Azərbaycan Respublikası Milli Məclisinin Avropa
Parlamentinə müraciəti
(Avropa Parlamentinin 2011-ci il mayın 12-də qəbul etdiyi
Azərbaycana dair qətnamə ilə əlaqədar)
Hörmətli həmkarlar!
Ötən əsrin
sonlarında dövlət müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycan Respublikası könüllü olaraq,
müstəqil şəkildə Avropaya inteqrasiya yolunu
tutmuşdur. Demokratiyaya, insan hüquqlarına riayət edilməsinə
və qanunun aliliyinə əsaslanan cəmiyyət
quruculuğu Azərbaycan xalqının şüurlu
seçimidir və Azərbaycan öz gələcəyini birmənalı
şəkildə Avropada görür. 2001-ci ildən ölkəmiz
Avropa Şurasının üzvüdür, digər Avropa
qurumları ilə səmərəli əməkdaşlıq
edir.
Azərbaycanla Avropa
İttifaqı arasında 1996-cı ildə imzalanmış və
1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi ölkəmizin bu
nüfuzlu qurumla münasibətlərinin hüquqi
bazasını təşkil etmişdir. 2004-cü ildə Azərbaycan
"Avropa qonşuluq siyasəti"nə daxil edildikdən
sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq
daha dinamik xarakter almışdır.
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsi
üçün səylərini artırır, bu məqsədlə
mövcud layihələrdə fəal iştirak edir, gələcəkdə
yarana biləcək layihələrdə isə
iştirakını təmin etməyə
çalışır. Qeyd etmək yerinə düşər
ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan
arasında energetika sahəsində strateji tərəfdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
2009-cu ilin may ayından Azərbaycan
Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində də əməkdaşlıq
etməyə başlamışdır. Biz Avropa İttifaqı
ilə əməkdaşlığın parlament
ölçüsünə də xüsusi əhəmiyyət
veririk. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı
Komitəsi çərçivəsində uğurlu iş
birliyi qurulmuşdur. Hazırda Azərbaycan Milli Məclisi Litva
parlamenti ilə birlikdə Tvinninq layihəsini həyata
keçirməkdədir.
Azərbaycan Respublikası
Avronest Parlament Assambleyasının təsisçilərindən
biridir. "Şərq tərəfdaşlığı"
proqramının iştirakçısı olan ölkələrin
parlament Məclisinin fəaliyyətə başlaması Avropa
İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlığımızda
yeni mərhələ açmışdır. Biz ümid
edirik ki, Avronest Parlament Assambleyası böyük Avropa ailəsinin
üzvləri arasında daha sıx birliyin yaranmasına,
demokratiyanın inkişafına dəyərli töhfələr
verəcəkdir.
Bu gün Azərbaycan cəmiyyət
və dövlət həyatının müxtəlif sahələrində
qazandığı uğurları ilə dünyanın diqqətini
özünə cəlb edən bir ölkədir.
İqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifah
halının yaxşılaşdırılması, hüquqi
dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi
sahəsində ciddi nailiyyətlər əldə
edilmişdir.
Sovet-kommunist irsinin
qalıqlarından birdəfəlik xilas olmaq üçün
bütün tədbirlər görülür.
İnsanların öz iradəsini, fikir və mövqeyini sərbəst
ifadə etməsi, siyasi plüralizmin bərqərar olması
üçün hər cür şərait
yaradılmışdır.
Azərbaycan Respublikası
insan hüquqlarının qorunması ilə bağlı
bütün beynəlxalq sazişlərə qoşulmuşdur.
Konstitusiyanın üçdəbir hissəsi insan
hüquqlarına həsr olunmuşdur. Ölkəmizin Avropa
standartlarına uyğun gələn qanunvericilik bazası
formalaşdırılır.
İnsan
hüquqlarının müdafiəsi və demokratikləşmə
sahəsində görülən tədbirlər Azərbaycanın
milli maraqlarına əsaslanır. Eyni zamanda, bu tədbirlər
ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə
yetirilməsinə yönəlmişdir.
