçısı Milli Məclisin Sədri ilə görüşmüşdür.

Oqtay Əsədov vurğulamışdır ki, Azərbaycan ilə Çexiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin başçılarının keçirdikləri görüşlər, qarşılıqlı səfərləri münasibətlərimizin daha da genişlənməsi üçün zəmin yaratmışdır.

Azərbaycan ilə Çexiya arasında iqtisadi-ticari əlaqələrindən danışan O.Əsədov demişdir ki, ötən il ticarət dövriyyəsi 38 milyon ABŞ dolları təşkil etdiyi halda, bu ilin 2 ayında bu rəqəm 48 milyon dollara çatmışdır. Bu isə onu göstərir ki, ticarət dövriyyəsini genişləndirmək və iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün geniş potensial vardır.

Bildirilmişdir ki, Azərbaycan zəngin enerji ölkəsidir, regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanmışdır. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Milli Məclisin Sədri dövlətlər arasındakı münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini, deputatlarımızın beynəlxalq təşkilatlarda bir sıra məsələlərin müzakirəsi zamanı bir mövqedən çıxış etmələrini yüksək qiymətləndirmişdir.

Azərbaycanın dinamik inkişafı, Avropaya inteqrasiyası barədə ətraflı məlumat verən O.Əsədov ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsindən də danışmışdır. Çexiyanın problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olacağına əminliyini bildirmişdir.

Prezident Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində Milli Məclislə tanışlıqdan, burada deputatlar üçün yaradılmış şəraitdən, yeni texnologiyaların tətbiqindən məmnunluğunu bildirmişdir.

O demişdir ki, Çexiya Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlıdır. Səfərin əsas məqsədi Azərbaycan ilə daha yaxından tanış olmaq, bəzi məsələlərə dair fikir mübadiləsi aparmaqdır. İnanırıq ki, bu səfər iki ölkə arasında əlaqələrin daha sürətlə inkişafına öz töhfəsini verəcəkdir.

Ali qonaq ölkəsinin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramına böyük önəm verdiyini, Azərbaycanı Avropaya inteqrasiyada dəstəklədiyini vurğulamışdır.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirmişdir ki, Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirik ki, münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 may.- S. 5.