Azərbaycan xalçaları Çexiyanın birinci xanımını heyran qoymuşdur

 

Mayın 17-də Çexiya Respublikasının Prezidentinin xanımı Liviya Klausova "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehirli ilmələr" qalereyasında olmuşdur.

Hörmətli qonağa gül dəstəsi təqdim edilmişdir.

Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. Burada toxunan xalçalar beynəlxalq aləmdə də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür.

Xanım L.Klausova qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxmışdır. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

Qonaq xatirə kitabına ürək sözlərini yazdı.

Çexiyanın birinci xanımına xalçaçılıq sənətindən bəhs edən kitab və xatirə hədiyyələri təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 may.- S. 7.