Deputatlar Avropa Parlamentinin qətnaməsinə kəskin etirazlarını bildirdilər

 

Milli Məclisin iclasında

 

Mayın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov ilk olaraq ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi münasibətilə iclas iştirakçılarını təbrik etdi. Müsabiqədəki birinciliyi bütün Azərbaycan xalqının qələbəsi kimi qiymətləndirən Oqtay Əsədov əlavə etdi ki, bu qalibiyyət dünyada ölkəmizə olan marağı daha da artırıb.

Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl çıxış edən deputatlar "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbə münasibətilə xalqımızı təbrik etməklə bərabər, Avropa Parlamentinin (AP) mayın 12-də Azərbaycana dair qəbul etdiyi qətnaməsinə kəskin etirazlarını bildirdilər. Deputat Azay Quliyev qeyd etdi ki, AP-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə kifayət qədər qeyri-obyektivdir və özündə yanlışlıqları əks etdirir. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının parlament formatı olan "Avronest" Parlament Assambleyasının yaradıldığı bir vaxtda belə bir qətnamənin qəbulu AP-nin özünün obyektivliyini şübhə altına alır.

Deputat Əli Əhmədov bildirdi ki, "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın qazandığı qələbə həm də onu göstərir ki, sadə avropalılar öz siyasətçilərindən daha obyektiv və ədalətlidirlər. "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinin həddən artıq qeyri-obyektiv, qərəzli və ədalətsiz olması barədə sübut və dəlillər gətirməyə elə də ehtiyac yoxdur. Bu qətnamə Azərbaycanın reallıqları ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, bu qətnamənin ruhu, məzmunu Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın xarakterinə və mahiyyətinə uyğun gəlmir. Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda üzərinə düşən öhdəlikləri layiqincə və vicdanla yerinə yetirir. Lakin eyni sözləri qarşı tərəf haqqında demək mümkün deyil. Avropa İttifaqı Azərbaycana hər hansı maliyyə yardımı göstərmir, ölkəmizdə hansısa layihənin maliyyələşməsini həyata keçirmir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın üzləşdiyi ədalətsizliyin, təcavüzün aradan qaldırılması istiqamətində bir neçə deklarativ bəyanatdan savayı hər hansı ciddi addım atmayıb" deyən Əli Əhmədovun sözlərinə görə, belə çıxır ki, bu iki tərəf arasında əməkdaşlıq Azərbaycanın öz imkanları çərçivəsində lazım olan öhdəliklərini vicdanla yerinə yetirməsindən ötrüdür. Əli Əhmədov bu cür qeyri-obyektivliyin xalqımız tərəfindən qəbul edilmədiyini diqqətə çatdırdı.

"Eurovision-2011" mahnı müsabiqəsindəki qələbənin Azərbaycanın böyük uğuru olduğunu deyən deputat Fəzail Ağamalı da AP-nin qətnaməsinin qeyri-obyektiv və qərəzli olduğunu bildirdi. O, bu məsələ ilə bağlı AP-yə etiraz müraciətinin qəbul olunmasını təklif etdi.

Azərbaycanın qələbələrinin bundan sonra da davam edəcəyini deyən deputat Tahir Rzayev əmin olduğunu bildirdi ki, tezliklə xalqımız Dağlıq Qarabağın işğaldan azad olunmasını qeyd edəcək. Deputat AP-nin Azərbaycanla bağlı qətnaməsini pisləyərək bunun ikitərəfli əməkdaşlığın ziyanına olduğunu bildirdi.

Çıxışlara münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, bir sıra ölkələrdə mitinqlərdə insanlar atların ayaqları altına salınır, lakin onlar haqqında bir dənə də olsun belə qətnamə qəbul edilmir. Amma Azərbaycanda olan hər hansı mitinq imitasiyası ilə bağlı bu cür qətnamə qəbul edirlər. Oqtay Əsədovun sözlərinə görə, Azərbaycanı istəməyən qüvvələr ölkəmizin inkişafını və qüdrətləndiyini görürlər. Ona görə də özlərinin bütün imkanlarından istifadə edərək ölkəmizə problemlər yaratmaq istəyirlər. Lakin Azərbaycan heç vaxt bəzi marionet ölkələr kimi olmayacaq. Azərbaycan Prezidenti tamam başqa yol seçib. Prezident İlham Əliyev müstəqil siyasət həyata keçirir və sona qədər də belə olacaq. Bu müstəqil siyasət bir çoxlarının xoşuna gəlmir. Bu siyasətə təsir etmək üçün ölkəmizə qarşı olan ikili standartları görürük. Əsas səbəb budur. Yəni heç kim istəmir ki, Azərbaycan müstəqil siyasət həyata keçirsin. İstəyirlər ki, Azərbaycana öz təsir qüvvələrini göstərsinlər.

