Bakı Olimpiya Kompleksində yeni layihə təqdim edilmişdir

 

Bakı Olimpiya Kompleksində "İdman qadınlar üçün! Qadınların həyatında! Qadınlarla birgə!" layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, Səhiyyə və digər əlaqədar nazirliklərin, Milli Məclisin, idman federasiyalarının və beynəlxalq təşkilatların nümayəndələri, özəl şirkətlərin rəhbərləri, Olimpiya və dünya çempionları iştirak etmişlər.

Layihə Beynəlxalq və Avropa olimpiya komitələrinin, Bakcell və Coca-Cola şirkətlərinin maliyyə və texniki dəstəyi ilə həyata keçirilir. Sosial inkişafın təhqiqi və layihələşdirilməsi sahəsində ixtisaslaşan "Sosial Xidmətlər Təşəbbüsü" İctimai Birliyi layihənin icrasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) əsas icraçı tərəfdaşıdır.

MOK-nın vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, dövlət başçısı, MOK prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın hərtərəfli inkişafı sahəsində ardıcıl və məqsədyönlü işlər görülür. Son illər Milli Olimpiya Komitəsi genişmiqyaslı və ünvanlı layihələr həyata keçirir. Məhz bu səbəbdən komitə idman və qeyri-idman qurumları ilə sıx işləyir, idman və bədən tərbiyəsinin qızlar və qadınlar arasında kütləviləşməsinə xidmət edən yeni layihə hazırlamışdır.

Milli Məclisin deputatları Hadi Rəcəbli və Qənirə Paşayeva Milli Olimpiya Komitəsinin müvafiq layihələrini yüksək qiymətləndirmiş, idmanla məşğul olmağın gündəlik həyatdakı faydasından danışmışlar. İdmanla erkən yaşlardan məşğul olmağın vacibliyi vurğulanmışdır.

Ümumilikdə, layihə idman və bədən tərbiyəsinin sosial, iqtisadi, mədəni və s. inkişaf komponentlərini özündə birləşdirən araşdırıcı və təşviqedici fəaliyyətlərdən ibarətdir. Nəticə etibarilə bunlar qızlar və qadınlar arasında daha aktiv və sağlam həyat tərzi sürməyə xidmət edən şəraitin yaradılmasına yönəlmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 may.- S. 8.