Tamamilə məntiqlidir ki,
Avropa İttifaqının nümayəndələri Azərbaycanda
keçirilən parlament, prezident və bələdiyyə
seçkilərində iştirak edir, öz məsləhətləri
və tövsiyələri ilə bu istiqamətdə
görülən işlərin təkmilləşməsinə
kömək göstərirlər.
Avropa İttifaqı və
Avropa Parlamenti Azərbaycanın ağrılı problemi olan
Ermənistanın təcavüzü məsələsinə də
xüsusi diqqət yetirirlər. Məmnun olduğumuzu bildiririk
ki, Avropa Parlamentindəki həmkarlarımız regionda vəziyyəti
aydın şəkildə qiymətləndirərək, 2010-cu
il mayın 20-də qəbul etdikləri "Cənubi Qafqaz
üzrə Avropa İttifaqı strategiyasına ehtiyac"
adlı qətnamədə Ermənistan qoşunlarının
işğal olunmuş bütün Azərbaycan
torpaqlarından geri çəkilməsini tələb
etmişlər.
Qaçqın və məcburi köçkünlərin ağır vəziyyətinə və acılarına şərik çıxan Avropa Parlamenti bu il aprelin 7-də qəbul etdiyi "Avropa qonşuluq siyasəti - Şərq ölçüsünün icmalı" adlı qətnamədə bu əhalinin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin bu qətnamənin qəbulu zamanı deputatların tam əksəriyyəti tanınmamış ərazilərdəki separatçı rejimlərlə təmaslar qurulmasını rədd etmişdir.
Bütün bunlar Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu, ikitərəfli əlaqələrin böyük perspektivlərə malik olduğunu nümayiş etdirir. Belə bir şəraitdə Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin təxirəsalınmaz bir məsələ kimi bu ayın 12-də Avropa Parlamentinin müzakirəsinə çıxarılması və bu barədə qətnamə qəbul edilməsi ölkəmiz üçün gözlənilməz olmuş, təəccüb, təəssüf və narahatlıq hissləri doğurmuşdur.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinə müraciət edərək aşağıdakıları nəzərə çatdırmağı zəruri hesab edir.
Biz yaxşı anlayırıq ki, demokratiya təkcə institusional kateqoriya olmayıb ilk növbədə və əsas etibarilə həyat və düşüncə tərzidir. Şübhə etmirik ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, görüləsi işlər də hələ çoxdur. Qarşıya çıxan yeni problemlərin öhdəsindən gəlmək üçün yeni demokratik formaların işlənib hazırlanması tələb olunur. Amma ayrı-ayrı xırda faktları ictimai kontekstdən çıxarıb ümumiləşdirərək, qanunauyğunluq, sistematik baş verən hadisələr kimi, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi, fikrimizcə, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa yönəlmişdir.
Digər tərəfdən, regionumuzda, eləcə də başqa yerlərdə insan hüquqlarının Avropa Parlamentinin qətnaməsində təqdim edildiyindən də kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər də vardır. Məhz Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi, hesab edirik ki, xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.
Azərbaycanda heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində də qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş üsullar tətbiq edilir.
Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir. Bizim demokratik inkişaf yolunu seçməyimiz heç də konyunktur mülahizələrdən irəli gəlmir, xalqımızın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Bu yolda nə qədər böyük çətinliklərin olduğu bizə gündəlik həyat və fəaliyyətimizdən yaxşı məlumdur. Amma bu çətinliklər bizi qorxutmur. Biz bilirik ki, Avropa demokratiyaları da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar.
Məhz buna görə də biz Avropa Parlamentinin qətnaməsini demokratik dövlət kimi Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Hesab edirik ki, hər bir demokratik dövlətin praktikasında ola biləcək kiçik məsələləri bu cür nüfuzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanda həyata keçirilən işlərə kölgə salmaq istəyirlər.
Yuxarıda şərh edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qətnaməsini qeyri-obyektiv və qərəzli hesab edir, Avropa Parlamentinə bu Müraciəti edərək, gələcəkdə ikitərəfli münasibətlərin daha konstruktiv çərçivədə qurulmasını arzulayır.
(Müraciət Azərbaycan
Respublikası Milli Məclisinin2011-ci il 17 may tarixli iclasında
qəbul edilmişdir)
Azərbaycan.- 2011.-18 may.- S. 6.