Oqtay Əsədov onu da bildirdi ki, Azərbaycan Avronest Parlament Assambleyasına üzv seçilib və əgər ölkəmizlə bağlı hər hansı məsələ vardısa, ilk növbədə Avronest çərçivəsində bu, müzakirə olunmalı idi. "Yoxsa bir-iki yaşıllar, qırmızılar partiyasının təsiri ilə gündəliyə məsələ çıxarıb belə qətnamənin qəbul olunması Azərbaycana qarşı qərəzli niyyətdir. Sədr bununla bağlı AP-yə Milli Məclisin etiraz müraciətinin göndərilməsi təklifini dəstəklədi.

AP-nin qəbul etdiyi qətnaməyə kəskin etirazını bildirən Milli Məclis Sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, tərəflər bir-biri ilə qarşılıqlı münasibətdə olmalıdır. Bir tərəfin öhdəliyi digər tərəfin üzərində hakim ola bilməz və yaxud da əksinə. Hər kəs öz öhdəliyinə məsuliyyətlə yanaşmalıdır. Yeni Azərbaycan Partiyasının vaxtında bu məsələ ilə bağlı AP-yə öz etirazını bildirdiyini xatırladan Bahar Muradova eyni mövqeyi digər siyasi partiyalardan da gözlədiklərini diqqətə çatdırdı.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da qeyd etdi ki, AP-də bu cür qətnamənin qəbul olunması ölkəmizin AP ilə olan münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir: "Bizim həqiqətən AP ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində çox yaxşı münasibətlərimiz var. Amma təəssüf edirəm ki, belə qətnamələr üzə çıxır". Ziyafət Əsgərov onu da bildirdi ki, Avronest PA-nın təsis aktının müddəalarına əsasən, hər bir məsələ, - energetika, demokratiya, insan hüquqları, iqtisadi əlaqələr və digər məsələlər birgə müzakirə olunmalıdır. Hətta AP-nin sədri Y.Buzek də bildirib ki, Azərbaycanın iştirakı olmadan heç bir məsələnin müzakirəsi mümkün deyil. Amma nəticədə Azərbaycanın iştirakı olmadan belə bir qətnaməni müzakirə edərək qəbul ediblər. "Yenə ikili standart, yenə Azərbaycana arxadan zərbə. Hesab edirəm ki, AP-nin bu cür qətnamə qəbul etməsi çox təəssüf doğuran haldır. Biz bununla bağlı etiraz müraciətini qəbul etməli, fikirlərimizi kəskin bildirməliyik" deyən Ziyafət Əsgərov onu da bildirdi ki, bu gün Qərb deyəndə bir jandarm başa düşülür: "Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər. Onların devizi budur: "Güc bizdədir, resurs bizdədir və biz necə istəyirik, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də". Amma ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Belə olanda sual yaranır: yaxşı, onda bizi ora niyə dəvət eləmisiniz? Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycana, amma Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir, gəlin Azərbaycanla həll edin". Ziyafət Əsgərovun sözlərinə görə, əgər problem varsa, biz AP-nin üzvüyüksə, bunu bir yerdə həll etməliyik: ikili standart nəyə lazımdır? Mən açıq deyirəm, "Nabucco"nun həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. O prosesin həyata keçirilməsi ilə bağlı bu gün heç bir həqiqətə uyğun olmayan qətnamələr qəbul edilir. Bundan istifadə edib Azərbaycandan əlavə güzəştlər qoparmaq və əgər qopara bilmirlərsə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər göstərməyə başlayırlar. Bu isə heç bir qaydaya sığmır. Amma buna baxmayaraq, bizim öz standartlarımız var və belə də davam edəcəyik".

İclasda Oqtay Əsədovun təklifi ilə Milli Məclisin Sədr müavini Valeh Ələsgərov başda olmaqla Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Azay Quliyev, Fərəc Quliyev, Asim Mollazadə və Aytən Mustafayevadan ibarət etiraz müraciətinin hazırlanması ilə bağlı komissiya yaradıldı. AP-nin sədri Y.Buzekin Azərbaycana səfər edəcəyini deyən Oqtay Əsədov müraciətin həm ona veriləcəyini, həm də rəsmi şəkildə AP-nə göndəriləcəyini bildirdi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə məsələlər təsdiq olundu. Qısa müzakirələrdən sonra deputatlar Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "İcra məmurları haqqında", "Banklar haqqında", "İpoteka haqqında", "İnzibati icraat haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarına təklif olunan dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda Azərbaycan Respublikasının Mülki-Prosessual, Ailə, Mülki, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati-Prosessual məcəllələrinə təklif olunan dəyişikliklər də təsdiq olundu.

