Azərbaycan Milli Elmlər
Akademiyasında "Elm haqqında Elm" kitabının təqdimatı
olmuşdur
Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun "Elm haqqında Elm" kitabının geniş təqdimatı olmuşdur. Kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, rəyçilər akademiklər Mahmud Kərimov və Arif Mehdiyevdir.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində AMEA-nın prezidenti, akademik Mahmud Kərimov ümummilli lider Heydər Əliyevin elmin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Akademik M.Kərimov dövlətimizin başçısı İlham Əliyevin elm sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır.
Təqdim olunan "Elm haqqında Elm" kitabı barədə danışan AMEA-nın prezidenti nəşrin elmi redaktoru və "Ön söz"ün müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu fikirlərini xatırlatmışdır: "Müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi getdikcə artır. Elm həm məntiqi-epistemoloji struktur kimi, həm də mürəkkəb sosial sistem kimi tədqiqatçıların diqqətini cəlb edir. İndi ictimai həyatın elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmədən uğur qazanmaq mümkün olsun. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, indi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda elmin tətbiqi istiqamətlərinin inkişafı üçün böyük sosial tələbat yaranmış, yeni texnologiyalar və müasir texniki avadanlıqlardan istifadə üzrə milli kadrların yetişdirilməsi sahəsində nəzərəçarpan uğurlar əldə edilmişdir. Elmin və onun infrastrukturunun optimal təşkili və prioritet elm sahələrinin müəyyənləşdirilməsi üçün isə ilk növbədə elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi inkişaf etdirilməsi tələb olunur. Elmin bütöv və dolğun mənzərəsinin yaradılmasına ehtiyac yaranır.
Bu baxımdan professor S.Xəlilovun "Elm haqqında Elm" kitabı xüsusi aktuallığa malikdir".
Akademik M.Kərimov bildirmişdir ki, təqdim edilən kitab müəllifin elmşünaslığa dair yazdığı dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan əvvəl onun "Azərbaycanda elm və onun təşkilati formaları", "Elm adamları elm haqqında" və "Elmşünaslığa giriş" kitabları çap olunmuşdur. Qeyd edilən ilk kitabda müəllif Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, ikinci nəşrdə türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, üçüncü kitabda bütün dünya miqyasında elmin və ona münasibətin formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir sahə kimi səciyyəsini vermişdir. Nəşrdə, həmçinin müasir dünya elmşünaslığına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl məlumat verilmişdir. "Elm haqqında Elm" kitabı isə professor S.Xəlilovun elmşünaslıq sahəsində apardığı mühüm tədqiqatları əhatə edən çox dəyərli ensiklopedik bir əsərdir.
Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən müəllif bu məsələləri əsərdə ümumi ilə xüsusinin vəhdətindən çıxış edir, dünyada gedən elmi axtarışlara qatılmaqla yanaşı, Azərbaycan elmi mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkəmizdə aparılan tədqiqatlara öz münasibətini bildirir.
AMEA-nın prezidenti qeyd etmişdir ki, nəşrdə yalnız Qərb fəlsəfəsinə istinad olunmur və bizim üçün daha doğma olan fəlsəfi düşüncə ənənələri nəzərə alınır. Müəllifin fikrincə, elmi tədqiqat sahəsində də yeni nəticələr əldə edilməsi məlum problemlərə bir qədər fərqli nəzər sala bilməkdən asılıdır. Müəllif elmlə bağlı problemləri həm fərdi yaradıcılıq miqyasında, həm tədqiqat qrupları, alimlərin ixtisaslar üzrə ictimai bilikləri, həm də tədqiqat institutları və mərkəzləri miqyasında araşdırır. Bu məsələdə akademiya və universitetlərin funksiyalarından və əməkdaşlıq yollarından da bəhs edir.
Kitabda biliklərin tarixən keçdiyi təkamül yolu, digər bilik formaları içərisində elmi biliyin xüsusi növ kimi ayrılması, təşəkkülü və nəhayət, elm sisteminin formalaşması prosesi həm epistemoloji, həm də sosial-tarixi aspektlərdə araşdırılmış, müasir elmə bilik sistemi kimi baxan təlimlərin məhdudluğu açılıb göstərilmişdir. Elmin inkişaf qanunauyğunluğunu əks etdirən cəmiyyət xarakteristikaları təhlil edilmiş və Qərb və rus elmşünaslığında yayılmış olan naukometrik metodlara münasibət bildirilmişdir.
Nəşrdə, həmçinin elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauyğunluğu haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və sosiologiyasına dair tədqiqatlara ümumi nəzər salınır, habelə "elm haqqında elm", "elmşünaslıq" adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə alınmaqla, elmə yeni baxış bucağından qiymət verilir. Əsərdə elmin daxili məzmunu, epistemologiyası ilə yanaşı, onun sosial aspektləri, iqtisadi səmərəsi və təşkilati strukturu ilə bağlı məsələlər də kompleks halda tədqiq olunur.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professor Hamlet İsaxanlı və digər alimlər də kitabın əhəmiyyətindən danışmış, onun elmə dəyərli töhfə olduğunu vurğulamışlar.
Kitabın
müəllifi, AMEA-nın müxbir üzvü Səlahəddin
Xəlilov tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirmişdir.
Azərbaycan.- 2011.-18 may.- S. 7.