Müzakirələr zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirdi ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb. Müxtəlif bölgələrdə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələr salınıb. Lakin dövlət başçısının apardığı bu siyasətin fonunda məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları yerlərdən çıxarılması üçün məhkəmələrdə işlərə baxılır. Bəxtiyar Əliyevin sözlərinə görə, dövlət mülkiyyəti özəlləşməyə çıxarıla bilər və hər bir vətəndaş onu özəlləşdirmək hüququna malikdir. Burada heç bir problem yoxdur. Amma dövlət mülkiyyətində olan obyekt özəlləşməyə çıxarılırsa, orada məskunlaşan məcburi köçkünlər bayıra atılmamalıdırlar. Azərbaycan dövləti adından qərar çıxaran məhkəmə öncə məcburi köçkünlərin müvafiq yaşayış yeri ilə təmin olunması barədə binanı özəlləşdirən icra orqanı və ya sahibkar qarşısında öhdəlik qoymalıdır. Mövcud qanunlara, Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən, məcburi köçkünlər müvafiq yaşayış yeri ilə təmin olunmalıdırlar.

Bu məsələdə problemlər yaşandığını deyən Bəxtiyar Əliyevin bildirdiyinə görə, binalar məcburi köçkünlərin yerləşdirilməsi öhdəliyi qoyulmadan satılır. Beləliklə, ölkə başçısının həyata keçirdiyi siyasətə kölgə salmaq cəhdləri olunur. Məcburi köçkünlər onların məskunlaşdıqları yerlərdən çıxarılmaları ilə bağlı ərizə və şikayətlərlə müraciət edirlər. Bu məsələnin narahatlıq doğurduğunu deyən Bəxtiyar Əliyev əlaqədar təşkilatların buna diqqət yetirmələrinin vacibliyini bildirdi.

İclasda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olundu. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verdi. Bildirdi ki, layihəyə əsasən qanuna 32-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Bu maddədə göstərilir ki, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

Maddənin digər bəndində qeyd olunur ki, 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Əmək Məcəlləsində dəyişiklikləri nəzərdə tutulan layihə barədə isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Burada məcəlləyə 10-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Bu maddədə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin maddənin digər bəndində yazılır ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin beş ildən çox uzadılmasına yol verilmir.

Müzakirələr zamanı deputatlardan Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı bu məsələ ilə bağlı fikirlərini bildirdilər.

 

* * *

 

Qısa fasilədən sonra deputat Azay Quliyev Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamentinə etiraz müraciətini oxudu.

Deputatlar Milli Məclisin Avropa Parlamentinə etiraz müraciətinə müsbət münasibət bildirdilər.

Sonra deputatlar "Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanun layihələrinin müzakirəsini davam etdirdilər. Deputat Fuad Muradov bildirdi ki, dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Bu, gənclərin dövlət qulluğuna irəli çəkilməsində çox mühüm addım olacaq. Deputat Kamilə Əliyeva təklif etdi ki, vaxtın uzadılmasını nəzərə almaq üçün qanunun müvafiq maddəsinə elmi dərəcə və elmi adlarla yanaşı fəxri adlar da əlavə edilsin.

"65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasının birdəfəlik beş il müddətində müəyyən edilməsi daha məqsədəuyğun olardı" deyən deputat Mübariz Qurbanlı əlavə etdi ki, bu hal yalnız dövlət qulluqçularının attestasiyasının keçirilməsi şərti ilə mümkün ola bilər.

Deputat Əhliman Əmiraslanov bu qanun layihəsinin qəbul edilməsini büdcədən maliyyələşən elm, təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin cavanlaşdırılmasına doğru atılan addım kimi dəyərləndirdi. Təklif etdi ki dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi ilə bağlı müddəa 3 və yaxud da 5 ildən sonra tətbiq edilsə, daha yaxşı olardı. Deputat Aqiyə Naxçıvanlı elm və təhsil sahəsində çalışan müəllimlərin pensiyalarının artırılması məsələsinə diqqət yönəltdi. Deputat dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif etdi.

"Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi gənc nəslin potensialından səmərəli istifadə edilməsi üçün böyük imkanlar yaradır" deyən deputat Əli Əhmədov dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin uzadılması ilə bağlı müəyyən edilmiş kvotaya bir daha baxılmasını vacib saydı.

Deputatlardan Şəmsəddin Hacıyev, Gülçöhrə Məmmədova, Abel Məhərrəmov dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 70-ə qədər uzadılmasını təklif etdilər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, elm, təhsil sahəsində çalışan professor-müəllim heyətinin 65 yaş həddinin müəyyənləşdirilməsi düzgün addımdır. Gənclərin idarəetməyə cəlb olunması baxımından bu, mütərəqqi addımdır. Deputat bu sahədə aparılan islahatların əhəmiyyətini xüsusi vurğuladı. Deputatlar müzakirələrin sonunda "Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanun layihələrini ayrı-ayrılıqda səsə qoyub qəbul etdilər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Komitə sədrinin sözlərinə görə, 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat, sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 830 minə yaxın pensiyaçının pensiyası artırılacaqdır. Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.

"Sosial xidmət haqqında" Azərbaycan Respublikasının qanun layihəsi barədə də komitə sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.

Deputatlar "Sosial xidmət haqqında" qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirdilər.

 

 

Azərbaycan.- 2011.-18 may.- S. 6.